AZ

Koreya Müharibəsinin başlamasından 75 il ötür

Yazını böyüt
Yazını kiçilt

Bu gün Koreya Respublikasında 25 iyun 1950-ci ildə başlamış Koreya müharibəsinin 75-ci ildönümü qeyd edilir.

Hafta.az-ın yazdığına görə, bu gün Koreyandə 75 il öncəki qanlı döyüşlərdə həlak olan koreyalı vətənpərvərlər və onların haqq davasına dəstək verərkən canından olmuş beynəlxalq əsgərlərin xatirəsi anılır, sağ qalan veteranlara dərin hörmət və minnətdarlıq qeyd olunur.

Digər adıyla 6.25 Müharibə adlanan Koreya Müharibəsi 1950-ci il iyunun 25-də Şimali Koreya ordusunun “Fırtına əməliyyatı” planına uyğun olaraq 38-ci paralel boyunca Cənubi Koreya ərazisinə qəfil hücuma keçməsi ilə başlayıb və qısa müddətdə BMT qüvvələrinin və Çin Xalq Könüllü Ordusunun iştirakı ilə genişmiqyaslı qlobal müharibəyə çevrilib. Lakin qanlı döyüşlər 27 iyul 1953-cü ildə yerli vaxtla saat 22:00-da imzalanan Koreya Hərbi Atəşkəs Müqaviləsi ilə müvəqqəti başa çatıb. Amma reallıq budur ki, atəşkəşdən sonra da iki tərəf arasında maddi və qeyri-maddi qarşıdurma günümüzədək davam edir. Bu, İkinci Dünya Müharibəsindən sonra kommunist və anti-kommunist düşərgələri arasında müharibəyə çevrilmiş “Soyuq Müharibə”nin ən açıq nümunəsidir. Bu, “Soyuq Müharibə”, eyni zamanda faktiki müharibə idi və həm yerli, həm də geniş əhatəli müharibə kimi mürəkkəb xarakter daşıyırdı.

Müharibədən əvvəl Çin Xalq Respublikasından Mao Tszedon və Sovet İttifaqından İosif Stalinin güclü dəstəyini alan Şimali Koreya rəhbəri Kim İl-Sunq 38-ci paraleli və şərq sahilini 11 nöqtədən keçərək 38-ci paralelin cənubunda Cənubi Koreya ərazilərini müharibə elan etmədən işğal edib. O zaman Şimali Koreya Çin və SSRİ-dən də aldığı dəstək nəticəsində böyük hərbi gücə malik idi. Ona görə də düşmən ordusu üç gün içində Seula çatıb və iyunun 28-də Seul şəhərini ələ keçirib. Şimali Koreya ordusunun silahlı hücumuna cavab olaraq BMT Təhlükəsizlik Şurası 82 və 83 saylı qətnamələri qəbul edib. 27 iyun 1950-ci ildə qəbul olunan 83 saylı qətnamədə Cənubi Koreyaya Şimali Koreyanın təcavüzünü dəf etməsi üçün bütün zəruri dəstəyin verilməsi qərara alınıb.

BMT Təhlükəsizlik Şurasının 7 iyul 1950-ci ildə qəbul etdiyi 84 saylı qətnaməsində BMT-yə üzv dövlətlərin Cənubi Koreyaya göstərdiyi hərbi və digər yardımların Birləşmiş Ştatların komandanlığı altında birləşdirilməsini tövsiyə edilib. Beləliklə, iyulun 7-də BMT qüvvələri general Duqlas MakArturun baş komandan kimi təşkilatlanmasına başlanıb, müttəfiq qüvvələr Nakdonq çayının müdafiə xəttində həlledici döyüş aparıblar.

Müttəfiq Qüvvələr sentyabrın 15-də Duqlas MakArturun İnçon desant əməliyyatı ilə başlayan genişmiqyaslı əks hücuma keçərək oktyabrın 10-da Pxenyana və Yalu çayına çatıb. Noyabrın ortalarında Çin Xalq Könüllü Ordusu işə qarışaraq vəziyyəti yenidən dəyişdirdi və nəticədə Hyesanjin istiqamətində irəliləyən Cənubi Koreya Ordusu 1951-ci il yanvarın 4-də Seulu yenidən itirib. Bu, 4 Yanvar Geriçəkilişi kimi tarixdə qalır. Bununla belə, Cənubi Koreya ordusu və BMT qüvvələri yenidən həmlə edərək martın 15-də Seulu geri alıb.

İlk atəşkəs danışıqları 23 iyun 1951-ci ildə başlayıb, lakin bir çox münaqişələr, məsələn, hərbi əsirlərin repatriasiyası müharibənin davam etməsi ilə nəticələnib. 27 iyul 1953-cü il saat 22:00-da imzalanan Koreya Atəşkəs Müqaviləsi nəticəsində Koreya yarımadasındakı Hərbi Demarkasiya Xətti boyunca atəşkəs yaradılıb.

1953-cü il oktyabrın 1-də ABŞ-la Cənubi Koreya arasında bağlanan müqavilənin şərtləri ilə Amerika hərbi qüvvələrinin ölkə ərazisində saxlanılmasına hüquqi əsas yaranıb və ABŞ öz hərbi bazasını qurub.

Bu qanlı müharibədə Koreya Respublikasının 138 minə yaxın vətəndaşı həlak olub, 451 min nəfər yaralanıb, 33 min nəfər isə itkin düşüb. Eyni zamanda, müttəfiq qüvvələrindən 41 min əsgər həlak olub, 104 min nəfər yaralanıb və 10 minədək düyüşçü itkin düşüb.

Seçilən
17
50
hafta.az

10Mənbələr