Futbol üzrə klublararası dünya çempionatının ən qeyri-adi iştirakçısı "Aukland Siti"də baş məşqçinin istefası tələb olunur.

Offsideplus.az xəbər verir ki, futbolçular çalışdırıcı Pol Posanın vəzifəsini tərk etməsini istəyirlər.

Hələ yarış başlamamışdan qabaq Yeni Zelandiya çempionunun oyunçuları P.Posanın belə mötəbər turnirə hazır olmasına şübhə edirdilər. 

Qrup mərhələsində "Benfika" ilə matçdan (0:6) öncə keçirilən mətbuat konfransında 63 yaşlı baş məşqçinin cavabı "Aukland Siti"nin futbolçularını bir az qəzəbləndirib. 

O, rəqibin futbolçusu Nikolas Otamendi ilə bağlı sualı belə cavablandırıb: "Otamendi kimdir? Mən onu tanımıram".

Pol Posa adi həyatda stomatoloq işləyir.

Qeyd edək ki, yarımhəvəskarlardan ibarət "Aukland Siti" "Benfika" ilə yanaşı "Bavariya"ya qarşı oyunda da darmadağına məruz qalıb (0:10). "Boka Xuniors"lə görüş isə sensasiyalı şəkildə heç-heçə nəticələnib - 1:1.