AZ

Polis qanununda nələr dəyişdirilir(?)…


Şəmsəddin Əliyev: “Azərbaycan polisinin rifah halı niyə Avropa polisindən zəif olmalıdır?”

Polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir və polis orqanlarının maddi-texniki bazası möhkəmləndirilir. Bu məsələ Milli Məclisin iclasında müzakirə olunan “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Ekspertlər hesab edir ki, qanuverciliyə təklif olunan yeni mexanizm polis əməkdaşlarına yönəlik sosial layihələrin, mənzil və tibbi təminatın, eləcə də peşəkar hazırlığın maliyyə əsasını gücləndirəcək. Digər tərəfdən, bu cür mexanizmlər polis orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə də töhfə verəcək.

“Polisin əmək haqqı o qədər artmalıdır ki, ən azı Milli Məclis üzvlərinin əmək haqqının yarısı qədər olsun”

Məsələ haqqında fikir bildirən"Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, polisin bu gün fəaliyyəti bütün ictimaiyyətin,Azərbaycanda çalışan diplomatik korpusların, hətta onların ailə üzvlərinin məmnunluğu ilə yadda qalır: “Bakı şəhərində sabitliyin qorunması, təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur, yerinə yetirilir, ictimai qaydalar yerinə yetirilir. Hüquqpozmalarla bağlı hansı şəkildə mübarizə aparıldığı cəmiyyətə bəllidir. Danılmaz faktdır ki, kütləvi informasiya vasitələri o qədər geniş inkişaf edib ki, fikir və söz azadlığına belə məhdudiyyət yoxdur və polisin gördüyü işlər ictimailləşdirilir. Polisin vəzifələrini necə yerinə yetirməsi göz qabağındadır. Il ərzində 30-35 min cinayət rəsmən qeydiyyata alınır, onun 90 faizinin açılması təmin edilir. Bu cinayətlərin əksəriyyəti qeyri-aşkar şəraitdə baş verir. Nəzərə almaq lazımdır ki, cəmiyyətə, hətta polisin özünə bəlli olmayan bir şəraitdə baş verən cinayətlərin açılması zaman tələb edir. Burda şəxsi heyətin sayı da önəmlidir. Avropa ilə müqayisədə Azərbaycan polisinin sayı çox azdır. 10 milyondan çox əhaliyə Azərbaycan polisinin sayı azdır. Məlumata görə, mindən çox ştat vahidində vakansiyavar”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin olunmasınabütün qurumlar öz töhfəsini verməlidir. Lakin qurumların yarımillik və ya illik hesabatlarında özlərinin fəaliyyət istiqamətlərində cinayətkarlıqla mübarizə ilə bağlı bir cümləyə belə rast gəlmək mümkün deyil: “Təhlükəsizliyin təmin olunması daxili işlər orqanlarına və birgə çalışan hüquq-mühafizə orqanlarına həvalə edilib. Bunun öhdəsindən də tam şəkildə gəlinir”.

Ş.Əliyevin sözlərinə görə, polisin maliyyələşməsi mənbələri artırılır. Bu, “Polis haqqında” qanunda qeyd edilib: “Məlumat üçün deyim ki, polisin fəaliyyətinin maliyyələşməsi “Polis haqqında” qanunun 39-cu maddəsində də qeyd edilib. Qanunla müəyyən edilmiş qaydada bağlanılan müqavilələr, dövlət və qeyri-dövlətfondlarının hesabına maliyyələşdirilir. Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına maliyyələşən polis əməkdaşlarının sayını və onlara çəkilən xərci müvafiq icra hakimiyyəti orqanımüəyyənləşdirir. Ancaq bu gün polisin məvacibi, hüquq-mühafizə, prokurorluq orqanları və ya məhkəmə hakimiyyəti ilə müqayisədə 3-4 dəfə azdır. Ancaq faydalı iş əmsalına gələndə polis hər bir qurumdan 4 dəfə artıq işləyir. Məsələn, Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatında çalışan polis mayoru rütbəsində olan və 15 illik təcrübəyə malik əməkdaşın əmək haqqısı 950-1000 manat civarındadır. 15 il xidmət edən polis əməkdaşının övladlarından biri ödənişli ali təhsil alarsa, o ailənin vəziyyətini təsəvvür etmək çətin deyil. Həmçinin, onların mənzil şəraitini təsəvvür etmək lazımdır. Hazırda polis dövlət tərəfindən mənzillə təmin olunmur. Ancaq Sovet dönəmində polis rəsmi şəkildə mənzil növbəsinə dayanırdı, o xidməti vəzifəsini icra edərkən vəfat edərdisə həmin növbə ailəsinə şamil olunurdu. Ancaq bu gün bu kimi imtiyazlar yoxdur. Hesab edirəm ki, polis mayoru rütbəsində çalışanların əmək haqqısı azı 3000 manat olmalıdır. Belə olarsa, o həmin vəsaitlə həm ailəsini dolandırar,həm də ehtiyaclarını qarşılayar. Xatırladım ki,Ulu öndər Heydər Əliyev Şəhidlər Xiyabanını ziyarət edərkən üzünü polis əməkdaşlarlına tutub “mən polisin əmək haqqısını o qədər artıracam ki, onungözü digərlərinin əlində və cibində olmasın” sözlərini demişdi. Hesab edirəm ki, bu sitata hörmət və ehtiram bəsləmək lazımdır. Polisin əmək haqqı o qədər artmalıdır ki, ən azı Milli Məclis üzvlərinin əmək haqqının yarısı qədər olsun. Danılmaz faktdır ki, bu gün hər kəs evində rahat olursa, bu, polisin fəaliyyəti sayəsindədir. Polisin rifah halının yaxşılaşdırılması bizim konstitusiyamızda da qeyd edilib. Məlumat üçün deyim ki, konstitusiyanın 12-ci maddəsində Azərbaycan dövlətinin ali məqsədi qeyd edilir. Həmin maddədə bildirilir ki, insan hüquq və azadlıqlarını, Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək dövlətin ali məqsədidir. Polis Azərbaycan dövlətinin bir zümrəsidir, vətəndaşıdır. Polisin xidmətinin fərqində olmaq lazımdır. Onların narahat gecələrini, öz missiyalarını necə şərəflə icra etdiyini görmək, hiss etmək lazımdır. Azərbaycan polisinin rifah halı niyə Avropa polisindən zəif olmalıdır?”.

Günel CƏLİLOVA

Seçilən
32
2
baki-xeber.com

3Mənbələr