"Maliyyə-bank sistemində yeni rəqəmsal dövrün başlanılmasında həlledici rol oynayacaq rəqəmsal bankların yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Bununla əlaqədar olaraq qanunvericilik islahatlarının aparılması təmin edilməlidir".
FED.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bu gün Bakıda keçirilən FINTEX Sammitində çıxışı zamanı açıq maliyyə və məlumat mübadiləsi sahəsində planlaşdırılan yeniliklərdən danışıb.
O qeyd edib ki, rəqəmsal bankçılıq qanunvericiliyinin formalaşdırılması fintexlərin maliyyə sistemində fəaliyyətinin daha da genişlənməsində əlverişli zəmin formalaşdıracaqdır.
Açıq maliyyə modeli hörümçək toru prinsipi ilə ekosistemi birləşdirəcək.
O bildirib ki, Mərkəzi Bank tərəfindən istifadəyə veriləcək açıq bankçılığa əsaslanan mərkəzləşdirilmiş infrastruktur açıq maliyyə yanaşmasının daha da dərinləşməsinə və uğurlu tətbiqinə imkan verəcək.
Zakir Nuriyev vurğulayıb ki, açıq maliyyə modeli “hörümçək toru” prinsipi ilə maliyyə ekosistemində iştirakçıların qarşılıqlı inteqrasiyasını təmin edəcək və istifadəçilərin ehtiyaclarını qarşılayacaq xidmətlərin təqdim olunmasına şərait yaradacaq.
O həmçinin qeyd edib ki, bu yanaşmanın uğurla tətbiqi üçün dövlət qurumlarında toplanan məlumatlara çıxışın təmin edilməsi olduqca vacibdir. Bu məqsədlə, aparıcı kommersiya bankları, Mərkəzi Kredit Bürosu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi nümayəndələrinin iştirakı ilə xüsusi işçi qrupu formalaşdırılıb.
Zakir Nuriyev əlavə edib ki, əsas məqsəd maliyyə ekosisteminin iştirakçıları üçün dövlət qurumlarında mövcud olan paylaşıla biləcək məlumatlara effektiv və təhlükəsiz çıxışı təmin etməkdir.