AZ

"Krokus Siti"dəki terrorun istintaqı başa çatdı: Dağıstanda qarşısı alındı, Moskvada isə...

BAKI, 24 iyun. TELEQRAF

"Krokus Siti Holl"dakı terror aktı ilə bağlı araşdırma başa çatıb.

Teleqraf xəbər verir ki, Rusiya İstintaq Komitəsi "Krokus Siti Holl"da baş vermiş terror aktı ilə bağlı aparılan istintaqın yekunlaşdığını açıqlayıb.

Məlumata görə, cinayət "Rusiyada siyasi vəziyyəti pozmaq məqsədilə Ukraynanın hazırkı rəhbərliyinin maraqları naminə" planlaşdırılıb və həyata keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslərdən bir qismi Dağıstanın Kaspiysk şəhərində yerləşən əyləncə kompleksində partlayış törətməyi planlaşdırsa da, bu niyyətin qarşısı vaxtında alınıb.

Təqsirləndirilən şəxslərin bəziləri Rusiyaya xaricdən gələrək ilkin hazırlıq keçiblər. Digərləri isə Rusiya ərazisində olaraq cinayətin həyata keçirilməsi üçün vasitə və alətlər axtarırdılar. Həmçinin, bəzi şəxslərin odlu silahları təkrarən yenidən düzəltdikləri və onların dinc məqsədlərlə istifadə oluna bilməyəcəyini anlayaraq, bu silahları terror təşkilatının üzvlərinə təhvil verdikləri bildirilir.

İstintaqa əsasən, həmin şəxslər sonradan Kaspiysk şəhərinə, daha sonra isə terror aktından bir qədər əvvəl Moskva vilayətinə aparılıblar.

Qeyd edək ki, terror aktı nəticəsində 149 nəfər həlak olub, 1 nəfər itkin düşüb, 609 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücumun nəticəsində dəymiş maddi ziyanın ümumi məbləği təxminən 6 milyard rubl (130 280 994 manat) təşkil edir.

Xatırladaq ki, ötən il Rusiyanın paytaxtı Moskavda “Krokus Siti Holl” konsert zalında terror aktı baş verib. “Piknik” musiqi qrupunun çıxışı başlamazdan əvvəl silahlı şəxslər zala daxil olaraq tamaşaçılara atəş açıblar. Atışma partlayışlar və yanğınla müşayiət olunub.

Seçilən
58
8
teleqraf.com

6Mənbələr