AZ

İlham Əliyevin rəhbərliyi ilə tarix yazan Azərbaycan Ordusu - 107 yaşlı qürur mənbəyimiz - ŞƏRH » AzadMedia.az


 
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür. Hər bir xalqın tarixində milli qürur hissini zirvəyə daşıyan günlər vardır və Azərbaycan üçün də bu günlərdən biri 26 İyun – Silahlı Qüvvələr Günüdür. Bu tarix tək təqvim günü deyil, xalqımızın əzmini, dövlətimizin gücünü, ordumuzun qüdrətini və vətən sevgisinin ən uca zirvəyə qalxdığı bir gündür.

Tarixi yol keçən Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə cəmi 44 gündə 30 illik işğala son qoyaraq ölkəmizi qalib ölkəyə çevirdi. 2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş antiterror tədbirləri nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu. Nəticədə Azərbaycan Ordusu qarşıya qoyulan bütün döyüş tapşırıqlarını icra etməyə qadir olduğunu dünyaya sübut etmiş oldu. Qəti iradə və müdrik xarici siyasət, ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, böyük qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı.

Prezident İlham Əliyevin əzmi, düzgün siyasəti, qətiyyət və strateji idarəetməsi ilə Azərbaycanın Müzəffər Ordusu dünya tarixinə zəfər və qalibiyyət salnaməsini həkk etdirdi. Artıq bütün dünya Şanlı Ordumuzun yenilməzliyinə, qazandığı nailiyyətlərinə və gücünə bələd olmaqla bərabər Azərbaycan dövlətinin müharibə şəraitində belə, beynəlxalq hüququn bütün norma və prinsiplərinə sadiq qalmaqla apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində öz tarixi, əzəli-əbədi torpaqlarını işğaldan azad edərək regionda sülhün və ədalətin bərpası üçün əməli işlər gördüyünün şahidi oldu.

Tarixi və şərəfli yol

Azərbaycan Silahlı Qüvvələrinin formalaşması prosesi ötən əsrin əvvəllərindən - 1918-ci ildən başlayıb. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Şəxsi heyəti 1919-cu ilin sonlarında 25 min nəfər olan Azərbaycan Ordusunun 1920-ci ildə 40 min nəfərə çatdırılması planlaşdırılırdı...

Sovetlər imperiyası ADR-i ilhaq etdikdən sonra hərbi nazirlik ləğv olundu, ordu quruculuğunu başa çatdırmaq mümkün olmadı. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bildirmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Zəfər paradında biz dövlətimizin başçısının xalqa verdiyi bu sözə əməl etdiyini gördük. Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi...

1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə hərbi kadrların yetişdirilməsini diqqətdə saxlayaraq Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmuşdu. Qürur hissi ilə vurğulamaq gərəkdir ki, müstəqilliyimizin bərpasından sonra bu hərbi lisey Azərbaycanda ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da uğursuzluqlara son qoyuldu.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalandı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər.

Başqa sözlə, Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ başladı. Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında sazişin imzalanmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndirildi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət göstərildi.

Ordu quruculuğu İlham Əliyevin prezidentliyi dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu

Son 20 ildən artıq dövrdə ordumuzun qüdrətinin, döyüş qabiliyyətinin artırılması, bir sözlə, Qələbəyə hazırlanması istiqamətində atılan addımların uğurlu nəticələri zaman-zaman qazandığımız zəfərlərdə özünün aydın ifadəsini tapıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Hazırda da maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır.
Dünya Azərbaycan Ordusunun gücünü 2016-cı ilin aprel ayında gördü. Tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən Qələbə sevinci yaşatdı. Bu Zəfərin davamı olaraq 2018-ci ildə Günnüt əməliyyatı Silahlı Qüvvələrimizin imkanlarını bir daha nümayiş etdirdi. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Ermənistan silahlı qüvvələri aldığı bu dərslərdən nəticə çıxarmadı, yenə də hərbi təxribatları davam etdirdi. Nəticədə 2020-ci ilin 27 sentyabr tarixində başlanan İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu erməni silahlı birləşmələrinə tarixdə heç zaman unutmayacaqları dərsi verdi. 44 günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Respublikamızda ordu quruculuğu prosesi İlham Əliyevin prezidentliyi dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordumuzun ən müasir silah və texnika ilə təchizatı istiqamətində təxirəsalınmaz təbirlər görüldü. Azərbaycan Silahlı Qüvvələri ildən-ilə güclənərək regionun ən qüdrətli ordusuna çevrildi. Azərbaycan ərazilərinin 30 illik işğalına Ordusunun gücü sayəsində son qoydu.

Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə nəticələnən Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi Zəfərə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Düşmənin kapitulyasiyası ordumuzun gücü, düzgün hərbi strateji qərarlar hesabına əldə olunmuş nəticədir.

Son olaraq qeyd edək ki, torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük günə çatdırdı. Tarixi yaşayış məskənlərimiz azad edildi. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri danılmazdır. İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır. 103 yaşlı Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.(Report)
Seçilən
3
4
azadmedia.az

5Mənbələr