AZ

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyini və ixrac potensialını artıran strateji layihədir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 24-də Prezident İlham Əliyev Mingəçevir şəhərindəki “8 Noyabr” Elektrik Stansiyasının rəsmi açılışında iştirak edib. Bu hadisə Azərbaycanın enerji sektorunda mühüm dönüş nöqtəsidir. Mingəçevirdə yerləşən “8 Noyabr” Elektrik Stansiyası yeni termik enerji layihəsidir. Bu, eyni zamanda, Azərbaycanın enerji sistemində strateji əhəmiyyət kəsb edir.

Bu stansiya ilə Mingəçevir Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın enerji mərkəzi statusunu daha da gücləndirir, ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 40 faizi buradan qarşılanır. Bu layihə Azərbaycan üçün strateji sərmayədir, həmçinin İtaliya və Çin şirkətlərinin bu layihəyə cəlb edilməsi beynəlxalq əməkdaşlığın göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O xatırladıb ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tarixi 1970-ci illərə gedib çıxır. 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsas bloklar tikilib və 1981-ci ildə istismara verilib. Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı ölkəmizin uğurlar əldə etməsinə imkan yaradır. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyulub, 2020-ci il iyunun 25-də stansiyaya yeni həyat verilib. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur.

P.Vəliyeva qeyd edib ki, təxminən iki il ərzində ərsəyə gələn belə bir nəhəng layihənin qısa müddətdə istifadəyə verilməsi Azərbaycanda mövcud olan energetika bazasının, kadr təcrübəsinin və energetiklərin peşəkarlığının və eləcə də ölkəmizlə əməkdaşlıq edən İtaliya və Çin şirkətlərinin töhfələrinin nəticəsidir ki, ölkəmiz bu böyük uğurun qazanılmasına və həyata keçirilməsinə nail olub. Məlum olduğu kimi, Azərbaycan tərəfindən strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanıb. İtaliya və Çin həm də ölkəmizin bir nömrəli ticarət tərəfdaşlarıdır. Dövlətimiz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa, Çinlə isə daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayıb.

“Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki Azərbaycan qazı hazırda 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan onu Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Beləliklə, ölkəmizə çox böyük mənfəət və yeni uğurlar gətirəcək “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyini və ixrac potensialını artıran strateji layihədir. Bu stansiya həm də ölkəmizin enerji balansına modern, effektiv güc daxil edərək ətraf mühitə təsirləri də azaltmağa xidmət edir. 1880 meqavat gücündə olan bu stansiya ölkənin enerji potensialını daha da gücləndirəcək və enerji sisteminin səmərəliliyini artıracaq. Bu layihə Azərbaycanın geniş yaşıl energetika strategiyasının tərkib hissəsidir. Gələcəkdə külək və Günəş enerjisi ilə təchiz olunmuş layihələr, enerji ixracı və saxlama sistemləri ilə bağlı beynəlxalq əməkdaşlıqların da genişlənəcəyi qaçılmazdır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
4
azertag.az

5Mənbələr