AZ

İsa peyğəmbərin 12 həvarisindən 1-i Bakda ölüb? - Kilsədən AÇIQLAMA

24 iyun tarixində bütün xristianlar üçün müqəddəs sayılan həvari Bartalmay üçün Bakı şəhərində - Qız qalasının ətrafında dua mərasimi keçirilib. İbadətə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Onu yeparxiyanın ruhaniləri müşayiət ediblər.

İbadətin sonunda Bakı yeparxiyasının rəhbəri yepiskop Aleksiy və Azərbaycanda Katolik kilsəsinin apostol prefekti yepiskop Vladimir şəhərə və imanlılara xeyir-dua veriblər.

Modern.az mövzu ilə bağlı Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayevlə həmsöhbət olub.

O qeyd edib ki, xristianlığın ilk illərdə geniş yayılması İsa Məsihin 12 şagirdinin vaiz fəaliyyəti ilə bağlıdır. Həmin 12 şagirdə biz "12 həvari" və ya "12 apostol" deyirik. Həvari ərəb mənşəli, apostol isə yunan mənşəlidir - onlar  "elçi", "göndərilən" mənasını daşıyır:

“İsa Məsih ölümdən diriləndən sonra və göylərə qalxmasından öncə şagirdlərinə bir tapşırıq verir: "Gedin, bütün millətləri mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin" (Mattanın İncili 28, 19). Allahın iradəsinə görə, hər bir həvariyə o dövrdə məlum dünyanın müxtəlif istiqamətlərinə həvari səfəri etmək püşkü düşdü. Həm Şərqi Kilsənin, həm də Qərbi Kilsənin əsrlər boyu qoruyub saxladığı və nəsildən nəsilə ötürdüyü qədim ənənəsinə görə Cənubi Qafqazda və xüsusən də müasir Azərbaycanın torpaqlarında xristianlığın vəfz edilməsi həvari Bartalmayın (əsl adı Natanieldir, Bartalmay adı onun atasının adı ilə bağlıdır  - bar Talmay - Talmayın oğulu) adı ilə bağlıdır”. 

Toral Ağayev vurğulayıb ki, kilsə rəvayətinə görə, Bartalmayın həvari səyahəti müasir Türkiyə, Cənubi Qafqaz, İran və Hindistan ərazilərindən keçib. 

"Onun harada şəhid olması ilə bağlı müxtəlif versiyalar var. Onlardan biri Bartalmayın məhz Xəzər dənizinin sahilində bütpərəst kahinlər tərəfindən öldürüldüyünü deyir”. 

Regionumuzun xristianları arasında həvarinin şəhid olduğu məkanın məhz Bakının Qız qalasının ətəyinin olması inancı qədim zamanlardan mövcud olub. 

Bu səbəbdən də, Kilsənin rəvayətinə və ənənəsinə etibar edərək, yerli xristianlar müqəddəs həvari Bartalmayı torpaqlarımızın və bu torpaqlarda duran kilsənin səmavi hamisi, şəfaətçisi kimi qəbul edir". 

“Əslində, bu bir iman məsələsidir və bu iman ənənəsini Azərbaycanda iki həvari-mənşəli Kilsələr yaşadır -  Azərbaycanın Pravoslav və Katolik Kilsələri. 

Buna görə də hər il həvari Bartalmayın Şərqi xristian ənənəsinə görə anım günündə, yəni 24 iyunda, Azərbaycanın pravoslav icması, ölkənin katolik və digər xristian icmalarının üzvlərinin iştirakı ilə, müqəddəs həvari Bartalmayın şərəfinə Qız qalasının ətəyində ibadət keçirir, səmavi hamimizin şəfaəti ilə Allahdan Bakımıza və ölkəmizə xeyir-dua, əmin-amanlıq, xalqımıza sülh və rifah diləyir”. 

Kilsənin Qərb ənənəsindən də danışan T. Ağayev qeyd edib ki, həvari Bartalmayın xatirəsi avqustun 24-də qeyd olunur. Həmin gün ölkədə yaşayan katolik xristianlar Müqəddəs Məryəm katolik kilsəsində həvarinin şəfaəti ilə keçirilən ibadətdən sonra, kilsədən Qız qalasınadək kiçik zəvvar gəzintisi edir və pravoslavlar kimi, həvari Bartalmayın iman rəşadəti və şəhadəti xatirinə Allahdan kilsə, ölkə və xalq üçün dualar edir:

“Bartalmayın qəbrinin Qız qalasının ətəyində olub-olmaması haqqında kilsənin məlumatı yoxdur. 
Lakin müqəddəs həvarinin mübarək qalıqları Bakının həm pravoslav kafedral kilsəsində, həm də paytaxtın baş katolik kilsəsində saxlanılır. 

Azərbaycanda bu qədim ənənənin qorunub saxlanılması və yerli xristianlar tərəfindən yaşadılması ölkə tarixinin qədimliyinin, cəmiyyətimizin dini-mənəvi zənginliyinin gözəl nümunələrindən biridir”.
 

Seçilən
10
2
modern.az

10Mənbələr