AZ

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

Həkim Günel Məmmədlinin üç il öncə qızıma etdiyi uğursuz əməliyyat onun qulağında çürüməyə səbəb oldu”.

Publika.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya azyaşlının anası müraciət edib. Adının çəkilməsini istəməyən qadın qeyd edib ki, sözügedən otolorinqoloq hazırda “Baku Medikal Plaza”da fəaliyyət göstərir.

Şikayətçinin sözlərinə görə, 7 yaşlı övladı anadangəlmə “cup ear” xəstəliyindən (red: qulağın üst hissəsinin qatlanaraq və ya daralaraq həmin nahiyə boşluğuna doğru qatlanması ilə xarakterizə olunan qulaq anomaliyasıdır) əziyyət çəkdiyi üçün əməliyyata üz tutublar: “Əməliyyatı 3 il öncə etdirmişik. Bu prosesdən sonra sarğı açılanda qulaqda nekroz (canlı toxumalarda hüceyrələrin erkən ölümü) əmələ gəldi. Qızımın vəziyyəti getdikcə daha da pisləşirdi, həkim isə bizə bunun düzələcəyini deyirdi. Lakin əməliyyat elə lap əvvəldən düzgün icra edilmədi. Belə ki, onun qulağında qan dövranı artıq pozuldu və üst hissəsi çürüdü. Bundan sonra eyni həkim yerli keyitmə ilə tikiş atdı. Lakin qulağın forması dəyişdi”.

Qulağın əməliyyatdan öncəki və sonrakı halı:

Valideyn deyir ki, otolorinqoloqdan dəymiş ziyanı tələb etsə də, o, buna məhəl qoymayıb: “Ümumilikdə bu əməliyyata 2 min manata yaxın pul ödəmişəm. Mənə dedi ki, “sizə bir qəpik də verməyəcəyəm. İstədiyiniz yerə şikayət edin”. Bundan sonra psixoloji sarsıntılar keçirdim və heç bir yerə müraciət etmədim. Hər ay fərqli həkim qəbuluna getsək də, çarəsinin Türkiyədə olduğu bildirildi. Və orada bu əməliyyatın məbləği 20 min manatdır. Buna isə gücümüz çatmaz. Həmin həkim məsuliyyət daşımalıdır ki, azyaşlı qızımı pis vəziyyətə salıb. Mənim müvafiq qurumlara müraciətimdən sonra qarşı tərəf pul təklif etdi, bunu qəbul etmədim. Lakin o, hələ də bu əməliyyatın ona aid olmadığını deyir”.

Ana, həmçinin əlavə edib ki, həkim əməliyyat zamanı vətəndaşa heç bir tibbi sənəd təqdim etməyib: “Əməliyyatla bağlı əlimizdə heç bir sənəd yoxdur. Ödəniş də həmçinin nağd formada həyata keçirilib. Ancaq biz xəstəxanadan analizləri ala bildik. İstəyirəm ki, hər kəs lisenziyası belə olmayan bu həkimi tanısın. Biz isə zərərin bütünlüklə qarşılanmasını tələb edirik”.

Seçilən
30
46
publika.az

10Mənbələr