AZ

“Azərxalça” ASC nin Qəbələdə fəaliyyət göstərən emalatxanasında növbəti sərgi və satış salonunun açılışı olub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 iyun, AZƏRTAC

Müasir Azərbaycanın əsas xalçaçılıq mərkəzi hesab olunan, 100 illik tarixə malik “Azərxalça” ASC ölkənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən 14 xalça emalatxanası və 2 sərgi- satış salonu ilə fəaliyyətini genişləndirməyə, xalçaçılığın inkişafına, qorunmasına öz töhfəsini verməyə davam edir. Məhz bu səbəbdən iyunun 23-də turist axını və daxili tələbatı da nəzərə alaraq qurumun Qəbələdə fəaliyyət göstərən xalça emalatxanası nəzdində növbəti, üçüncü sərgi və satış salonun açılışı olub.

Bu barədə AZƏRTAC-a “Azərxalça” ASC-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə “Azərxalça” ASC-nin İdarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov çıxış edərək istər ölkə daxilində, istərsə də xaricdə daim diqqət mərkəzində olan, əsararəngiz rəng palitrasına sahib xalçaların hazırlanıb ərsəyə gəlməsində 693 işçinin əməyindən istifadə olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, xalça emalatxanalarında çalışan bu işçilərin 520-si toxucu xanımlardır və bu say günü-gündən artır: “Biz bu sahəyə yalnız yaşlı nəslin nümayəndələrini deyil, gəncləri, gənc toxucu xanımları da cəlb etmək istəyirik: “Sevindirici haldır ki, “Azərxalça”nın rayonlarda yaşayan anaların, nənələrin sevgi ilə toxuduqları möhtəşəm xalçalarını artıq turistlər yalnız Bakıda deyil, Qəbələdə də fəaliyyət göstərən sərgi-satış salonundan əldə edə biləcəklər. Salon yalnız satış nöqtəsi deyil, eyni zamanda, rayona gələn turistlərin baş çəkib maraqlı vaxt keçirəcəyi, Qəbələdə yaşayan uşaqların və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında xüsusi yeri olan məkan olacaq”

Emin Məmmədov qeyd edib ki, bu təcrübə özünü doğruldarsa, digər rayonlarda da fəaliyyət göstərən emalatxanalarda satış və sərgi salonlarının açılması nəzərdə tutulur.

Bu gün qədim və müasir Qəbələnin inkişaf dövrünü yaşadığını söyləyən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, bölgə Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilib və hər il buraya baş çəkən yerli və xarici turistlərin sayı artır: “Müasir Qəbələ geniş, rahat asfalt yolları və küçələri, möhtəşəm binaları, beynəlxalq aeroportu, dünya səviyyəli konqres salonu, beşulduzlu otelləri, yaraşıqlı parkları, idman meydançaları, istirahət mərkəzləri olan modern şəhərdir”.

O, “Azərxalça” ASC-nin emalatxanası daxilində fəaliyyət göstərən əsrarəngiz, əsl əl işi olan Azərbaycan xalçalarının satışının baş tutacağı salonun da gələcəkdə rayonun əsas turistik mərkəzlərindən birinə çevriləcəyinə inandığını və istənilən dəstəyin göstəriləcəyini xüsusi qeyd edib.

Sərgi və satış salonunda turistlər üçün xalçaçılıqla bağlı maraqlı və fərqli xidmətlər göstəriləcək. Emalatxanaya gəlib toxuma prosesində iştirak etmək, çay içərək ümumi prosesi izləmək və ya özünün kiçik suvenir xalçasını toxumaq (və ya toxutdurmaq) istəyən turistlər öncədən emalatxana rəhbərliyinə müraciət edərək xidmətlərdən ( ödənişli) istifadə edə bilərlər.

“Azərxalça” ASC-nin emalatxanalarında mütəxəssislər tərəfindən hazırda yun və ipək xalçalar istehsal olunur. Həm yerli, həm də dünya bazarının tələbləri nəzərə alınmaqla dolğun rəngli, incə naxışların əks olunduğu ənənəvi xalçalarla yanaşı, müasir dizayna uyğun, çağdaş interyerin tələblərini ödəyən məhsulların istehsalı da həyata keçirilir. Xalçalarda hər zaman fərqlilik olması üçün həm yerli, həm də xarici dizayner, rəssam və xalçaçı ustalarla əməkdaşlıq edilir. Qurumun istehsal etdiyi bütün məhsulları görmək üçün paytaxt Bakıda 2 ünvanda satış və sərgi salonları həm yerli sakinlər, həm də turistlərin ixtiyarındadır. Məhsullarla tanış olub zövqünə uyğun xalça seçmək istəyənlər İçərişəhərdəki Böyük Qala, 15 ünvanında yerləşən mağazaya və “Four Seasons” hotelindəki salona baş çəkə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
4
azertag.az

5Mənbələr