AZ

Azərbaycanda elektron ticarət dövriyyəsi 1,4 dəfə artıb - ABA sədri

İslahatlar nəticəsində cari ildə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 67%-i nağdsız formada həyata keçirilib. Cari ilin 4 ayı üzrə ölkə daxilində elektron ticarət dövriyyəsi keçən ilin müvafiq dövri ilə müqayisədə 1.4 dəfə artıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bu gün Bakıda keçirilən "FINTEX SUMMIT 2025 - Maliyyə və Texnologiyalar Sərgisi"ndə çıxışı zamanı deyib.

O bildirib ki, 2025-ci ilin aprel ayının sonu üçün bank sektorunun aktivləri təqribən 54.6 milyard manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% çoxdur: "Ötən ilə nisbətdə aktivlərin həcmi ilə yanaşı, aktivlərin artım tempi də yüksəlib. Bununla birlikdə, bankların kredit portfelinin həcmi də son 12 aylıq müqayisədə 14% artaraq, hesabat dövründə 28.1 milyard manata çatıb.

Biznes kreditlərinin artım tempi də iki rəqəmli həddə qalmış və 11% olaraq müşahidə edilmişdir. Beləliklə, real sektora verilən kreditlərin həcmi 15 mlrd. manat olmaqla, ümumi kredit portfelinin 53%-dən böyük hissəsini əhatə edir. Kreditlərin dollarlaşma əmsalı isə 15.2% təşkil etməkdədir, bu da ötən eyni dövrü ilə müqayəsədə 3.5 faiz bəndi azdır".

Z. Nuriyev qeyd edib ki, cari ilin aprel ayının sonuna vaxtı keçmiş kreditlərin portfeldəki payı 1.7% təşkil etməkdədir: "Hesabat dövründə banklardakı depozitlərin ümumi həcmi illik 3.9% artaraq, 36.7 milyard manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin həcmi isə 14.5 milyard manata bərabərdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.1% çoxdur. Daha ürək açan göstərici isə müddətli əmanətlərin həcmi ilə bağlıdır. Belə ki, 2025-ci ilin aprel ayında fiziki şəxslərin müddətli əmanətlərin həcmi 9.1 milyard manatı ötmüşdür ki, bu da illik müqayisədə 23.2% artım deməkdir. Bu da əsasən yeni bank müştərilərinin hesabına olmuşdur: 2025-ci ilin ilk 4 ayı ərzində unikal (müddətli) əmanətçilərin həcmi 7.5% və ya 11 337 nəfər artaraq 161 856 nəfərə çatmışdır".

Z. Nuriyev bildirib ki, depozitlərin manatlaşma əmsalı 41.7% olsa da, fiziki şəxslərdə bu hədd 33.7% təşkil edir: "Bunlarla yanaşı, bankların kapital mövqeyi də güclənmiş, sektorun cəmi balans kapitalı illik 10.4% artımla 7 mlrd. manat həddinə çatmışdır. 2025-ci ilin ilk 4 ayında banklar 339.8 mln. manat mənfəət və 1.5 milyard manat faiz gəliri əldə etdiyini müşahidə edirik".

"Hesabat dövründə bank kartlarının sayı illik 17% artımla 20.7 mln. ədəd təşkil edir. Bu artımın böyük bir hissəsi isə təmassız kartların hesabına baş vermişdir. Ümumilikdə isə ölkədəki ödəniş kartlarının 81%-i təmassız ödənişləri dəstəkləməkdədir. POS-terminallar vasitəsilə edilən ödənişlərin isə 95%-dən çoxu da məhz təmassız ödənişlərin payına düşməkdədir.

Bu il ərzində ödəniş kartları ilə həyata keçirilən əməliyyatların 67.1%-i nağdsız əməliyyatlardır (5 faiz bəndi artım). Kartlarla edilən nağdsız əməliyyatların həcmi 2025-ci ilin ilk 4 ayında cəmi təqribən 30 mlrd. manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33.8% çoxdur", - deyə ABA sədri fikrini tamamlayıb.

Seçilən
9
1
day.az

10Mənbələr