Azər Həsrət: "Belarus Avropa ölkəsidir, əhalisi mədəni və savadlıdır, dövlət Avropa ilə işbirliyinə çox maraqlıdır"
Belarus lideri Aleksandr Lukaşenko ABŞ Prezidentinin Ukrayna və Rusiya məsələləri üzrə xüsusi elçisi Kit Kelloq ilə görüşüb. “Reuters” agentliyi mənbələrə istinadən bildirib ki, K.Kelloq Belarusa səfərini Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpası üçün potensial imkan kimi qiymətləndirib.
Görüşdən sonra Lukaş çoxlu siyasi məhbusu, o cümlədən 2020-ci ildə prezidentliyə ən layiqli müxalif lider olan və 18 il həbs almış Tixanovskini azad etdi.
Düşünmək olarmı ki, Lukaşenko Trampın hədələrindən ehtiyatlanaraq Rusiya ilə deyil, Qərblə anlaşma siyasətə keçid etmək fikrindədir?
Məsələ ilə bağlı baki-xeber.com-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi ki, Lukaşenko və onun rəhbərlik etdiyi Belarus Rusiyanın, daha doğrusu Vladimir Putinin girovluğundadır: "Əslində Belarusun normal bir ölkə olmaq imkanları kifayət qədərdir. Belarus Avropa ölkəsidir, əhalisi mədəni və savadlıdır, dövlət Avropa ilə işbirliyinə çox maraqlıdır. Belarusun Avropa ölkələri ilə qaynayıb-qarışmaqda heç bir problemləri yoxdur. Lukaşenkonun özü də nizamlı bir dövlət rəhbəridir. Yəni bütün bunlar var ikən onun Putinin yanında olmağını istəməsi təbii görünə bilməz. Yəni Belarus məcburiyyət qarşısında qalaraq Rusiyanın yanındadır. Rusiya ilə birlikdə olanlar da mütləq ölkələrində Putinin diqtə etdiyi qayda-qanunları tətbiq eləməlidir. Başqa sözlə desək, Belarusda olan vəziyyət əslində Lukaşenkonun da ürəyincə deyil. Bu, Rusiyanın diqtə etdiyi durumdur.
Müxalif lider başda olmaqla müxalifətçilərin həbsdən buraxılmasına gəlincə, əslində Tixanovski nə Lukaşenkodan güclü liderdir, nə də Belarus üçün Lukaşenkodan daha çox iş görə biləcək siyasətçidir. O, sadəcə olaraq Qərbin yetişdirdiyi, Lukaşenkonu devirib yerinə gətirmək istədiyi birisidir. Görünür, indi ABŞ ilə anlaşma olub, Tixanovski ümumiyyətlə Belarusdan çıxıb gedəcək. O, yəqin ki, Belarusun daxili işlərinə qarışmayacaq, siyasi iddialarından əl çəkəcək. Çox güman ki, belə bir razılaşma əldə edilib. Üstəlik də, belə liderlər bəlli bir dövrdə parlayır və qısa müddət sonra isə sönüb tarixin arxivinə gedirlər. Azərbaycanda bunun örnəkləri kifayət qədərdir. Yəni həbsdə yatanları da olub, bəlli mərhələdə öndə olanları da olub. Amma baxın, onlardan hansı biri İlham Əliyevə alternativ təşkil edə bilər? Əlbəttə, heç biri. Hətta real seçki keçirilsə belə, bu adamların İlham Əliyevə qalib gəlmək şansı yoxdur. Tixanovski də həmin baxış bucağından dəyərləndirilməlidir.
Həm də nəzərə almaq lazımdır ki, Tixanovski həbsdə olarkən onun xanımı prezidentliyə iddia edirdi. Həmin dövrdə o, Qarabağla bağlı Azərbaycanı üzəcək bir mövqe sərgiləmişdi. Düzdür, ona kifayət qədər layiqli cavab verildi, amma Belarus prezidenti Aleksandr Lukaşenko bizi üzəcək hansısa bir addım atdımı? Əlbəttə atmayıb, atmaz da... Yəni bu prizmadan də dəyərləndirmənin faydası var, deyə düşünürəm. Tixanovski müxalifət lideridir, Qərbin dəstəyini görür deyə yaxşı lider olduğunu düşünmürük. Bizi maraqlandıran odur ki, Belarus bir dövlət olaraq və onun prezidenti bizə necə münasibət göstərəcək. Bizim üçün həmin göstərici əsas meyardır.
İndiki şəraitdə düşünürəm ki, Belarus prezidenti həqiqətən də normal dövlət qurmaq marağındadır. Adam sadəcə Putinin girogluğundan qurtula bilmir deyə, bunu reallaşdırmaq imkanı yoxdur. Üstəlik, Ukrayna müharibəsində Belarusun Ukrayna ilə alib verə bilmədiyi heç nə yoxdur. Belarus Ukrayna ilə dinc qonşuluq şəraitində qardaşcasına yaşamaqda maraqlıdır. Lakin Putin onları öz ambisiyalarının alətinə çevirib".
Dəniz NƏSİRLİ