AZ

Böyük Qayıdış Proqramının uğurlu icrası ordumuzun yazdığı Zəfər tarixinin parlaq səhifələrindəndir

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük

107 yaşını qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin dünya hərb tarixinə yazdığı yeni səhifənin, tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqlar fonunda bu gün soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışından, azad Qarabağın və azad Şərqi Zəngəzurun cənnət məkana çevrilməsindən böyük qürur hissi ilə bəhs edirik. Xalqımız bu xoşbəxtliyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza daim minnətdarlığını ifadə edir. Möhkəm təməl, düşünülmüş siyasət, dövlətinə və xalqına bağlı Liderin olması  hər bir ölkənin inkişafında, xalqın firavan, təhlükəsizlik şəraitində yaşamasında, ən əsası xoşbəxt xalq kimi tanınmasında əsasdır.

Otuz ilə yaxın davam edən işğal dövründə tamamilə dağıdılıb yerlə-yeksan olunan torpaqlarımız   özünün yeni inkişaf dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbədən sonra 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində işğaldan azad edilmiş torpaqların yenidən qurulacağını “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” fikirləri ilə ifadə etdi. Bu əminliyi də bildirdi ki, azad Qarabağ və azad Şərqi Zəngəzur cənnət məkana çevriləcək.

Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır. Eyni zamanda, bu hədəfləri ardıcıllıqla reallığa çevirir. Son 21 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davm etdirən Prezident İlham Əliyev  Qarabağ münaqişəsinin həlli üçün öncə ölkəmizi bütün sahələrdə uğurla inkişaf etdirdi, ordunu qələbəyə hazırladı, diplomatik mübarizədə üstünlüyü qorudu və daha da möhkəmləndirdi.  2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutması artıq  dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. 44 gündə tarix yazan Azərbaycan Ordusu xalqımızın yenilməzliyini, məğrurluğunu, tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu dünyaya nümayiş etdirdi. Bu Zəfərdən çox keçmədi ki, Silahlı Qüvvələrimizin artıq qaçılmaz olduğu  bir günlük antiterror tədbirlərini həyata keçirməsi nəticəsində suverenliyimiz tam bərpa edildi. Artıq 2023-cü ilin 20 sentyabr tarixindən Azərbaycan yeni dövrə qədəm qoyaraq bərpa-quruculuq işlərinin miqyasını  daha da genişləndirdi.

Bu gün keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada yüksək yaşayış şəraitinin təmin edilməsi üçün hərtərəfli tədbirlər görülür. Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə yenidən doğma yurdlarında məskunlaşırlar.

İnfrastruktur layihələrinin icrası əsasdır. Təbii ki, bu, azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə yanaşı, bura  qayıdacaq insanların normal həyat şəraitinin  təmin olunması üçün vacibdir.  Qarabağ və Şərqi Zəngəzurda reallaşan infrastruktur layihələri arasında hava limanlarının tikintisini xüsusi qeyd etməliyik.  Artıq bu torpaqlarda tikintisi nəzərdə tutulan üç hava limanı istifayə verilib. Qısa zamanda, Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi bu ərazilərin strateji əhəmiyyətini açıqlamaqla bərabər, Azərbaycan dövlətinin iqtisadi gücünü, xalqımızın necə qurucu xalq olduğunu təsdiqləyir. Bütün bərpa-quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirən Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra bu  işlərə başlamaqla dünya hərb tarixində ilkə imza atdı. Müharibədən dərhal sonra bərpa-quruculuq işlərinə başlamaq heç zaman rast gəlinməyən, tarixdə baş verməyən hadisədir. Azərbaycan bunu nümayiş etdirdi. 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımızı doğma yurd-yuvalarına qovuşdurmaq Prezident İlham Əliyevin çıxışlarında daim səsləndirdiyi əsas çağırışlardan biri idi. Bu torpaqlarımız sakinləri ilə yanaşı, bura tez-tez səfər edən qonaqlarını da böyük coşqu, çal-çağırla qarşılayır. Azad Şuşamız diplomatik mərkəzə çevrilib. Burada mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir. Ötən ay Laçın şəhəri əməkdaşlıq məkanı kimi diqqətdə oldu. 28 May-Müstəqillik Günündə azad Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirildi. Azərbaycan və Türkiyə prezidentləri Laçın Beynəlzxalq Hava Limanının açılışında iştirak etdilər.

Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsindən bəhs edərkən bu torpaqların  yaşıl enerji zonası elan edildiyini xüsusi vurğulamalıyıq. İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpaolunan enerji potensialından səmərəli istifadə çərçivəsində sistemli tədbirlər həyata keçirilir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı dövrün hədəfləri öz əksini tapıb. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq 4 il ərzində 270 MVt gücündə 32 su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur.

Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin bərpası, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur.

Azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, “ağıllı kənd” və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına və əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb. Cənab İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanlara müjdəli xəbərlər verdi və bildirdi ki, bu ilin sonuna qədər 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılacaq. Dövlət başçısı İlham Əliyev ötən ay Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüb onlara evlərin açarlarını təqdim edərkən bu statistik rəqəmi açıladı ki, biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar.

Onu da qeyd edək ki, sakinlərinə qovuşan torpaqlarımıza qayıdış mərhələ-mərhələ davam edir. Bu ilin mart ayında  sakinlərini qarşılayan Ağdərə rayonunun Həsənriz kəndinə bu günlərdə 146 nəfərdən ibarət 40 ailə qayıtdı. Həsənriz kəndinə həyata keçirilən bu  köç də nəzərə alınmaqla 130 ailə, yəni 452 nəfər köçürülüb. Ağdərənin Həsənriz kəndi 24 saat fasiləsiz elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Kənddə 246 şagirdlik tam orta məktəb, tibb məntəqəsi, körpələr evi, uşaq bağçası var. Həsənriz kəndində əhali əsasən arıçılıq və heyvandarlıqla məşğul olur.

Bu il soydaşlarımızın qayıdış ünvanları sırasında Ağdam rayonunun Kəngərli kəndi də var. Belə ki, Ümummilli Lider Heydər Əliyevin doğum günündə, 10 may tarixində Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşdü, onlara evlərin açarlarını təqdim etdi. Sakinlərlə görüşündə “Köçkünlər ən çətin şəraitdə yaşayıblar. Siz bilirsiniz ki, işğal dövründə köçkünlərlə mənim çoxsaylı görüşlərim olub, həm çadır şəhərciklərində, - onlara söz vermişdim ki, birinci prezidentlik dövrümdə bir dənə də çadır şəhərciyi qalmayacaq və artıq 2007-ci ildə bir dənə də qalmamışdı, - həm də yeni salınmış qəsəbələrdə, qəsəbələrin açılışında. Biz 300 minə yaxın ovaxtkı köçkünü gözəl evlərlə təmin etmişdik. O görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir, torpaqlar azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Kəngərli kəndi  bərpa etdiyimiz sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun isə ikinci. Birinci Sarıcalı, indi Kəngərli. Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır. Yaxın aylarda orada da həyat qaynayacaq: “Yəni, siz burada darıxmayacaqsınız, qohum-əqrəba, dost, tanış - hamınız birlikdə bu bölgəni - Qarabağı quracaqsınız, hamımız birlikdə quracağıq.”

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir. Tarixi Zəfərimizin  yol açdığı uğurlarımızın əsasında Böyük Qayıdış Proqramının uğurlu icrası daim önə çəkilir. 30 il yaşanan torpaq həsrətini bu gün bu ərazilərə qayıdış əvəzləyir. 30 ildə Azərbaycan dövləti ən yüksək tribunalardan  münaqişənin sülh danışıqları yolu ilə həllinə tərəfdar olduğumuzu bildirdi. Eyni zamanda, bu çağırışı da etdi ki, danışıqları imitasiya naminə aparmaq fikrində deyilik. Münaqişənin həllində hərb variantı da istisna olunmadı. Bunları təkrar qeyd etməyimiz səbəbsiz deyil. Azərbaycan hər zaman tarixi ədalətə söykənərək məsələnin həllinə səy göstərdi. ədalətin zəfər çalacağına əmin idi. 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında üstünlüyü qazanmağımızda tarixi ədalət öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar” çağırışını etməklə yanaşı, bu reallığı da diqqətə çatdırmışdır ki, hər şey bizim əlimizdədir. Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gündə ədaləti bərpa etdi, torpaq həsrətinə son qoydu, Hədəf  Böyük Qayıdış Proqramının birinci mərhələsi  başa çatanda 140 min soydaşmızı doğma yurd-yuvasına qaytarmaqdır.   Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə həyata keçirilən  layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 minə yaxın insan yaşayır.

Dövlət başçısı İlham Əliyevin 30 may 2025-ci il tarixli “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncamı Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədini daşıyır.

Yeganə Əliyeva, “İki sahil”

Seçilən
6
ikisahil.az

1Mənbələr