TƏBİB poliklinikalarda serebral iflic, epilepsiya və digər yanaşı xəstəliklərdən əziyyət çəkənlərə dərmanların verilməməsinə münasibət bildirib. SİA-nın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, tibb müəssisələrinin dərman təminatı müvafiq qanunvericiliklə və satınalma qaydalarına əsasən həyata keçirilir.
"Qeyd edilən dərman preparatlarının təmin edilməsi istiqamətində sənədləşmə işləri qısa müddət ərzində yekunlaşdıqdan sonra tibb müəssisələrinə göndəriləcək",- məlumatda qeyd olunub.
Qeyd edək ki, sosial mediada yayılan iddialara əsasən, poliklinikadan bildirilib ki, artıq TƏBİB-in qərarına əsasən, iflic və epilepsiya ilə bağlı dərmanlar xəstələrə verilməyəcək. Uzun illərdir ki, bu dərmanlar xəstələrə dövlət tərəfindən, poliklinikaların verdiyi resept əsasında təmin edilirdi. Şəhər apteklərindən əldə edilən eyniadlı dərmanlar xəstəyə eyni təsiri göstərmir və ciddi fəsadlara səbəb olur. Buna görə, yalnız poliklinikanın yönləndirdiyi aptekdən verilən dərmanların istifadəsi xəstənin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır.