Baş prokuroru Kamran Əliyev Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün ilə görüşüb.
Bu barədə hafta.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, qonağı salamlayan Baş prokuror tarixən xalqlar arasında milli köklərə əsaslanan münasibətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamları ilə ifadə olunduğunu bildirib. Baş prokuror iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasətləri nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi qeyd edib.
Kamran Əliyev ikitərəfli əməkdaşlığın inkişafında ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında keçirilmiş çoxsaylı görüşlərin və beynəlxalq tədbirlər çərçivəsində qurulan səmərəli dialoqun mühüm rol oynadığını vurğulayıb. O, ötən il Bakıda təşkil olunmuş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində keçirilmiş yüksək səviyyəli sessiya və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransında Türkiyə prokurorluğunun nümayəndə heyətinin iştirakını xüsusilə qeyd edib.