AZ

İran əməliyyatı ilə Tramp seçki vədlərini pozdu - amerikalıların reaksiyası...


Elşən Manafov: “Müharibələri bitirəyəcəyini deyən Tramp müharibələri alovlandırdı”

Donald Tramp seçki kampaniyası vaxtı demişdi ki, ordunu Orta Şərqdən çıxaracaq, Amerikanın vəsaitlırini Orta Şərqdə xərcləməyəcək və s. Tramp hər çıxışında deyirdi ki, o prezident olsaydı Rusiya ilə Ukrayna arasında müharibə baş verməzdi. O, çıxışlarında müharibələri başlamağa yox, bitirməyə gəldiyini vəd edirdi.

Həmçinin Birləşmiş Ştatların maliyyə yükü azalsın deyə, hərbi bazaların sayını azaldacağı ilə bağlı vəd vermişdi. Tramp xərclərin çox olmasını həm də hərbi bazalarla əlaqələndirirdi. Onun bu vədləri ABŞ seçiciləri tərəfindən böyük rəğbətlə qarşılanırdı. Hesab edirdilər ki, ABŞ-ın hərbi xərcləri azaltması, müharibələrdən uzaq durması nəticəsində həmin vəsaitlər əhalinin sosial-iqtisadi rifahının yaxşılaşmasına yönəldiləcək.

Ancaq Trampın verdiyi bir sıra vədlər kimi bu da havada qaldı. ABŞ nəinki hərbi mövcudluğunu azaldır, əksinə, indi özü müharibəyə qoşulur.

Maraqlıdır, ABŞ cəmiyyəti buna necə baxacaq və Trampın daxildə reytinqi nə ilə üzləşə bilər?

“Bütün bunlar onun prezident olaraq ictimai reytinqini azaldacaq və tərəfdarları bunu məyusluqla qarşılayacaq”

Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bunlar Trampın reytinqinə təsirsiz ötüşməyəcək: “İsrail İrana qarşı müharibəyə,şübhə etmirik ki, ABŞ-ın və əlbəttə prezident Trampın razılığı ilə başlayıb. Bu mənada Trampın Netanyahunun onunla məsləhətləşmədən İrana hava zərbələrinin endirilməsi barədə qərar qəbul etməsi ilə bağlı açıqlamaları səmimi təsir bağışlamır. Trampın İrana hava zərbələrinin endirilməsi ilə bağlı qərarı isə İranı durdurmaq, ona hədə-qorxu gəlmək, nüvə çalışmaları ilə bağlı mövqeyindən çəkindirmək istəyindən irəli gəlir. İranın İsrailə endirdiyi hava zərbələri onun hansı hərbi gücə malik olduğunun göstəricisi oldu və bütün dünyada ciddi rezonans doğurdu. İsrail və ABŞ İrandan bunu gözləmirdilər. Digər tərəfdən, İranın zərbələri İsrailin hava hücumundan müdafiə sisteminin –“Dəmir qubbə”nin imkanlarının həddən ziyadə şişirdildiyini göstərdi. Əslində bununla bağlı deyilənlərin mif olduğunu, sabun köpüyü kimi partladığını göstərdi. Hərbi ekspertlər, belə gedərsə, İsrailin ən çoxu 12 gün ərzində İranla qarşıdurmaya davam gətirəcəyi ilə bağlı proqnozlar verirlər. Müharibənin uzanması dolayısı yolla Rusiyanın və neft ixrac edən ərəb dövlətlərin maraqlarına işləyir. Tramp isə dünya bazarında neftin qiymətlərinin 45 dollardan yuxarı qalxmayacağı ilə bağlı bəyanatlar vermişdi. Digər tərəfdən İranın dünyanın əsas enerji terminallarından olan Hörmüz boğazını bağlaya biləcəyi ilə bağlı ehtimallar da götür-qoy edilir. Neftin bu halda 1 barrelinin 200 dollara qalxa biləcəyi ilə bağlı proqnozlar verilir. Tramp bütün bunlara yol verməmək üçün İrana hərbi əzələ nümayiş etdirməyi qərara alıb. Ən əsası, İsraili və ABŞ-ı narahat edən İranın nüvə laboratoriyalarında aparılan tədqiqatlar və İranın nüvə silahına yaxın perspektivdə yiyələnə biləcəyi ilə bağlı proqnozlardır. İranın isə Fordo, Buşehr, İsfahan və digər şəhərlərdəki nüvə zavodları 900-1200 metr dərinlikdə yerləşir. İsrailin bu bunkerləri məhv etmək üçün nə strateji bomardmançı təyyarələri, nə də dərinlik bombaları var. ABŞ isə belə imkanlara malikdir və Trampın sərəncamı ilə ABŞ-ın ağır B-2 bombardmançı təyyarələri Miçiqan ştatından qalxaraq “Fordo”dakı yeraltı bunkerlərə zərbələr endirib. Lakin məlum olub ki, əvvəla atılan bombalar 61 metr dərinliyə qədər işləyə bilir. Digər tərəfdən İran tərəfi artıq məlumat yayımlayıb ki, əvvəlcədən burada bunkerlərdəki nüvə avadanlıqlarını köçürə biliblər. Nəticədə bu reaktorlara ziyan dəyməyib.

ABŞ isə belə bir addım atmaqla yenə 1945-ci ildəki siyasətinə - atom şantajına müraciət etmiş olur. BMT Baş katibi Antonio Quterreş bu addımın böyük fəlakətə səbəb olacağını bildirməklə, ABŞ-ı vəziyyətin eskalasiyası istiqamətində növbəti addımlar atmaqdan çəkinməyə çağırıb. Gərginliyin artması isə beynəlxalq güclərin hadisələrə müdaxiləsini qaçılmaz edir. Bütün bunlar Trampın ictimai reytinqini azaldacaq və tərəfdarları bunu məyusluqla qarşılayacaq. Çünki onun verdiyi növbəti vəd fiaskoya uğradı. Müharibələri bitirəyəcəyini deyən Tramp müharibələri alovlandırdı”.

Vidadi ORDAHALLI

Seçilən
15
baki-xeber.com

1Mənbələr