Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) rafinə pambıq yağı istehsalına dair texniki şərtləri əhatə edən yeni dövlət standartı layihəsini ictimai müzakirəyə təqdim edib.
"Report" AZTAND-a istinadən xəbər verir ki, layihə üzrə ictimai müzakirələr başa çatdıqdan sonra sənəd təsdiq edilərək dövlət standartı kimi qəbul olunacaq.
Yeni texniki şərtlər preslənmə, ekstraksiya və ya digər üsullarla əldə olunan, əvvəlcədən emal edilmiş pambıq toxumlarından alınan təmizlənməmiş pambıq yağının rafinə edilməsi (təmizlənməsi) yolu ilə əldə olunan yağın istehsalını tənzimləyəcək.
Standart layihəsi “Bakı Yağ Fabriki” MMC tərəfindən hazırlanıb və AZSTAND nəzdində fəaliyyət göstərən “Qida məhsullarının keyfiyyəti və texnologiyası” üzrə Texniki Komitə (AZSTAND/TK33) tərəfindən təqdim olunub.
Sənədin müddəaları beynəlxalq standartlar, norma və qaydalar, digər ölkələrin qabaqcıl milli standartları, həmçinin elmin, texnikanın və texnologiyanın müasir nailiyyətləri əsasında hazırlanıb. Standartın dövri yoxlanma müddəti 5 il olaraq müəyyən edilib.