Son illər ölkədə gec yaşda nikaha daxil olan gənclərin sayında artım müşahidə olunur. Rəqəmlər göstərir ki, Azərbaycanda həm qadınlar, həm də kişilər arasında nikaha daxil olma yaşı ən yüksək səviyyəyə çatıb. Statistika Komitəsinin məlumatına görə, 1991-ci ildə - Azərbaycan müstəqillik əldə etdiyi zaman rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 26,8, qadınların orta yaş həddi isə 23,3 olub. Ancaq 2023-cü ildə isə ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların isə 24,2 təşkil edib.
Bəs, görəsən, gənclərin gec yaşda nikaha daxil olmasına səbəb nədir? Bu gələcəkdə demoqrafik problem yarada bilərmi?
Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, bu gün gənclərin gec yaşda ailə qurmalarının başlıca səbəbi günlərinin çox hissəsini iş başında keçirmələridir: "Başı işləməyə, pul qazanmağa, karyera qurmağa qarışan insanın bütün diqqəti ancaq buraya yönəlir. Evlənmək belə insanlar üçün ikinci plana keçir. Gününün çox hissəsini işdə keçirən, iş başında olan insanların tanışlıq üçün də imkanı qalmır. Gənclərimiz ancaq universitetdən və işdən evə və əks istiqamətə hərəkət etməyə vaxt tapırlar. Yaxud həm oxuyub həm işlədiklərindən, ya da 2 yerdə işlədiklərindən ailə qurmaq yaddan çıxır. Ev alım, maaşım yüksək olsun, sonra ailə quraram deyir və nəticədə yaş keçir. Təhsil almaq, iş axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq, bütün bunlar uzun illər tələb edir. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan evlilik fikrinə soyuq yanaşır. Digər tərəfdən, əvvəllər gənclər valideynlərin uyğun gördüyü, məsləhət bildiyi insanla ailə qururdular. İndi dövr dəyişib, çox az insan tapılar ki, valideyn seçimi ilə ailə qursun. Gənclər daha çox özləri seçim etməyə, gələcək həyat yoldaşlarını özləri seçməyə üstünlük verirlər. Özü kimi düşünən, özünə uyğun adam tapmağa çalışırlar. Bu da müəyyən qədər zaman alır. Təcrübə göstərir ki, valideynlər tərəfindən verilən təkliflər çox vaxt asılılıq yaradır”.
Ekspert vurğulayır ki, əvvəllər valideynlər həm də daha çox moderator rolunda çıxış edirdilər, ailənin qurulmasına, saxlanmasına təsir göstərirdilər: “İndi valideynlər də iqtisadi yükü öz üzərlərinə götürmək istəmir, eyni zamanda, moderatorluğu da pozitiv şəkildə həyata keçirmirlər. Daha çox dağıdıcı rolunda çıxış edirlər. Əgər valideynlərin iqtisadi cəhətdən gənc ailəyə təsir etmək imkanları varsa, onlar hakimiyyəti öz əllərinə almaq və öz istədikləri kimi idarə etmək istəyirlər. Bununla da gənclərin çoxu razılaşmır. Bu səbəbdən də gənclər ailə qurduqdan sonra valideynlərdən ayrı yaşamaq istəyirlər. Əslində, 25-30 yaş evlənmək üçün ən uyğun yaşdır. Məhz bu yaşda insanda həyata baxış dəyişir, məsuliyyət hissi yaranır. Gənclər, artıq iqtisadi imkanlarını yaxşılaşdırmaq üçün yollar tapa və özləri öz həyatlarını idarə edə bilirlər.
Məsələ ilə bağlı psixoloq Vəfa Əkbər bildirir ki, gənclərin formalaşması həm bioloji, həm psixoloji baxımdan müəyyən yaşdan sonra baş verir: “30 yaşlı şəxs həm fiziki, həm də psixoloji baxımdan evliliyə hazır olur. İnsanların ayaqda durması və müstəqil həyata qədəm qoyması üçün daha çox zamana ehtiyacı var. Onlar sosial qayğılardan qurtulub ailə həyatı qurmaq istəyirlər. Əslində, müəyyən yaşdan sonra qurulan ailələr daha fundamental olur. Gec yaşda ailə quran insan onun qədrini daha çox bilir. Ailəsinə daha çox bağlı olur. Gənclər status üçün evlənirsə, ailə təməli çox zəif qurulur. Ad xətrinə, həmkar və çevrələrindəki insanların görməsi üçün baş tutan evliliklər gec-tez mənfi nəticələrə gətirib çıxarır. Normal və vaxtında, öz seçimləri ilə qurulan ailələrdən sağlam övladlar da dünyaya gəlir. Mənfi tərəfləri isə odur ki, yaş ötür və düşüncə tərzi dəyişir. Erkən nikahların isə mənfi təzahürləri daha çoxdur. Münaqişələr, zorakılıq, ayrılıq halları erkən nikahlarda daha çox müşahidə edilir”.
V.Əkbərin fikrincə, insanlar özlərini evliliyə psixoloji baxımdan hazır hiss etdikləri zaman ailə qurmalıdırlar: “İnsan mənən, qəlbən və psixoloji baxımdan özünü hansı yaşda evliliyə hazır hiss edirsə, o zaman da ailə qurmalıdır. İnsan var ki, sosial cəhətdən təminatlıdır, ancaq özünü evliliyə hazır hiss etmir. Belə insanı evlilik yaşı keçsə belə, evliliyə məcbur etmək düzgün deyil”.
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, evlilik yaşının artması yalnız sosial deyil, həmçinin mənəvi, iqtisadi problemdir:
“Evlilik yaşının artmasına səbəb olan bir neçə amil var. Adətən, insanlar özlərini cəmiyyətə, həyata hazır hiss edən zaman ailə həyatı qururlar. Təəssüf ki, son illər cəmiyyətdə mövcud olan problemlər - istər mənəvi, istər sosial, iqtisadi, psixoloji - elə bir şərait yaradıb ki, insanlar həyata tam hazırlaşa bilmir. Əvvəllər həyat bir qədər sadə idi. Ailə haqqında təsəvvürlər, standartlar var idi. Hamı bilirdi ki, müəyyən yaşa çatan zaman ailə qurmaq lazımdır. Cəmiyyətdə konkret standartlar hökm sürürdü və hər kəs buna uyğun həyatını formalaşdırırdı. İndi ümumiyyətlə ailə dəyərləri, ailə haqqında təsəvvürlər dəyişib. İnsanların mürəkkəb cəmiyyətdə şəxsiyyət kimi formalaşma prosesi uzanıb.
Məsələn, kənd yerində 19-20 yaşlı gənc artıq özünü kəndin bərabərhüquqlu sakini hesab edə bilirsə, şəhərdə bu baş vermir. Şəhərdə həmin yaşda olan gənc hələ özünü uşaq hesab edir yaxud onu uşaq yerinə qoyurlar. Ona görə də hazırda insanların özünü cəmiyyətin normal üzvü hesab etmə prosesi uzanıb”.
Sosioloq hesab edir ki, cəmiyyətdə yaranan yeni dəyərlər də evlilik yaşının artmasına səbəbdir: “Digər tərəfdən, iqtisadi problemlər var. İndiki vaxtda gənclərin əksəriyyətinin mənzili yoxdur. Eyni zamanda onlar kirayə mənzildə də qalmaq istəmirlər. Əvvəllər Azərbaycan ailələrində bir qız oğlanın valideynləri ilə yaşaya bilirdi. İndi isə bu tendensiya zəifləyib. Çox az qız valideynlərlə yaşamağa razı olar. Yaxud elə hər valideyn də ailə içində yeni ailənin yaranmasını istəmir. Bu istiqamətdə də dəyərlər dəyişib. İndiki gənclərin 90 faizi yalnız fərdi mənzili olandan sonra ailə həyatı qurmaq istəyir. Üstəlik, cəmiyyətimizdə yaranan geyim yarışı, toy modelləri də həyatı çətinləşdirib. Qabaqlar bir ailəni saxlamaq asan idisə, indi ailəni maddi cəhətdən təmin etmək xeyli çətinləşib. Məsələn, əvvəllər kiçiklər böyük bacı-qardaşlarının paltarlarını geyib böyüyürdüsə, indi dəbdəbəli həyat daha çox gündəmdədir. Bütün bunlar indiki vaxtda evlilik yaşının artmasına gətirib çıxaran amillərdəndir”.
Mövzu ilə bağlı həkim-terapevt Rasif Bağırov bildirir ki, tibbi nöqteyi-nəzərdən yanaşanda, evlilik üçün ən uyğun yaş dövrü 18-30 aralığıdır: “Bu gün Azərbaycanda gənclər 30 yaşında subay gəzməyə çox adi baxırlar. Amma 30 yaşdan sonra xüsusilə qadınların uşaq dünyaya gətirməsi 30-40 faizə qədər azalır. Bu da ona görədir ki, qadınlarda 28-40 yaş aralığında estrogen hormonunun səviyyəsi yavaş-yavaş aşağı düşür. 40 yaşında isə həmin hormon çatışmazlığı ən yüksək həddini yaşayır. Mən demirəm ki, qızlar elə 18 yaşından ailə qurmalıdırlar. Qızların 18 yaşında bütün orqanları öz fəaliyyətini tam bərpa edir. Eyni proses oğlanlara da aiddir. Etiraf edək ki, bu gün informasiya çoxluğu, çoxsahəli, uzunmüddətli təhsil sisteminin mövcud olması və ali təhsilin vacibliyi, onun geniş əhali təbəqəsi arasında yayılması nikaha daxilolma yaşının artmasına səbəb olur. Çox vaxt ali təhsil 22–25 yaşlarında başa çatır. Oğlan və qızlar təhsil aldıqları müddətdə valieynlərinin himayəsində yaşayırlar. Belə bir şəraitdə işi-gücü, evi olmayan gənclərin ailə qurması da çətinləşir. Onlar ali məktəbi bitirdikdən sonra işə düzəlmək, evlənmək üçün lazım olan şəraiti yaratmaq istəyirlər. Əsasən də oğlan uşaqları bu sahədə daha mühafizəkar olurlar. Ev almaq, yaşamaq üçün normal maaşlı işlə təmin olunmaq kimi məqamları düşünürlər. Beləliklə, oğlan və qızlar maddi cəhətdən müstəqil olduqdan sonra ailə qurmağa üstünlük verirlər. Nəticədə evlilik yaşı artır. Təbii ki, bu vəziyyət gələcəkdə demoqrafik göstəricilərin dəyişməsində əhəmiyyətli rol oynayacaq”.