AZ

İsrail-İran müharibəsinin qalibi…- AÇIQLAMA

İsrail–İran müharibəsi dünya gündəminin əsas müzakirə mövzularından birinə çevrildi. Yalnız regionda deyil, qlobal səviyyədə iqtisadi və siyasi çalxalanmalara da səbəb oldu. Hərbi toqquşmalar 12 gün davam etdikdən sonra, dünən tərəflər arasında nisbi sabitlik bərqərar olmağa başladı. Atəşkəs razılaşması və beynəlxalq vasitəçilərin cəlb olunması vəziyyətin daha da gərginləşməsinin qarşısını aldı.

 

Lakin indi əsas sual ortaya çıxır: 12 gün davam edən bu müharibənin qalibi kim oldu? Hər iki tərəf özünü qalib elan edir. Məsələyə bitərəf yanaşdıqda qazanan kimdir?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu indiki şəraitdə İran İslam Respublikası ilə İsrail arasında baş verən müharibəni qiymətləndirəkən doğru nəticəyə gəlməyin çətin olacağını deyib. 

 

 

Deputatın fikrincə, yaşanan hadisə nə bu münaqişənin başlanğıcıdır, nə də sonu: 

 


“Bu səbəbdən dəqiq analiz aparmaqdan çəkinmək lazımdır. Lakin konkret situasiyada yaranmış müvəqqəti fasilə fonunda qiymətləndirmə etsək, müharibənin əsas qalibi sülh olmuşdur. Qələbə həm də bölgədə nüvə silahı istehsal edərək bütün region ölkələri üçün təhlükə yaradan arsenalın sıradan çıxarılmasıdır. Bu cür yanaşma daha sağlam qiymətləndirmə sayıla bilər”.

 

H.Babaoğlu İsrail və İranın bu prosesi öz milli maraqları prizmasından dəyərləndirdikdə, qalibin kim olduğunun aydın göründüyünü əlavə edib. 

 

O bildirib ki, ərazi və əhali baxımından kiçik olan bir dövlət, böyük bir imperiyaya ciddi zərbə vurmağı bacardı:

 

“Hazırkı mərhələdə isə sadəcə İran-İsrail qarşıdurmasının ilkin mərhələsi tamamlanıb. Mən düşünürəm ki, qonşu ölkə üçün bu 12 günlük müharibənin əsl nəticələri sonradan ortaya çıxacaq. Vaşinqton isə  bütün dünyaya nümayiş etdirdi ki, onun hərbi gücü istənilən bölgədə, istənilən əməliyyatı həyata keçirmək imkanına malikdir”.

 

Fidan Hacızadə
Sfera.az

 

Seçilən
14
sfera.az

1Mənbələr