Bu gün qüdrətli Azərbaycanın Qalib və Şanlı Ordusunun yaranmasından 107 il ötür. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə formalaşdırılmış Azərbaycan Silahlı Qüvvələrinin bir əsrdən artıq ötən tarixinin ən pik nöqtəsində Vətən müharibəsində qazanılmış möhtəşəm Qarabağ Zəfəri dayanır. Qəhrəman zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə cəmi 44 gündə 30 illik işğala və uydurulmuş miflərə son qoyaraq Azərbaycanı qalib ölkəyə çevirdilər.
2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş və 24 saat tamam olmadan düşmənin ağ bayraq qaldırmağa məcbur olduğu lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu. Bütün bunlar göstərir ki, Azərbaycan Ordusu istənilən vaxt qarşıya qoyulan bütün döyüş tapşırıqlarını icra etməyə qadirdir.
Hazırda Silahlı Qüvvələrin modernləşməsi istiqamətində aparılan genişmiqyaslı islahatlar sayəsində ordumuzun gücü və peşəkarlığı artmaqda davam edir.
Redaktor.az Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixinə və keçdiyi şərəfli döyüş yolunun, nizami ordu quruculuğunun mühüm məqamlarına nəzər salır.
Azərbaycan Ordusunun şanlı tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı və həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu. Görkəmli hərbi xadimlər - Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski Milli Ordumuzun formalaşmasında və döyüş qabiliyyətinin yüksəldilməsində əvəzsiz xidmətlər göstərdilər.
Müasir Milli Ordunun şərəfli tarixi isə dahi və uzaqgörən siyasətçi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tarixə nəzər salsaq, görərik ki, Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə milli zabit kadrların yetişdirilməsini prioritet hesab edirdi. Hələ 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Ulu Öndər Heydər Əliyev azərbaycanlı gəncləri SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub. Onlar istər Aprel döyüşlərində, istərsə də Vətən müharibəsində və Qarabağda keçirilən antiterror tədbirlərində əldə edilən uğurların əsas pay sahiblərindədirlər.
Çətin dönəmə və qeyri-bərabər döyüş şəraitinə baxmayaraq, Azərbaycan Ordusu 1994-cü ilin yanvarında keçirdiyi Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 20 kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.
Prezident İlham Əliyevin güclü dövlət – güclü ordu strategiyası
Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə ordu quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordumuzun ən müasir silah və texnika ilə təchizatı istiqamətində görülən təxirəsalınmaz təbirlər Azərbaycan Silahlı Qüvvələrini regionun ən qüdrətli ordusuna çevirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü dövlət – güclü ordu strategiyası, ilk növbədə, torpaqlarımızın düşmən tapdağından xilas edilməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına yönəlmişdi. Həmin məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı. Modernləşdirilən Azərbaycan Ordusunun qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Silahlı Qüvvələrimiz hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.
Azərbaycan Ordusunun artan hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi. Rəşadətli Ordumuz 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında Günnüt zəfəri ilə uğurlu əməliyyatlara imza atdı. Həmin nailiyyətlərin davamı olaraq bir neçə ildən sonra Üçrəngli Bayrağımız Şuşa və Xankəndi zirvəsinə sancıldı...
XXI əsrin müharibəsi: 44 günlük haqq savaşımız
Dövlətimizin başçısının uğurlu siyasəti xalqımızın səbirsizliklə gözlədiyi Qələbə gününə addım-addım yaxınlaşdırırdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də düşmən təxribatına cavab olaraq Azərbaycan Ordusunun Zəfərlə nəticələnən haqq yürüşü başladı. Silahlı Qüvvələrimiz 44 gündə düşmənə sarsıdıcı zərbələr vuraraq 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi işğaldan azad etdi. Ordumuzun qarşısında cəmi 44 gün tab gətirən Ermənistan kapitulyasiyası aktını imzalamağa və məğlubiyyəti qəbul etməyə məcbur oldu. Hərb tariximizə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri xalqımızı həsrətində olduğu cənnət guşələrimizə qovuşdurdu.
Bakının Azadlıq meydanında 2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş möhtəşəm Zəfər paradı 44 günlük şanlı Vətən müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu.
Azərbaycan Ordusu Vətən müharibəsi zamanı 2 min 900-dən çox əsgər və zabitini şəhid verdi. Bu şanlı Qələbəni xalqımıza yaşatmış rəşadətli Ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev imzaladığı sərəncamlara əsasən, ərazi bütövlüyümüzün bərpasında iştirak etmiş hərbi qulluqçularımızı müxtəlif orden və medallarla təltif edib.
Prezident İlham Əliyevin 2025-ci il iyunun 25-də imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçiləri təltif ediliblər.
Sərəncama əsasən 6 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 6 nəfər “Vətən uğrunda”, 4 nəfər “İgidliyə görə”, 47 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Azərbaycan Prezidentinin digər Sərəncamına əsasən Müdafiə Nazirliyinin 4 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib.
Qarabağ Zəfərinin məntiqi yekunu – lokal xarakterli antiterror tədbirləri
Vətən müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirirdi. Bunun qarşını almaq üçün 2023-cü il sentyabrın 19–20-də hərb tariximizin daha bir parlaq səhifəsini təşkil edən uğurlu lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Ordumuz bu dəfə də yüksək peşəkarlıq və qətiyyət nümayiş etdirərək cəmi 23 saat 43 dəqiqəyə Qarabağda qanunsuz silahlı birləşmələrin, terrorçuların və separatçı rejimin mövcudluğuna son qoydu.
Beləliklə, Ali Baş Komandanın uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi.
Həmin il noyabrın 8-də Xankəndi şəhərində keçirilmiş Zəfər paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun məğlubedilməzliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev Xankəndidəki Zəfər meydanında xalq, ordu, dövlət birliyinin təcəssümünü və böyük Qələbəni təsdiqlədi.
Tarixi Zəfərin və onun qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi tədbirləri
Azərbaycan Ordusunun qəhrəman, cəsarətli əsgər və zabitləri öz canları, qanları bahasına uzun illərdir Qarabağ səmasında toplanan qara buludları dağıtmağı bacardılar. Şəhidlərimizin fədakarlığını yüksək qiymətləndirən Azərbaycan xalqı cəsur döyüşçülərin uyuduğu xiyabanları müqəddəs ziyarət məkanlarına çevirib. Belə ki, tariximizin önəmli günlərində hər kəsin 7-dən 77-yə üz tutduğu məkanlar var: Şəhidlər xiyabanları...
Prezident İlham Əliyev də Vətən müharibəsində tarixi Qələbənin böyük əhəmiyyətini və bütün nəsillər üçün nümunə olmasını nəzərə alaraq onun əbədiləşdirilməsinə xüsusi diqqət ayırır. Ali Baş Komandan respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini daim hörmət və ehtiramla anır, valideynlərinə, ailələrinə, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən döyüşçülərimizə, veteranlara diqqət və qayğı göstərir.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.
Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Zəfər muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək.
Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.
Ötən il noyabrın 8-də Bakıdakı Zəfər parkının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak etdilər.
Ordu quruculuğu və hərbi potensialımızın gücləndirilməsi tədbirləri davam edir
İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində davamlı addımlar atılır, yeni silah və texnikalar alınır, və bu sahəyə lazımi qədər dövlət vəsaiti ayrılır. Silahlı Qüvvələrimizin türk ordu modelinə keçidi, komando bölmələrinin yaradılması prioritet istiqamətdir və həmin məqsədlə həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Silahlı Qüvvələrimiz öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaqda davam edir. Əminliklə demək olar ki, bugünkü Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Ordumuzdan daha da güclüdür.
Azərbaycanda yerli və beynəlxalq səviyyəli təlimlər təşkil olunur. Bu ilin birinci yarısında Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlığının artırılması, döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə plana uyğun təlim və məşq toplanışları təşkil edilib. Hesabat dövründə Azərbaycan və müxtəlif dövlətlərin iştirakı ilə ümumilikdə 14 birgə beynəlxalq təlim keçirilib. Təlimlərə cəlb edilən hərbi qulluqçular öz funksional vəzifələrinin faktiki icrasında təcrübə qazanır, bilik və bacarıqlarını təkmilləşdirirlər.
Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçuları öz bayramlarını Şanlı Zəfərin 5-ci ildönümünün təntənəsində qeyd edirlər. Sevindirici haldır ki, 2020-ci ildən etibarən tarixi qələbədən ruhlanan gənclər Azərbaycan Ordusunun sıralarına axın edir, xüsusilə şəhidlərimizin canı, qanı bahasına azad edilən torpaqlarda xidmət etməyə üstünlük verirlər. Əminik ki, Silahlı Qüvvələrimizin peşəkar və cəsur döyüşçüləri bundan sonra da ayıq-sayıqlığı itirməyəcək və Üçrəngli Bayrağımızın dalğalandığı hər nöqtədə Vətənə ləyaqətlə xidmət edəcəklər. Bizə Qələbə bəxş edən Silahlı Qüvvələrimizin 107-ci ildönümünü təbrik edir, uğurların və qələbələrin davamlı olmasını diləyirik.