AZ

"Bunlar rəqs deyil!" - TikTok üçün uşaqları korlayan valideynlər və "rəqs müəllimləri"

Kulis.az Malik Atilayın "TikTok oyuncağı olmuş qızcığaz və estetika qatilləri" yazısını təqdim edir.

Bir vaxtlar kişilər səngərdə, işdə, ailəsi yolunda tər tökər, qadınlar sac üstündə çörək bişirər, yoldaşının gələcəyi saatı gözləyər, uşaqlar isə həyətlərdə top dalınca qaçardı yay-qış bilmədən. İndi isə kişilər telefon tutub balaca qızının necə oğlan kimi rəqs etməyinə baxıb“qəşəng alınıb e” deyir, qadınlar montaj proqramında uşaq videolarına "filter" vurur, uşaqlar isə TikTok-da “like” gölündə boğulur və bütün bunlar milli rəqs adı altında baş verir. Amma burda milli olan bir heç nə yoxdur, "trendçilik" mərəzi var ancaq.

Səhnənin arxasında nə sənətkar var, nə də müəllim. Orada “rəqqas Eliş”, “Xoreoqrafiya İbiş” və digər “bədii rəhbərlər” dayanıb. Ucuz mağar toylarından məzun olan bu dəstə uşaq bədəninə estetika, zərafət yox, robot proqramı və həyasızlıq virusu yükləyirlər. Təlimatlar qısa, amma öldürücüdür: “Daha çox göz süzdür, daha çox çiyin tərpət, daha çox kamera qarşısında saçını yellə!”.

Bəli, bu “məktəb” deyil, uşağın məhz sosial şəbəkədə “like” alması üçün yaradılan hazırlıq düşərgəsidir. Estetik duyğudan uzaq, amma alqoritm dərsinə tam bağlı.

Bu müəllimlər üçün uşaq rəqsi sənətin, gözəlliyin deyil, sadəcə izləmə statistikasının alətidir. Onların sinfində sənətə yer yoxdur, yalnız “viral” sözünün tərcüməsi var. “Bəlkə də, bir dəfə like yığsaq, gələcəkdə nə bilim... ulduz olar!” – deyə, analarının gözlərini parıldadan uşaq, əslində, zövqsüzlük maşınında əzilir.

“Rəqs müəllimləri” dedikdə, artıq əlimizdə deyil, təəssüf ki, kimlərdən danışırıqsa onların “xoreoqrafiya”sı – zövqün cənazəsi, estetik duyğunun qəbir daşlarıdır. Eliş müəllim, İbiş müəllim və onların bədii komandası, açıq deyək, uşaq bədənini necə silmək, necə hisssiz və mənasız hərəkətlərə məcbur etmək haqqında “diplomlar” alıblar. Onlar üçün hər uşaq potensial bir "tutmuş" video, hər rəqs isə sosial mediada tələsik çəkilmiş, effektləri bol video üçün bir ssenaridir.

Valideynlərə gəldikdə isə, onlar artıq uşaqlarını məktəbə yox, sosial mediaya “işə” göndərirlər. Riyaziyyat, tarix, ədəbiyyat – bunlar uşaq üçün artıq keçmişin tozlu kitablarından ibarətdir. Onların gündəmi: “Bugün neçə video çəkildi?”, “Yeni rəqsim neçə izləmə aldı?”, “Ən çox nə qədər like gələcək?”. Uşaqların əlində kitab yox, smartfon, beynində dərs yox, "izlənmə" həyəcanı var.

Valideynlər özlərini “uşağın ən böyük dəstəkçisi” kimi göstərsələr də, belə olduqlarını düşünsələr də, əslində, uşağın məruz qaldığı bu zövqsüzlük virusunun daşıyıcısıdırlar. Onlar uşağı məktəbdən, dərslərdən, kitabxanadan uzaqlaşdırır, vaxtına qənaət etməli olduğunu, vaxtını səmərəli keçirməli olduqlarına inanırlar, qınamıram, bir kitab üzü açmayan, tək funksiyası telefonun ekranını aşağı yuxarı çevirmək olan və sadəcə olaraq təbiətin verdiyi instiktlə valideyn olmuş adamlar üçün Instagram, TikTok hesabının izləyici sayı dərsdən də, ən dəhşətlisi övladının təhsilli gələcəyindən də vacibdi. “Balamın yüz min izləyicisi var, sən demə o, mənim gələcəyimdir!” — deyən valideynlərin ağlı kəsə bilməz ki, bu “gələcək” zövqsüzlükdə boğulur, bu "gələcək" məhv olmağa bir gün məhkumdur.

Onlar üçün uşağın gətirdiyi gündəlikdəki qiymətlər deyil, sosial şəbəkədəki “canlı yayım”da gələn “virtual güllər” önəmlidir. Biolojik olaraq valideyn olan bu varlıqlar baltanı öz köklərinə vurduqlarını hələ başa düşmürlər...

Bəli, sizin kimi valideynlər və rəqs “ustadları” ölkə üçün ziyalı bir nəsil yox, sosial şəbəkələr üçün "canlı açıb" onunla-bununla söyüşən cahil sürüsü yetişdirir. Siz onların mənəvi dəyərlərini, zövqlərini məhv etdikcə, artan “like” saylarınız bir gün burnunuzdan gələcək.

Uşaqlar günün yarısını ekran qarşısında məşq edir, valideynlər isə “Bala, sən bizim qürurumuzsan!” deyərək öz “like” mənbələrini qidalandırırlar. Bu, bir faciədir – təhsilsiz, zövqsüz nəsil yaradırlar. Dırnaqarası müəllimlər isə uşaq bədənini əyib-yıxmaqda ustalaşıb, onları həm də valideynlərin qibtə ilə baxdığı “uğur hekayələrinin" müəllifdirlər.

Bu rəqslər, qətiyyətlə deyirəm, rəqs deyil! Bu, çılpaq alqoritmə xidmət edən estetikadan yetim qalmış çırpınışlardır. Burda gələcəyin qadını yoxdur, buuşaq incəliyi deyil. Bu, zövqün və mədəniyyətin ölümüdür. Və ən dəhşətlisi — bu “sənət”i uşağa öyrədənlər də, buna razı olan valideynlər də bir cəmiyyətin estetik zövqünün qətl edilməsində əlbirdilər.

Sizə bir xəbərdarlıq edim — bir gün bu rəqslər, bu “like” yarışı bitəcək. Amma uşaqların boğazından tutub onları kamera qarşısına gətirən, məktəbdən, dərsdən, kitabdan didərgin salan sizin zamanla əlinizdə yalnız məyusluq və peşmanlıq qalacaq. Düzdür, "hamı kitab oxumalıdır!" demək də doğru deyil, amma övladlarımızın zövqüylə bu cür oynamaq, onları "like" və sosial şəbəkə səfsətələrinə dadandırmaq bizə yaxşı heç nə vəd eləmir.

Bizim belə milli rəqslərimiz yoxdur. Qızlarınızı kişi kimi rəqs etməyə qoymayın. Oğlanlarınızı avara kimi rəqs etməyə qoymayın.

Bunlar “rəqs təhsili” deyil, ucuz nümayişdir. Bu etdikləriniz “valideynlik” deyil, körpə balalarınızı "like" və "virtual hədiyyələr" uğruna ticarət alətinə çevirməkdir...

Seçilən
15
1
kulis.az

2Mənbələr