AZ

Dondurmaları ətlərlə eyni yerdə saxlamaq olar? Yayın əvəzolunmazı barədə BİLMƏDİKLƏRİMİZ

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sözsüz ki, yay aylarının əvəzolunmazı dondurmalardır. Bu yüngül qidalar təkcə bədəni sərinləşdirməklə kifayətlənmir, həm də bir müddət insanı tox tutmağa kömək edir. Amma saf görünən dondurmalar belə, bəzi hallarda insanı ölümlə üz-üzə qoya bilir. 

Sərinləmək istəyərkən, sağlığımızdan olmamaq üçün dondurma alarkən və saxlayarkən nələrə diqqət etməliyik?

Qida üzrə ekspert Ağa Salamov Lent.az-a dondurma seçərkən və saxlayarkən diqqət etməli olduğumnuz məqamlar barədə açıqlama verib. 

“Soyuq qida zəncirində qırılmanın baş verməsi, sonda istehlakçının zəhərlənməsi ilə nəticələnə bilər. 

Dondurma istehsalında istifadə olunan avadanlıqların düzgün dezinfeksiya olunması, hər iş sonrası qida qalıqlarından təmizlənməsi, yuyulması və qurulanması prosesləri axsamadan yerinə yetirilməlidir. 

Xammalın mikrobioloji çirklənməyə məruz qalmaması, istehsalata daxil olarkən düzgün şərtlər altında qəbul olunması, emal prosesindən keçməsi, eyni zamanda satış nöqtələrinə (-18 dərəcə) soyuducularla təchiz olunmuş avtomobillərlə daşınması vacibdir. Daşınma zamanı da mütləq dondurmalar tam donmuş vəziyyətdə avtomobillərə yerləşdirilməlidir. 

Satış nöqtələrində (mağazalarda, marketlərdə) satılan dondurmalar müəssisəyə qəbul olunanda dərhal dərin donduruculara yerləşdirilməlidir. 

Dondurmalarla toyuqları eyni dondurucuda saxlamaq olmaz

Bəzən dondurmalarla yanaşı soyuduculara toyuqlar, kartof frilər, düşbərə və yaxud digər qidalar qoyulur. Bu mal qonşuluğunun pozulmasıdır. Bu kimi hallarda qida zəncirində qırılmaya səbəb olduğundan zəhərlənmə halları qaçınılmaz ola bilər. Buna görə də dondurma soyuducusu ayrı olmalıdır və o, ağartı məhsullarını saxlamaq üçün nəzərdə tutulmalıdır. 

Bəzən müştərilər dondurucunun qapağını açıb, istədiklərini götürüb, yaxşı bağlamadan gedirlər. Bu zaman dondurmalar əriyir. Ona görə də, istehlakçılar özləri də diqqətli olmalıdırlar. Həmçinin marketlərdə inzibatçılar da donduruculara nəzarət etməli,  onları saz vəziyyətdə saxlamalıdırlar. Təkcə supermarketlər yox, eyni zamanda ictimai iaşə müəssisələri də generatorlardan istifadə etməlidirlər. 

Bu hallarda dondurmadan zəhərlənmək olur

İstehlakçılar dondurma alarkən qablaşdırmanın deformasiyaya məruz qalmamasına, yəni cırılmamasına, əzilməməsinə diqqət etməlidi, dondurmaya toxunduqda onun əzilmədiyinə əmin olmalıdırlar. Yeyilən zaman ağızda buz kristalları hiss olunursa, bu əriyib, yenidən donmuş dondurmanın olduğunun sübutudur. Təbii ki, əriyib, yenidən donmuş dondurmalar da çöplərini yaratmaqda və qida zəhərlənməsinə şərait yaratmaqda nömrə 1 hesab olunur. 

Çoxları fikirləşir ki, əgər ambulansa xərəklə qoyulmayıbsa, deməli o, zəhərlənməyib. Amma elə deyil. Mikro zəhərlənmələrdə ishal, başağrısı, sancı, şişkinlik kimi hallar baş verir”,-deyə ekspert fikrini yekunlaşdırıb.

Bu qədər fəsadlara səbəb ola bilən qida barədə şikayətlər olurmu?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a bildirib ki, dondurma mövsümü başlayandan AİB-ə dondurma seçimləri ilə bağlı zənglər gəlir: 

“Azərbaycanda 10-a qədər dondurma istehsalçısı var. 2013-cü ildə ABŞ-ın İnkişaf Agentliyi Azad İstehlakçılar Birliyinə Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını təsis etməyimizi və bəzi müəssisələrdə monitorinqlər aparmağımızı tövsiyyə etdi.

Beynəlxalq ekspertlərin köməkliyi ilə yalnız bir dondurma istehsalçısında (İceland) monitorinq apardıq və nişan verdik.

Bilinməlidir ki, dondurma süd məhsuludur və onun hazırlanmasında əsasən kərə yağından istifadə olunmalıdır. Lakin bəzən şikayətlərdə bildirilir ki, dondurmanı yedim, ağzımda acı dad qaldı. Bu o deməkdir ki, onun istehsalında istifadə müddəti keçmiş marqarinlərdən istifadə olunub. Əgər istehlakçı dondurma seçəndə, onun qablaşdırmasınının əzildiyini görürsə, almaqdan imtina etməlidir. Çünki əzilmiş dondurmanı alıb, yenidən soyuducuya qoymaq olmaz.

Yararlılıq müddəti uzun olan dondurmalardan qaçmaq lazımdır

Azərbaycana bir çox ölkələrdən dondurma idxal olunur. Hansı dondurmanın buraxılma tarixi ilə yararlılıq müddəti arasındakı müddət kiçikdirsə, insanlar ona üstünlük verməlidirlər.

Bütün dondurmaların tərkibinə emulqatorlar qatılır və (E) ilə işarə olunur. Lakin həmin “E”-lərin açıq-açıq yazılması qanunvericilikdə tələb olunmur. Amma istehlakçı mütləq dondurmanın tərkibindəkilər barədə qablaşdırmada məlumatlarla tanış olmalıdır. Yaxşı haldır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi etiket məlumatları ilə tərkibin araşdıraraq, uyğunsuzları ifşa edir. İstehlakçilar şübhəli dondurmalarla qarşılaşdığı zaman “1003” qaynar xətti ilə agentliyə məlumat verməlidir. 

İqtisadiyyat İnstitutunda ərzaq mallarının etiket məlumatları barədə standart qəbul olunur. AİB həmin komitənin üzvüdür. Çalışacağıq ki, ərzaq mallarının, eləcə də dondurmaların etiket məlumatları istehlakçıların anlayacağı formada yazılsın.

Azərbaycanda bitki yağından (kakos) standartlara uyğun dondurma da hazırlanır. Lakin bütün hallarda dondurmalar kərə yağı ilə hazırlanmalıdır”,-deyə sədr bildirib.

Dondurmalarla bağlı hazırda hansısa monitorinqlərin aparıldığını, indiyə kimi hansı markaların ifşa olduğu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlamışıq. Sorğuya cavab gəldiyi zaman məqaləni yeniləyəcəyik. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
lent.az

1Mənbələr