İran və İsrail arasında baş verən gərginlik artıq 10 gündən çoxdur ki, regionda təhlükəsizlik balansını sarsıdıb. Hər iki ölkənin paytaxtları bombalanıb, ciddi hərbi və strateji zərbələr endirilib. Bu qarşıdurma həm regional gücləri, həm də beynəlxalq ictimaiyyəti narahat edir. Nüvə silahı ehtimalı, böyük dövlətlərin mövqeyi və sülhə aparan yol aktual müzakirə mövzularıdır.
Tribunainfo.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, artıq 10 gündən çoxdur ki, İran-İsrail müharibəsi davam edir. Hesab edirəm ki, bu münaqişə qızışmayacaq.
C. Abbaslının sözlərinə görə, olanlar oldu, hər iki ölkənin paytaxtı bombalandı. Təl-Əviv son 30 ildə bu qədər ağır zərbələrə məruz qalmamışdı. İran tərəfindən İsrailin paytaxtına böyük zərbələr vuruldu.
“Eyni zamanda İran tarix boyu görmədiyi zərbələr aldı. Dövlət imicinə böyük xələl gəldi. Həmçinin İranın generalı, alimi öldürüldü. Bu da İran kimi bir ölkə üçün böyük bir sarsıntı və zərbə idi. Hər iki ölkə üçün böyük bir mif yaradılmışdı. Xüsusilə də İsrail mifi bu müharibədə dağıldı. Deyilənlərin əksi oldu.
İndiki dövrdə nüvə silahının atılması olduqca real görünmür. Çünki nəzərə alsaq ki, İran və İsrail tərəfində olan ölkələr içərisində nüvə silahına sahib olanlar var. Əgər nüvə silahına əl atılarsa, Üçüncü Dünya Müharibəsinin başlanması olar. Sadəcə bir faktı söyləmək yerinə düşər ki, İran tərəfindən ən yaxın ölkələrdən biri Rusiya sayılır. Rusiya nüvə başlıqlı silahlarına görə dünyada ilk sıralarda qərarlaşıb. Həmçinin, İsrail tərəfdarı Amerikanın da nüvə başlıqlı silahlarına görə ikinci yerdədir. İsrailin özünün də nüvə silahları var. Bu sıraya Çini də qoşmaq olar.
Demək, Nüvə müharibəsinin baş verməsi üçün dünya buna hazır deyil və dünya bunu istəmir. İrandakı AES-lərin vurulmağına gəlincə, bu da mümkünsüz görünür. Əgər belə olsa, onsuz da 10 gündən çox vaxt keçib bu baş verərdi. İranın AES-lərini qəsdən bombalamaq və radiasiya yaymaq olduqca aşağı görünür. Bölgə üçün çox ciddi fəlakətlər yarada bilər. Nə dünya, nə də regionun digər ölkələri bunu istəmir. Nəzərə alsaq ki, NATO-nun ikinci ölkəsi Türkiyədir. Türkiyə də bu müharibədə seçimini tam şəkildə edib və İrandan yanadır. Bütün bu ehtimalları nəzərə aldıqda, müharibənin uzunmüddətli olacağını güman etmirəm. Yaxın zamanda tərəflər sülh masasına oturacaq”.
Söhbətləşdi: Dəniz Pənahova