Satıcı istehlak edilmiş istilik enerjisinin dəyəri barədə hesabı qarşı tərəfə göndərdikdən sonra 30 gün müddətində tam məbləğdə ödənilmədikdə istilik təchizatı dayandırılacaq.
News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, paylayıcı istilik təchizatını bu hallarda dayandırır:
– istehlakçının yazılı müraciəti əsasında (istilik təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
– istehlak edilmiş istilik enerjisinin dəyəri barədə satıcı tərəfindən hesab istehlakçıya təqdim edildikdən(göndərildikdən) sonra istehlakçı tərəfindən 30 (otuz) gün müddətində tam məbləğdə ödənilmədikdə satıcının təşəbbüsü ilə;
– istilik enerjisinin alqı-satqısı müqaviləsinin müddəti bitdikdə yeni müqavilə bağlanılmadıqda;
– təmir-profilaktika və qəza-bərpa işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya borularda (kəmərlərdə) sızmanın qarşısı alındıqda;
– məhkəmənin qərarı ilə;
– dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. İstilik təchizatının dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırılma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir.
İstiliyin dəyərini vaxtında ödəməyən istehlakçıya istilik təchizatının dayandırılması, istilik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Bu Qanunda nəzərdə tutulan hallarda, habelə illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işləri aparılarkən yazılı xəbərdarlıq göndərilmədən istilik enerjisinin verilməsinin dayandırılması qadağandır.
Göstərilən hallar aradan qaldırıldıqdan və paylayıcı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 gün müddətində istilik təchizatı bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.