AZ

İranın hesablamadığı ən böyük səhv

Azərbaycanın içində şəbəkə qurmağa başı qarışan Tehran “fil qulağında yatıb”, içinə sızan yəhudi kəşfiyyatından xəbərsiz olub

İran təhlükəsizlik qüvvələri, demək olar ki, hər gün Tehranda və ölkənin digər şəhərlərində İsrailin kəşfiyyat xidməti MOSSAD-a işləyən əfqanları saxlayır. İsrail kəşfiyyatının anti-İran hərəkətlərində hətta “Taliban”ın kəşfiyyat xidmətlərinin də iştirakı ilə bağlı versiyalar var. Tehranda düşünülür ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlarının və nüvə alimlərinin bir gecədə həlak edilməsi ilə müşayiət olunan hücumlar MOSSAD-ın İran ərazisində əvvəlcədən yaratdığı geniş kəşfiyyat və təxribat şəbəkəsi olmadan mümkün olmazdı. Bu, artıq təsdiqlənmiş faktdır. Üstəlik, o da məlum olub ki, İsrail şəbəkəsinin əhəmiyyətli bir hissəsi Hindistandan olan təxribatçılarla yanaşı, son bir neçə ildə İslam respublikasının müxtəlif şəhərlərində məskunlaşmış əfqan miqrantlardan formalaşıb.

Vəziyyətlə tanış olan mənbələrə görə, 28 əfqan agentdən ibarət qrup müharibənin ilk günlərində İran təhlükəsizlik qüvvələri tərəfindən Tehranda saxlanılıb. Bundan sonra demək olar ki, hər gün ölkənin müxtəlif şəhərlərində bir neçə əfqan kəşfiyyatçı və MOSSAD diversantı müəyyən edilərək yaxalanıb. İyunun 17-də İran universitetlərinin birində magistratura pilləsində təhsil alan və eyni zamanda MOSSAD-a casusluq edən əfqan tələbə Rey şəhərində tutulub.

İsrailin İrana hərbi hücumu İranın daxilində xarici kəşfiyyatın, xüsusən də İsrail kəşfiyyatının dərin kök atdığını ortaya çıxardı. Belə görünür ki, qonşu İranın başı uzun illər Azərbaycan Respublikasının içərisində müxtəlif adlar altında və müxtəlif formalarda kəşfiyyat, casus şəbəkəsi qurmağa qarışıb. Ona görə də öz içində İsrailin şəbəkələşdiyindən xəbərsiz olub. Belə olmasaydı, İsrailin dronlarını belə İranın paytaxtına qədər yerləşdirə bilməsi mümkün olmazdı.

Əli

Əli Orucov

Siyasi şərhçi Əli Orucov “Yeni Müsavat”a şərhində bildirdi ki, İranın öz daxilində  təhlükəsizliyin qorunması və xüsusi xidmət orqanlarının fəaliyyətlərinin peşəkarlığı, ayıq-sayıqlığının yüksəldilməsi ilə məşğul olmaq əvəzinə, qonşularından, xüsusən də Azərbaycandan şübhələnməsi böyük səhv idi: “İsrailin İranın daxilində təkcə casus şəbəkəsi deyil,  silah- sursat obyektləri yaratması İranın xüsusi xidmət və təhlükəsizlik orqanlarının nə qədər zəif olduğunu ortaya qoydu. İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın ilk saatlarında İranın ali hərbi komanda heyətinin və tanınmış nüvə alimlərinin, həmçinin strateji hədəflərin məhv edilməsi indiyədək görünməyən hadisədir”.

Ə.Orucov dedi ki, Tehranda ciddi mühafizə altında qorunan "Hizbullah" lideri Nəsrullahın İsrail tərəfindən yüksək dəqiqliklə qətlindən  İran hakimiyyəti dərs götürməli və daxili təhlükəsizlik problemlərinin qayğısına qalmalı idi: “İsraili yer üzündən siləcəyi ilə hədələyən İranın daxilində "mini İsrailin" mövcudluğundan xəbərsiz olması bəzi detallara üzərində düşünməyə vadar edir. İran xüsusi xidmət orqanları öz müttəfiqlərinin eyni qurumları ilə nədən informasiya mübadiləsi aparmayıb və koordinasiyalı işləyə bilməyib? Ola bilməz ki, İsrailin MOSSAD-ı İranda geniş şəbəkə qursun və rahat şəkildə işləsin, ancaq bundan heç bir dövlətin məlumatı olmasın. Yaxud da İsrailin hücumundan əvvəl İsraildən, onun təhlükəsizlik orqanlarından 10 minlərlə qiymətli məxfi məlumatları ələ keçirdiyini iddia edən və bunun geniş təbliğatını aparan İran ilk zərbədən özünü itirdi. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, regional ambisiyalı və bəzi başqa dövlətlərin sərhədlərini qoruyacağı vədi verən İranın özü öz təhlükəsizliyini qorumaq iqtidarında deyilmiş. Mən hesab edirəm ki, bu hələ son deyil. MOSSAD rəsmisinin “biz hamımız İrandayıq” deməsi təsadüf deyil".

Siyasi ekspert vurğuladı ki, İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar onun təhlükəsizlik strukturlarının ən müasir texnologiya və avadanlıqlarla təmin edilməsini əlçatmaz edib: “İran həm də buna görə İsrail kimi dövlətlə mübarizədə indiki vəziyyətə düşüb. Digər bir faktora da nəzər yetirmək lazımdır. Bu da İran cəmiyyətinin və vətəndaşlarının teokratik rejimə mənfi münasibətidir. Rejimə qarşı nifrət və qəzəb nəticə etibarı ilə İsrail xüsusi xidmət orqanlarının daxildə geniş əl-qol açmasına imkan yaradıb”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Seçilən
6
50
musavat.com

10Mənbələr