AZ

Jalə Əliyeva hədəflərini açıqladı: “Belə davam etsəm…”

Qadın güləşi üzrə Azərbaycan milli komandasının üzvü Jalə Əliyeva Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibə verib.

Arena.az xəbər verir ki, o, qarşıdakı yarışlara hazırlıqdan danışıb.

Jalə Əliyeva müsahibəsində yeni hədəflərindən də söhbət açıb:

– Bir neçə ölkənin iştirakı ilə Türkiyədə təlim-məşq toplanışı keçdiniz. Hazırlıq prosesini necə qiymətləndirirsən?
– Türkiyə yığma komandası ilə məşqlərimiz çox yüksək səviyyədə təşkil olundu. Təlim-məşq toplanışına Qırğızıstan və Qazaxıstan idmançıları da qatılmışdı. Təəssüf ki, zədələndiyimə görə toplanışda sona qədər iştirak edə bilmədim. Aldığım zədəni qısa müddətdə bərpa etmək üçün müalicəni Bakıda davam etdirəcəyəm.

– Avropa çempionatının yarımfinalında da zədələnmişdin. Bu zədə qarşıdan gələn yarışlarda öz təsirini göstərə bilər?
– Avropa çempionatında qabırğamdan zədə almışdım. Ancaq zədəmin artıq sağaldığını düşünürəm. Yenidən xalça üzərinə çıxan zaman mənə ciddi təsir göstərəcəyini düşünmürəm.

– Gələn ay Macarıstanda keçiriləcək ilin son reytinq tunirində iştirak etməyi planlaşdırırsan?
– Bəli, həmin yarışda güləşməyi düşünürəm.

– İlk dəfə 2022-ci ildə böyüklər arasında dünya çempionatında iştirak etmişdin və debütdə 5-ci yeri tutmuşdun. İndi daha təcrübəlisən. Bu dəfə dünya çempionatında medal gözləmək olarmı?
– Dünya çempionatı çox güclü yarışdır. Dünyanın ən yaxşıları bu çempionatda iştirak edir. Əlbəttə, hər idmançı ora medal qazanmaq istəyi ilə gedir. Mən də medal qazananların siyahısında olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.

– Dünya çempionatında əsas rəqiblər kimlər olacaq? Onlara qarşı xüsusi hazırlaşırsan?
– Güləş bir çox dövlətlərdə sürətli inkişaf etdiyinə görə, düşünürəm ki, qarşılacağımız rəqiblərin hamısını ciddiyə almaq lazımdır. Hazırlıq proseslerinə çox ciddi yanaşılmalıdır.

– 3 il əvvəl İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdunuz. Bu il Səudiyyə Ərəbistanında keçiriləcək anoloji yarışda titulu qoruya biləcəksinizmi?
– O yarışa çox güclü şəkildə hazırlaşmışdım. Qalib gələcəyimə inanırdım. Qarşıda hələ 4 aydan çox var. Əldə etdiyim bu nəticəni təkrarlamaq üçün daha da güclü formada olmaq və yüksək səviyyədə hazırlaşmaq lazımdır. İnanıram ki, bu şəkildə davam etsəm, İslam Həmrəyliyi Oyunlarından 2-ci qızılımı vətənimə gətirə biləcəyəm.

Seçilən
0
3
arena.az

7Mənbələr