İsraillə İran arasında atəşkəs əldə olunsa da, qeyri-müəyyən vəziyyət davam edir. Tramp bildirir ki, İranın nüvə obyektləri tamamilə dağıdılıb və İran nüvə silahı əldə edə bilməz. İsrail Prezidenti və ABŞ kəşfiyyatı Trampı təkzib edir. İran isə uranın dinc məqsədlər üçün zənginləşdiriləcəyini davam etdirəcəyini bəyan edir. Eyni zmanda İran Parlamenti İranın MAQATE-dən çıxmasını təsdiqləyib. Bu isə qeyri-müəyyən bir vəziyyət yaradır.
Siyasi ekspert Asif Nərimanlı bildirib ki, İran-İsrail müharibəsində Trampın təkidi ilə əldə olunan atəşkəs ətrafında açıq qalan məqamlar çoxdur:
“- Atəşkəs hansı şərtlərlə qəbul olunub, danışıqlar üçün şəraitin yaradılması, yoxsa uzunmüddətli məqsəd daşıyır?-Müəmmalıdır.
- ABŞ və İsrail İranda hədəflərinə nə qədər nail oldular? – Mübahisəlidir.
- İranın nüvə proqramı ilə bağlı danışıqlar olacaqmı, bu hansı şərtlərlə aparıla bilər? - Qeyri-müəyyəndir.
Atəşkəsin Trampın istəyi ilə məcburi şəkildə olduğu görünsə də, bunu İran üçün “böyük yaxşılıq” kimi qiymətləndirmək olar, ağır məğlubiyyətə rəğmən rejim özünü qoruya bildi, hətta ABŞ-a qarşı müharibə macərasında dirənə biləcəyini nümayiş etdirməklə “qələbə” təbliğatı üçün ciddi əsaslar da qazandı. İsrail yekun hədəflərinə nail olmasa da, İranın nüvə və hərbi potensialını uzun perspektivdə zəiflədə bildi, eyni zamanda, ABŞ-ı müharibəyə cəlb etməklə təhlükəsizlik qalxanını gücləndirdi. Tramp İrana hücumla ata biləcəyi addımların və İsrailə dəstəyinin ritorikadan ibarət olmadığını göstərdi. Və müharibənin arealı genişlənmədən atəşkəslə qısa müddətdə uğurlu nəticə əldə etdiyini sərgilədi”.
İki reallıq
A.Nərimanlı əlavə edib ki, İranda əsas hədəfə - nüvə potensialının tam məhv edilməsinə nail olunduğu isə müəmma olaraq qalır: “Tramp və Netanyahu İranın “artıq nüvə dövləti” olmadığını, bu potensialın tamamilə məhv edildiyini deyir, rəsmi Tehran əksini. Beynəlxalq mediada yayılan informasiyaların müqayisəsi, eləcə də MAQATE-nin açıqlamaları və iranlı rəsmilərin “nüvə proqramından imtina etmədiklərinə dair” dedikləri “nüvə potensialının” tam sıradan çıxarılmadığı fikrini gücləndirir. Və Tehranın nüvə proqramı ilə bağlı iki reallıq da önə çıxır.
a) nüvə potensialı ciddi zərbə aldı;
- Nüvə mütəxəssisləri sıradan çıxdı, obyektləri böyük zərər gördü;
- İrana itkilərini bərpa etmək, yaxud “nüvə silahı”nı əldə etmək üçün ən yaxşı halda “bir neçə il” lazımdır;
- ABŞ və İsrailin müşahidəsi altında olan İranın belə cəhdlərinin perspektivi dumanlı görünür;
b) müharibə nüvə proqramının İran üçün nə qədər vacib olduğunu ortaya çıxardı;
- Nüvə potensialı hələ də qalır: mütəxəssis problemi yaşansa da, texniki imkanları var;
- Hədəf seçilən nüvə obyektlərindən zənginləşdirilmiş uranın ən az bir qisminin çıxarıldığı versiyası hələ də gündəmdədir: MAQATE mütəxəssisləri istehsal olunan nüvə materialı və 60 faizə qədər uranın yerinin bilinmədiyini deyir;
- Pentaqonun mediaya sızan qiymətləndirməsində ABŞ-ın zərbələrinin “nüvə proqramını” tamamilə məhv etmədiyi, “yalnız bir neçə ay gecikdirdiyi” qeyd olunur (Ağ Ev bu iformasiyanı təkzib etsə də);
- Və ən əsası bu müharibədə İran rejimi anladı ki, “nüvə silahı” olmadan təhlükəsizliyin təmin edilməsi mümkün deyil, xüsusilə “müttəfiqsiz” qalmaları fonunda: bu reallıq İran xalqı tərəfindən də dəstəklənə bilər;
Nəticə etibarilə, İran rejiminin nüvə proqramından imtina etməyəcəyi və “dinc nüvə” adı altında bu hədəfinə doğru müxtəlif formalarda irəliləyəcəyi aydın görünür. Bunu dayandırmağın müharibə ilə mümkün olmadığı, yaxud şərtlərin yetişməməsi fonunda iki mümkün variant ola bilər.
Birincisi, danışıqlarının davam etdirilməsi və nüvə proqramının diplomatiya yolu ilə nəzarətə götürülməsidir;
Bu variantın “nüvəsiz İran” planına uğur gətirəcəyi şübhəlidir.
- ABŞ və İsrailin nüvə danışıqlarına qayıtması mübahisəli vəziyyət yaradır, çünki Tramp nüvə potensialının tamamilə məhv edildiyini, Netanyahu “İranın nüvə dövləti olmadığını” deyir. Bu halda masaya əyləşmək özünü təkzib etmək deməkdir.
- Danışıqlar İranın “dinc nüvə” istəklərini də aktuallaşdırır və müharibədə təslim olmayan rejimin masada təslim olması ehtimalı kifayət qədər zəifləyib.
- Hətta masada razılıq əldə edilsə belə, İranın nüvə proqramını tam açacağına, eləcə də hədəfinə çatmaq üçün danışıqlarla zaman qazanmayacağına zəmanət yoxdur;
İkincisi, İranda rejimin dəyişməsidir”.
“Nüvəsiz İran” üçün…
Ekspert həmçinin bildirib: “Nüvəsiz İran” üçün yeganə mümkün variant bu ola bilər. Və istisna deyil ki, müharibə ilə buna nail ola bilməyən (bu taktikanın mümkünsüz olduğu əvvəldən görünürdü) ABŞ və İsrail rejimi dəyişmək üçün fərqli strategiya izləyəcək: daxilidə “qaynar nöqtələrin” tətiklənməsi, sosial-etnik qrupların etiraz potensialının önə çıxarılması və s. Hərçənd, “yan təsirləri”ni proqnozlaşdırmağın çətin olduğu bu planda hədəfə çatmaq daha uzaq perspektivdə mümkün ola bilər. Yaxın perspektivdə konkret nədən ibarət olduğu bilinməyən atəşkəsin şifahi olacağı, tərəflərin qarşılıqlı hücumlar və kəşfiyyat həmlələrini davam etdirəcəyi gözləntisi daha çoxdur.
Bütün bunların fonunda geosiyasi güc balansı uğrunda mübarizənin Rusiya-Ukrayna xəttindən İran-İsrail xəttinə doğru meyllənə biləcəyi də görünür”.
Atəşkəs baş tutsa da…
Siyasi təhlilçi Aqşin Kərimov isə hesab edir ki, İsrail-İran hərbi eskalasiyanın atəşkəslə dayandırılması baş tutsa da, tərəflər arasındakı münaqişənin sonlanmasından danışmaq tezdir: “Ancaq Yaxın Şərqdəki İsrail-İran qarşıdurmasındakı misli görünməmiş təcrübə bir neçə mətləbi üzə çıxaracaq.
1. İlk növbədə qlobal nizam və onun qaydaları, regionlar üzrə paylanma əmsalı Rusiya-Ukrayna müharibəsinin gedişatına uyğun olaraq dəyişir. Gələcək trayektoriyada İranla İsrailin perspektiv əlaqələrində tərəflərin bir-biri ilə danışıq aparması üçün yaxşı bir presedent yaranır. Bu, tərəflərin strateji məqsəd və vəzifələrini sürpriz görüşlər vasitəsilə bir-birlərinə çatdırması üçün unikal diplomatik kanal ola bilər. Ehtimalla, Çin, Rusiya və ABŞ arasında İran-İsrail münasibətlərinin tənzimlənməsi üçün moderatorluq uğrunda mübarizə gedəcək. Lakin İsrail-İran raket müharibəsində Azərbaycanın strateji təmkinə əsaslanaraq tutduğu mövqe onun da brokerlik üçün təsir imkanlarını artıra bilər.
2. Təl-Əvivlə Tehran arasındakı hərbi eskalasiya başqa bir tərəfdən Rusiya-ABŞ əlaqələrindəki dinamikadan qaynaqlanırdı.
İranla İsrail arasındakı əlaqələrdə müharibə ritorikası yeni olmasa da, baş verən toqquşma elə Ukraynadakı müharibənin yaratdığı geosiyasi təsirlərin bir hissəsi idi. Donald Trampın 2025-ci ildə ikinci dəfə prezidentlik fəaliyyətinə başlamasından sonra onun Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkofun Ukrayna müharibəsi üzrə danışıqlardakı iştirakı da hər şeyi deyə bilər. Rusiya ilə ABŞ Ukraynadakı müharibə ilə Yaxın Şərqdəki dinamikaları tutuşdurmaq və nəticələri bölüşdürmək üçün bir plan hazırlığında görünə bilərdi. Lakin bunun yekun sövdələşmə üçün hansı təsirlər yaratdığı sual altındadır. Görünən isə budur ki, Rusiyanın İrana soyuq dəstək göstərməsi, nüvə proqramının inkişafı ilə əlaqədar ABŞ ilə aşağı-yuxarı eyni mövqeni bölüşməsi də təsadüf deyildi.
3. İranla İsrail arasındakı qarşıdurma xətləri İrandaxili ali rəhbərlik institutunda imtiyaz qazanmaq proseslərini sürətləndirdi.
İranda ali rəhbər Seyid Əli Xameneinin hakimiyyətdən getməsi ehtimallarına uyğun olaraq onun əvəzlənməsi üçün föqvəladə vəziyyət planının hazırlandığı bildirilir. Başqa yandan, İran daxilində bəzi ruhanilərin və mötədil qüvvələrin İsraillə münasibətlərdə atəşkəsə nail olmaq səylərinin artdığı vurğulanır ki, bu da post-Xamenei dövrü üçün siqnalların güclənməsinə eyham vurur.
4. Çinin Tayvana müdaxiləsi versiyaları bundan sonra beynəlxalq müzakirələrdə öz çəkisini ağırlaşdıracaq. Yaxın Şərqdəki dinamikalardan sonra Asiya-Sakit Okeanı regionunda da səs-küy doğuracaq hadisələrin baş verəcəsi istisna deyil. Bu, geostrateji məntiqin bir davamıdır, lakin onun birbaşa necəliyini təsvir etmək asan deyil.
5. Azərbaycan-Ermənistan münasibətlərindəki sülh gündəminə qayıdış yeni regional reallıqlarla tutuşdurulacaq. Azərbaycanın Zəngəzur dəhlizini açması üçün fəaliyyətlərini intensivləşdirəcəyi həm də İranla yeni münasibətlər fonunda irəliləyəcək”.