Müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Bu siyasətin təməlində bütöv Azərbaycanın hər bir bölgəsinin bərabər inkişafı, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi regional inkişaf siyasəti ölkəmizin həm iqtisadi gücünü artırır, həm də sosial bərabərliyi təmin edir.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, dövlət başçısının Yevlax və Goranboy rayonlarına, Mingəçevir şəhərinə səfəri bu siyasətin növbəti real təzahürüdür: “Yevlax şəhərində ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edən Prezident, daha sonra Bakı–Ələt–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunun Yevlaxdan keçən hissəsində görülən işlərlə tanış oldu. Bu yol təkcə region üçün deyil, bütün ölkə üçün strateji nəqliyyat arteriyası hesab olunur. Yolun müasirləşdirilməsi logistika imkanlarının genişləndirilməsinə, tranzit potensialının daha da artırılmasına imkan verəcək. Bunun ardınca Yevlax Pilot Aqroparkının, SCADA İdarəetmə Mərkəzinin, yeni sutəmizləyici qurğunun, Yevlax Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi regionda kənd təsərrüfatı, kommunal xidmətlər, idman və sosial sahələrin müasirləşməsini təmin edir. Goranboy rayonunda isə Prezident İlham Əliyev “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı zavodunun açılışında iştirak etdi. Bu müəssisə region üçün sənaye baxımından yeni bir nəfəs, əhali üçün isə əlavə məşğulluq imkanı deməkdir. Dövlətimizin başçısının iyunun 24-də isə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak və çıxış edib. Hesab edirəm ki, bu stansiya ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, enerji sisteminin ümumi səmərəliliyinin yüksəldilməsinə də ciddi töhfə verəcək”.