Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu Nizami Akif oğlu Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, Nizami Alışan investisiya fəaliyyətilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən 3 şəxsə qarşı külli miqdarda dələduzluqda ittiham olunur. Prosesdə Nizami Alışanın ibtidai istintaqa ifadəsi elan olunub. Nizami Alışan isitntaqa deyib ki, rəsmi olaraq heç bir yerdə işləməyib. Biznes fəaliyyətindən əldə etdiyi gəlirləri o, şərikləri ilə bölüşdürüb. İş üzrə zərərçəkmiş Babək Məmmədzadəyə gəlirin 2-3 faizini ödəyib. Məlum olub ki, Babək Məmmədzadə Nizami Alışana yatırım olaraq biznes üçün külli miqdarda vəsait verib, xahiş edib ki, yatırım etməsi gizli qalsın. Nizami Alışan ifadəsində biznesdən əldə olunan gəlirdən Babək Məmmədzadəyə çatan pulları ödədiyini bildirib. Maraqlıdır ki, Nizami Alışan istintaqa verdiyi ifadəsinə imza atmaqdan imtina edib.
Məhkəmədə deyib ki, belə bir ifadə verməyib.
“Məndən söhbət zamanı bankda dövriyyədə olan gəlirimlə bağlı soruşulub. Mən də onu izah etmişəm. Lakin həmin sözləri ifadə kimi işə əlavə ediblər”, deyən Nizami Alışan məhkəmədə bildirib.
Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb.
Nizami Alışanın vəkili deyib ki, Babək Məmmədzadə ilə bağlı hissədə ittihamda məbləğ 1 milyon 700 min göstərilib. Halbuki ifadədə 1 milyon 300 min manat yazılıb. Vəkil bildirib ki, bu ziddiyyətlər istintaq tərəfindən araşdırılmayıb. Daha sonra bank hesabları barədə arayışlar və digər sənədlər açıqlanıb, banklardan alınan sorğuların cavabları elan olunub.
Nizami Alışan ibtidai istintaqda Zeynal Usubovdan pul aldığını etiraf etməyib. Zeynal Usubov isə ona pul verdiyini deyib. Nizami Alışanın vəkili müvəkkilinin həyat yoldaşı Günel Alışanın əlavə şahid qismində dindirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib. Bundan başqa, hakim bildirib ki, növbəti iclaslara zərərçəkmiş Babək Məmmədzadə də çağırılacaq.
Ötən iclasda Nizami Alişan sərbəst ifadəndə bildirmişdi ki, o, xarici valyuta bazarlarında işləyib: "Bu bazarlara istənilən qədər pul qoya bilirsən, həmin pul qalxa-enə bilir. 2012-ci ildən invest.az fəaliyyətə başladı. Mən də bu işi bilirdim, sosial mediada maliyyə bazarları ilə bağlı bloggerlik edirəm. Analitik yazılar, xarici birjalarla bağlı sosial şəbəkələrdə paylaşımlar etmişəm. 10 mindən artıq izləyəcim var. Zərərçəkən Babəklə xaricdə bir yerdə oxumuşuq. Babəklə sosial-iqtisadi məsələləri müzakirə edirdik. Məndən aldığı məsləhətlərə Türkiyədə xeyli pul qazanmışdı. Biz orda qızıl və türk lirası ilə bağlı proqnozlarımız özünü doğrultmuşdu. Babək özü mənə dedi ki, gəl sənə pul verim, birjada oyna. Hətta deyirdi ki, öz puludur. Deyirdi ki, özünə nə yatırım edirsənsə, mənə də onu elə. İlkin olaraq Babək 100 min dollar pul verdi. Həmin vaxt mənim birjalarda yarım milyon pulum vardı. İlkin olaraq 7-8 min dollar pul verdim. Sonradan işlərimiz yaxşı getdi, 30-35 min dollar pul verdim. Sonradan Babək 400 min dollar pul göndərmək istədiyini, Zeynal adlı dostunu da qoşmaq istədi. Mən istəmirdim, amma dostum idi. Zeynal da 400 min dollar pul yatırdı. Bununla da onlardan 900 min dollar yatırım oldu. Hər ay ona 100 min dollar pul verirdim. Lakin Babək deyirdi ki, pul azdır. Babək artıq üstümə gəlirdi. Artıq risklər etdim, nə qədər itkilər verdim. Bu işin riskli olduğunu həmişə demişəm. O 900 min dollarını istədi mən isə ona dedim ki, o pulu çoxdan qaytarılıb. 2020-ci ildən 2023-cü il ərzində 2 -3 milyon dollar pul qaytarmışam. Lakin o əl çəkmədi, pulunu tələb etdi. Hətta dedi ki, 900 min dolları və üstündə 3-4 aylıq faizini tələb etdi. Sonradan məndən şikayət etdi, tutuldum. Mənə fiziki və psixoloji təzyiqlər etdilər. Məni həbs etdirdilər”.
İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən 3 nəfərin 3 milyon dollara yaxın pulu ələ keçirilib. Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Nizami Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur. İttihama görə, Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib. Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollardır. Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Nizami Alışan cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Nizami Alışanla üzləşdirilib. Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir.
Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
Ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Zeynal Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib. Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib. Proses iyunun 30-da davam edəcək.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com