AZ

İslam təşkilatı Qərbi Azərbaycan İcmasına görə Paşinyanı qınadı...


Hikmət Babaoğlu: “İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin görüşündə milli məqsəd və vəzifənin qəbul edilməsi onu göstərir ki, biz öz amalımıza çatırıq”

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən növbəti sessiyasında “İstanbul Bəyannaməsi”, habelə ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib.

Qəbul olunan qətnamələrdən biri“Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ”dür. Bu qətnamədə İƏT üzv ölkələrinin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunması qınanılır. Bəyannamədə, o cümlədən indiki Ermənistan ərazilərindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğu təsdiqlənir və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

Qeyd edək ki, Azərbaycan qarşıya qoyduğu məqsədlərinə, beynəlxalq ədalətin təmin olunmasına qanuni yollarla addım-addım yaxınlaşır. İƏT kimi mötəbər təşkilatın yekun sənədinə Qərbi azərbaycanlıların pozulan hüquqları ilə bağlı məsələnin salınması da çox mühüm nailiyyət hesab edilə bilər.

“İslam Əməkdaşlıq Təşkilatının Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması ilə bağlı ideyanı dəstəkləməsi Azərbaycan diplomatiyasının uğurudur”

Millət vəkili Hikmət Babaoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İslam Əməkdaşlıq Təşkilatının qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması ilə bağlı ideyanı dəstəkləməsi Azərbaycan diplomatiyasının uğurudur: “Qərbi Azərbaycana qayıdışın çox ciddi siyasi, hüquqi əsasları var. Məlumdur ki, Qərbi Azərbaycana Qayıdış konsepsiyası da mövcuddur. Bununla bağlı beynəlxalq dəstəyin əldə olunması, yeni hüquqi bazanın formalaşdırılması da olduqca vacibdir. Bütün bunlar - bir müddət öncə Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasının Astanada qəbul edilən bəyanatında Qərbi Azərbaycana qayıdışın dəstəklənməsi, hazırda isə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin görüşündə milli məqsəd və vəzifənin qəbul edilməsi onu göstərir ki, biz öz amalımıza çatırıq. Təbii ki, bu yolda dost ölkələrin də rolu az deyil”.

Günel CƏLİLOVA

Seçilən
14
baki-xeber.com

1Mənbələr