İqlim dəyişikliyinin mənfi fəsadları artmaqda bəşəriyyəti ciddi təhdid altına almaqda davam edir. Bu fonda alimlər bildiriblər ki, bəşəriyyətin qlobal temperatur artımını 1,5 dərəcə Selsidə saxlamaq üçün cəmi iki ili qalıb. Bu həddi aşmaq fəlakətli nəticələrə gətirib çıxaracaq.
Bu qənaət 17 ölkədən 60-dan çox alim qrupu tərəfindən tərtib edilmiş və “Earth System Science Data” jurnalında dərc olunmuş “Qlobal iqlim dəyişiklikləri göstəriciləri” adlı üçüncü illik hesabatda yer alıb.
Tədqiqat iqlim sisteminin necə dəyişdiyi və insan fəaliyyətlərinin ona necə təsir etdiyi barədə ən son məlumatları təqdim etmək üçün İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel tərəfindən hesabata verilən əsas iqlim göstəricilərinə illik yeniləmələr təqdim edir. Təhlildə qalan karbon büdcəsi qeyd olunur, yəni, qlobal istiləşmə həddi 1,5 dərəcə Selsidə qaçılmaz olana qədər atmosferə nə qədər karbon qazı buraxıla bilər. 2020-ci ildə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel qalan karbon büdcəsini təxminən 500 qiqaton karbon qazı olaraq qiymətləndirib. 2023-cü ilin əvvəlində bu rəqəm iki dəfə azalıb və 2024-cü ilə qədər 200 qiqaton oldu ki, bu da hazırkı səviyyələrdə beş illik emissiyaya bərabərdir. Bununla belə, 1,5 dərəcə Selsi hədəfi üçün qalan karbon büdcəsinin yeni hesablamaları 130 qiqaton karbon təşkil edir ki, bu da cari karbon qazı emissiyaları səviyyəsində cəmi üç il ərzində tükənəcək. Həmçinin 1,6 və ya 1,7 dərəcə Selsi fonunda büdcəni cəmi doqquz il ərzində aşmaq olar. Lids Universitetinin Pristli İqlim Gələcəyi Mərkəzinin direktoru və tədqiqatın müəllifi Pirs Forster məsələ ilə bağlı qeyd edib: “Üçüncü illik qlobal iqlim dəyişikliyi göstəriciləri sübut edir ki, istiləşmənin həm səviyyəsi, həm də tempi misilsizdir. Rekord istixana qazları emissiyaları getdikcə daha çoxumuzun iqlim dəyişikliyinə təsirlərin təhlükəli səviyyələrini yaşadığımız anlamına gəlir”. “Grentem” İnstitutunun tədqiqat üzrə direktoru və London İmperial Kollecinin Ətraf Mühit Siyasəti Mərkəzinin iqlim elmi və siyasəti professoru Coeri Roqelə görə, 1,5 dərəcə Selsi həddində qalma pəncərəsi sürətlə bağlanır: “Qlobal istiləşmə artıq dünyada milyardlarla insanın həyatına təsir edir. İstiləşmədə hər kiçik artım vacibdir, çünki bu, daha tez-tez və intensiv ekstremal hava hadisələrinə gətirib çıxarır”. Dünya Bankı və Qlobal Fəlakət Riskinin Azaldılması Fondunun "”Dözülməz: Avropa və Mərkəzi Asiya şəhərləri daha isti gələcəkdə necə yaşaya və inkişaf edə bilər” adlı birgə hesabatında isə qeyd olunur ki,
Avropa və Mərkəzi Asiya şəhərləri davamlı şəkildə temperatur artımı ilə üzləşir və bu artım yaxın onilliklərdə istilərlə bağlı ölüm hallarının üç dəfə artmasına və 2050-ci ilə qədər regionun illik ÜDM-nin 2,5 % azalmasına səbəb ola bilər. Sənədə əsasən, əhalinin 70 %-dən çoxunun yaşadığı regionun ən böyük şəhərlərində isti günlərin sayı əsrin ortalarına qədər üç dəfədən çox arta bilər. Cənubi Avropa və Türkiyə xüsusilə həssas olacaq - bəzi şəhərlərdə isti hava şəraiti hər il 40-70 gün daha çox davam edə bilər: “Ekstremal isti hava şəraiti nəqliyyatın işində maneələr törədir, enerji sistemlərində yüklənmələrə səbəb olur, quraqlıq və yanğınları gücləndirir. Eyni zamanda, havanın keyfiyyətini pisləşdirir, xüsusilə tikinti, nəqliyyat və turizm kimi sahələrdə istehsal həcmlərini və əmək qabiliyyətini azaldır”. Bankın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Sameh Vahba qeyd edib ki, istilik dalğaları şəhərləri yaşamaq üçün daha az əlverişli edir. Belə hava şəraiti xüsusilə yaşlı insanlar, uşaqlar və yoxsul əhali təbəqələri üçün çətinlik yaradır.
Dünya Bankı itki riskini azaltmaq üçün artıq bu gün uyğunlaşma tədbirlərinin tətbiq edilməsini tövsiyə edir. Bunlara erkən xəbərdarlıq sistemləri, həssas rayonlarda sərinləmə mərkəzləri, istiyə davamlı tikinti materialları və iqlimyönümlü şəhərsalma planlaması daxildir. Hesabata əsasən, ən həssas ölkə Azərbaycan olub: ölkədə istiləşmə səbəbindən bütün iş saatlarının 0,38 %-i itirilib. Ölkənin şəhərlərində sektorlar üzrə itkilər - tikintidə - 0,76 %, sənayedə - 0,36 %, xidmət sektorunda - 0,8 % təşkil edib. Dünya Bankının 2030-cu il üçün proqnozu daha narahatedicidir: Azərbaycanda xidmət sahəsində iş saatlarının 1 %-i, sənayedə 3 %-dən çoxu, tikintidə isə kölgə şəraitində belə 7 %-ə qədəri itirilə bilər. qeyd edək ki, iqlim dəyişikliyi və onun yaratdığı fəsadlardan dünya ölkələrinin əksəriyyəti müxtəlif formalarda əziyyət çəkir. Belə fəsadlardan biri də səhralaşma riskidir. Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların sahəsində son dörd ildə cüzi azalma qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə 4 milyon 780,1 min hektar olan bu torpaq sahələri 2023-cü ildə 4 milyon 779,6 min hektara enib. Əkin sahələri 2022-ci ildə 2 milyon 52,8 min hektar ilə maksimum həddə çatsa da, 2023-cü ildə bu rəqəm 2 milyon 37,4 min hektara düşüb. Otlaq sahələrində də oxşar tendensiya müşahidə olunub – 2020-ci ildə 2 milyon 314,2 min hektar olan otlaq sahələri 2023-cü ildə 2 milyon 305,5 min hektara qədər azalıb. Səhralaşma və quraqlıq artıq ekoloji deyil, həm də sosial-iqtisadi problemə çevrilir. Bu, Azərbaycandan da yan keçmir. Bu fonda iqlim məsələsinə daha çox diqqət olunması zəruri hesab olunur. Belə bir vaxtda Flinders Universitetindən mütəxəssisləri iqlim dəyişikliyinin insan sağlamlığına yeni bir təhlükə yaradacağı barədə xəbərdarlıq edirlər. “Nature Communications” jurnalında dərc olunan tədqiqatda bildirilib ki, qlobal istiləşmə nəticəsində artan ətraf mühit temperaturları obstruktiv yuxu apnesi hallarını daha da ağırlaşdıracaq. “Qlobal istiləşmə obstruktiv yuxu apnesinin yükünü artıra bilər” adlı araşdırma obstruktiv yuxu apnesinin şiddətində temperaturla bağlı artım müşahidə edir və yaxın 75 ildə bu vəziyyətin sosial və iqtisadi yükünün əksər ölkələrdə ikiqat artacağını proqnozlaşdırır.
Tədqiqatın baş müəllifi, doktor Bastian Leşa qeyd edir ki, araşdırma ətraf mühit temperaturunun yuxu zamanı tənəffüs pozuntularına necə təsir etdiyini ilk dəfə elmi əsaslarla ortaya qoyur: “Ətraf mühit faktorlarının sağlamlığa təsirini başa düşmək baxımından bu nəticələr olduqca əhəmiyyətlidir. Araşdırma göstərir ki, temperaturun yüksəlməsi yuxuda obstruktiv yuxu apnesi keçirmə ehtimalını 45 faiz artırır”.
Ramil QULİYEV