BAKI. 25 iyun. TELEQRAF
NATO-nun Baş katibi Mark Rutte Qərb ölkələrini Rusiya ilə bağlı mövqelərində sadəlövhlükdən uzaq durmağa çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə NATO-nun Haaqa sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında danışıb.
“Rusiya haqqında sadəlövh olmayaq,” - deyə Rutte xəbərdarlıq edib.
O bildirib ki, açıq mənbələr və yüksək rütbəli hərbi rəhbərlər tərəfindən verilən məlumatlara əsasən, Rusiya silahlı qüvvələrini sürətlə yenidən qurur və üç, beş və ya yeddi ildən sonra hücuma hazır ola bilər.
Rutte əlavə edib ki, NATO hazırda Rusiya ilə “istehsalat müharibəsi” aparır və bu qarşıdurmada Alyansın hərbi üstünlüyü Moskvanın silahlanma tempinə görə ciddi təzyiq altındadır.
“Rusiya sürətlə silahlanır və bu, bizim üstünlüyümüzü sınağa çəkir. NATO bu şəraitdə birləşməli, innovasiyaya üstünlük verməli və konkret nəticələr əldə etməlidir,” - deyə Alyansın baş katibi vurğulayıb.