AZ

Keçmişlə gələcəyin qovuşduğu şəhər – GƏNCƏDƏN REPORTAJ

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə öz qədim ruhunu qorusa da, kədərli günlərini də unutmur. Gəncə yalnız tarix və mədəniyyət məkanı deyil, eyni zamanda müasir beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırlaşan şəhərdir.

GENCE

Sentyabr ayında start götürəcək III Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunları ərəfəsində Gəncədə ciddi yenidənqurma və abadlıq işləri aparılır. Bu tədbirə ölkənin bir neçə şəhəri - Bakı, Sumqayıt, Gəncə və digər bölgələr ev sahibliyi edəcək. Lakin Gəncə yarışların əsas hissəsinin keçiriləcəyi şəhərlərdən biri kimi ön plandadır.

GANCA.jpeg

Şəhərin əsas prospektləri Cavadxan, Nizami, Şah İsmayıl Xətai küçələrində yeni asfalt örtüyü salınır, piyada yolları genişləndirilir, fasadlar yenilənir, park və meydanlar abadlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyəti bu istiqamətdə gücləndirilmiş rejimdə çalışır. Sakinlər bu dəyişikliklərə sevinclə yanaşır.

GANJA.jpeg

Şəhər sakini Məmmədəli Abbasov deyir ki, son aylarda Gəncədə ciddi abadlıq işləri aparılır:

“Bu, biz sakinlərdə xoş təəssürat yaradır. Çünki həm şəhər gözəlləşir, həm də MDB Oyunları nəticəsində şəhərimizin adı beynəlxalq aləmdə tanınacaq".

Tələbələr də bu prosesi diqqətlə izləyirlər.

Gəncə Dövlət Universitetinin tələbəsi Aysun Bayramova deyir ki, şəhərin müasirləşməsinə sevinir:

“Bəzən təmir işləri gediş-gəlişə çətinlik yaradır. Amma bu, müvəqqətidir. Nəticədə Gəncə daha gözəl və müasir olacaq”.

Gəncə təkcə asfalt yollarla yox, həm də park və istirahət məkanları ilə də yenilənir. Parklarda yeni oturacaqlar, işıqlandırma sistemləri quraşdırılıb. Sakinlər axşamlar bu parklarda övladları ilə gəzərək yenilikdən zövq aldıqlarını bildirirlər.

GANJA

Lakin Gəncənin bir başqa, daha kədərli üzü də var. Şəhər 2020-ci ilin payızında Ermənistan tərəfindən atılan raket zərbələrinin izlərini hələ də silməyib. Gəzintimiz zamanı həmin əraziyə baş çəkdik. Bombalanmış binaların izləri, çökmüş divarlar, dağıdılmış pəncərələr şəhərin bu acı xatirələrini qoruyur. Bəzi yerlərdə ailələrdən geriyə qalan əşyalar, oyuncaq və paltarlar da gözə dəyirdi. O günlərin ağrısı sakinlərin xatirəsində hələ də canlıdır.

TERROR

Gəncədə Şuşa körpüsü də var.

Şəhər sakini Cahangir Əmxanlı Gəncənin gözəlliyi ilə yanaşı, həm də azadlıq və mübarizə ruhuyla yaşadığını deyir. Gəncədə keçiriləcək MDB oyunlarının bu qədim yurda yeni nəfəs gətirəcəyini bildirir.

Gəncə mədəniyyətinin əsas dayaqlarından biri də teatr və musiqidir. Gəncə Dövlət Milli Dram Teatrı, Kukla Teatrı, Dövlət Filarmoniyası burada yaşayanlara və qonaqlara sənətin sehrini yaşadır.

Şəhərin mərkəzində yerləşən Gəncə Dövlət Milli Dram Teatrı insanları cəlb edir. Eləcə də ildə 250 tamaşa oynanılan Gəncə Kukla Teatrı uşaqlar üçün nağıl dünyası yaratmağa davam edir.

Filarmoniyanın tavanındakı Nizami Gəncəvinin portreti isə şəhərin tarixi ilə bu günü arasında körpü yaradır. Bütün bu dəyişikliklər və ziddiyyətlər Gəncəni həm keçmişi, həm də gələcəyi daşıyan unikal şəhərə çevirib. Bu şəhər öz tarixindən vaz keçmədən yenilənməyə çalışır.

GEN

Gəncədə olmaq bizə tarixə səyahət, həm də ümid dolu bir sabah bəxş etdi.

İnarə HÜNBƏT,
Mənzər NOVRUZLU
Fotolar müəlliflərindir
Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr