AZ

“Gənc qızların təhsilinə dəstək”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə iyunun 23-də “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü təşkil edilib.

Məzun günü 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı iştirakçılarının məzun olması, eləcə də onların əzmkarlığını, nailiyyətlərini qeyd etmək məqsədilə keçirilib. 

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, deputatlar və ictimaiyyət nümayəndələri, o cümlədən tələbələr iştirak ediblər.

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, bu təşəbbüs sosial və maddi çətinliklərlə üzləşən gənc qızlara reallığı göstərmək, onların həyatına işıq salmaq və gələcəklərinə inam yaratmaq məqsədindən irəli gəlir. Bu cəsarətli addım təhsilin gücünə və qadının inkişafına inamın bariz nümunəsidir. 

Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, qızların, qadınların təhsilə cəlb olunması əhəmiyyətli məsələdir: “Müxtəlif tədqiqatların nəticələri anaların təhsilli olmasının gələcək nəslin daha savadlı, hazırlıqlı və sosial cəhətdən fəal formalaşmasında mühüm rol oynadığını təsdiqləyir”.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib ki, Fondun təşkilatçılığı ilə reallaşdırılan “Gənc qızların təhsilinə dəstək” proqramı artıq dörd ildir ki, icra olunmaqdadır: “Bu müddət ərzində layihə çərçivəsində təxminən 350 sosial həssas qrupdan olan gənc qız ali təhsil müəssisələrində təhsil alma imkanı əldə edib”.

Sonra şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova çıxış edərək “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının məzunu olduğunu vurğulayaraq göstərilən dəstəyə görə Dövlət Komitəsinə, həmçinin Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib.

Tədbirdə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində məzun olan qızlar mükafatlandırılıb. Tədbir bədii hissə ilə davam etdirilib.

Seçilən
3
15
xalqqazeti.az

10Mənbələr