ain.az, Bakivaxti saytına istinadən bildirir.
2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsi regional sabitlik və beynəlxalq hüquq baxımından qlobal gündəmin əsas mövzularından biri olaraq qalır.
Son günlərdə Rusiya Prezidenti Vladimir Putinin “Sky News Arabia”ya verdiyi müsahibədə Ukrayna ilə münaqişənin həlli üçün irəli sürdüyü yeni şərtlər beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Bu şərtlər arasında işğal edilmiş ərazilərdə keçirilmiş “referendumların” tanınması, Ukraynanın neytral status alması və NATO-ya üzvlük iddiasından əl çəkməsi kimi tələblər yer alır. Münaqişənin bu nöqtəsində belə şərtlər nə dərəcədə real və icraolunandır?
Bakıvaxtı.az bu və digər məsələləri politoloq Züriyə Qarayeva ilə müzakirə edib.
Politoloq deyib ki, Putin tərəfindən səsləndirilən şərtlər əslində 2022-ci ilin əvvəlində İstanbul danışıqları zamanı ortaya qoyulan konturların təkrar formasıdır. Onun sözlərinə görə, burada əsas vurğu Ukraynanın neytral status almasına, NATO-ya qoşulmamasına və Rusiya tərəfindən ilhaq edilmiş ərazilərdə keçirilən “referendumların” tanınmasına yönəlib. Bu tələblər hər nə qədər sülhə çağırış kimi təqdim edilsə də, əslində Ukraynanın suverenliyindən imtina etməsinə yönəlmiş ultimatum xarakteri daşıyır.
Z.Qarayeva qeyd edib ki, Ukraynanın bu şərtləri qəbul etməsi real görünmür. Zelenski administrasiyası və parlamenti dəfələrlə bəyan ediblər ki, işğal olunmuş ərazilərin heç biri danışıqlar mövzusu ola bilməz. Ukrayna cəmiyyətində də bu istiqamətdə ciddi konsensus mövcuddur. Bu səbəbdən Moskvanın irəli sürdüyü şərtlər sülh danışıqlarına zəmin yaratmaqdan çox, informativ və diplomatik təzyiq vasitəsidir.
“Rusiya bu tələblərlə beynəlxalq hüquqa zidd hərəkət etdiyini ört-basdır etməyə çalışır” deyən həmsöhbətimiz bildirib ki, beynəlxalq hüquqa görə dövlətlərin ərazi bütövlüyü toxunulmazdır. Dediyinə görə, Rusiya bu prinsipi pozaraq öz maraqlarını legitimləşdirməyə çalışır. “Referendum” adı ilə keçirilən tədbirlər nə legitim, nə də beynəlxalq hüquqa uyğun hesab olunur. Bu şərtləri qəbul etmək, Ukraynanın gələcəkdə dövlət olaraq özünü müdafiə imkanlarını tam itirməsi demək olar.
Ekspert vurğulayıb ki, əgər bu şərtlər qəbul olunsa, presedent yaradacaq:
“Yəni hər hansı güclü dövlət hərbi güclə sərhədləri dəyişdirə, sonra da bunu “referendum” adlandıraraq tanınmasını tələb edə bilər. Bu isə postsovet və Şərqi Avropa ölkələri üçün təhlükəli bir modelə çevrilə bilər. Qlobal təhlükəsizlik balansında isə NATO və ABŞ kimi güc mərkəzlərinin mövqeyi zəifləyər”.
“Bəs Ukraynanın NATO-ya üzvlük arzusu ilə bu şərtlər arasında hansı ziddiyyətlər var” sualını cavablandıran Qarayeva qeyd edib ki, bu iki məsələ bir-birinə tam ziddir. Müsahibimiz bildirib ki, Ukraynanın NATO-ya üzv olmaq istəyi həm təhlükəsizlik zəmanətinə sahib olmaq, həm də Qərblə siyasi inteqrasiyanı dərinləşdirmək məqsədi daşıyır. Rusiya isə bu prosesi öz milli təhlükəsizliyinə təhdid kimi görür. Buna görə də Putinin “neytrallıq” tələbi Ukraynanın milli iradəsini boğmaq və xarici siyasətini diktə etmək cəhdidir.

Züriyə Qaeayeva: Sülh üçün ilkin şərt müharibənin aktiv fazasının dayandırılması və atəşkəsin əldə olunmasıdır
Bu tələblərin sülh üçün real baza ola biləcəyinə gəlincə, politoloq hesab edir ki, mövcud formatda yox:
“Əgər Rusiya öz şərtlərini yumşaltmasa və qarşılıqlı güzəşt mexanizmləri üzərində işlənməzsə, bu tələblər danışıqlara əsas ola bilməz. Bu, bir növ informasiya müharibəsinin davamıdır və Rusiya bu vasitə ilə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə çalışır”.
Onun sözlərinə görə, sülh üçün ilkin şərt müharibənin aktiv fazasının dayandırılması və atəşkəsin əldə olunmasıdır. Bundan sonra BMT və neytral vasitəçilər çərçivəsində real, qarşılıqlı məqbul format qurulmalıdır:
“Əks halda bu cür birtərəfli şərtlər sadəcə münaqişənin dərinləşməsinə xidmət edir. Ukraynanın təhlükəsizlik ehtiyacları və suverenlik prinsipi nəzərə alınmadan heç bir sülh planı davamlı ola bilməz”.
Zülfü Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.