AZ

"İranın ali lideri bunkerdən çıxanda tamam fərqli bir ölkə görəcək" - BBC - FOTO

"Ayətullahın səssizliyi və İran İslam Respublikasının sarsılan sütunları..."

İsrail ilə baş vermiş qısa, lakin dağıdıcı müharibə zamanı demək olar ki, iki həftə gizli bunkerdə qalan 86 yaşlı İranın ali lideri ayətullah Əli Xamenei indi ABŞ prezidenti Donald Trampın və Qətər əmiri Şeyx Təmim bin Həmədin vasitəçiliyi ilə əldə olunan atəşkəsdən istifadə edib sığınacağından çıxa bilər. Lakin onu xarabazarlığa çevrilmiş ölkə və dərin narazılıq içində olan xalq gözləyir.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

İsrailin onu hədəfə ala biləcəyindən qorxduğu üçün Xamenei özünü tam təcrid etmiş, hətta yüksək vəzifəli şəxslərlə belə əlaqəni kəsmişdi. Atəşkəsin kövrəkliyi fonunda onun həyatına hələ də təhlükə qalmaqdadır - Tramp İsrailə onu öldürməməyi tövsiyə etsə də, Netanyahunun bu variantı tam istisna etmədiyi deyilir.

Yararsız ambisiyaların dağıntıları

Müharibə İrana baha başa gəldi. İsrail hava məkanına nəzarəti sürətlə ələ keçirərək, İran  İnqilabı Keşikçiləri Korpusu və ordunun əsas obyektlərinə dəqiq zərbələr endirdi. Bir neçə yüksək rütbəli komandan dərhal öldürüldü. Zərbələrin miqyası hələ də tam bəlli deyil, lakin görünən odur ki, İranın hərbi infrastrukturu ciddi zəifləyib.

Yaxın iki onillik ərzində milyardlarla vəsait sərf edilərək qurulmuş nüvə obyektlərinin əksəriyyəti bombardmanlar nəticəsində sıradan çıxıb. Bu isə ölkənin uzun illər boyu çəkdiyi beynəlxalq sanksiyaları və iqtisadi məhrumiyyətləri heçə endirib. İndi iranlıların çoxu özlərinə sual verir: bu qədər məhrumiyyətin nə mənası vardı?

Ayətullahın ideoloji iflası

1989-cu ildən bəri ölkəyə rəhbərlik edən Xamenei indi çoxları tərəfindən bu dağıntıların əsas məsuliyyəti daşıyan şəxs kimi görülür. Onun İsrailin "məhv"i ideyasına pərçimlənmiş siyasəti, nüvə silahına yiyələnmə ehtirası, iqtisadiyyatı iflic edən sanksiyalarla nəticələnib və ölkəni keçmiş zəngin neft ixracatçısından yoxsul bir kölgəyə çevirib.

Harvard Universitetindən professor Lina Xatibin fikrincə, bu Xameneinin deyil, bütövlükdə İslam Respublikasının "sonunun başlanğıcı" ola bilər. Hətta Qum şəhərindəki müstəqil ruhanilərin rejimin dəyişdirilməsinə çağırış etdiyi haqda məlumatlar yayılıb. Sankt-Endryus Universitetindən professor Əli Ənsarinin sözləri ilə, "rəhbərlik daxilində parçalanmalar və xalq arasında böyük narazılıq artıq açıq-aşkar görünür".

Birlik - amma rejim ətrafında yox

Müharibə zamanı iranlılar öz ölkələrini qorumaq ehtiyacı ilə rejimə qarşı nifrət hissi arasında sıxışıb qaldı. Lakin bu birlik dövlətə deyil, xalqa yönəldi - insanlar bir-birinə yardım etdilər, qapılarını köçkünlərə açdılar, mağazalarda zəruri mallar ucuzlaşdırıldı. Bu həmrəylik rejim üçün deyil, bir-birinə arxa olmaq üçündür.

Lakin eyni zamanda, bir çoxu İsrailin rejim dəyişikliyi niyyətində olduğunu da anlayırdı. İranda çox adam dəyişiklik arzulasa da, bunu xarici güclərin planlı müdaxiləsi ilə deyil, daxili iradə ilə görmək istəyir. Mövcud müxalifət isə zəif və parçalanmış durumdadır. Xaricdəki liderlər birləşə bilməyib, ölkə daxilində isə ya həbsdədir, ya da sükuta məcbur edilib. Müharibə davam etsəydi, ölkənin xaosa sürüklənməsi real idi.

Atəşkəsin kölgəsində repressiya qorxusu

İran ictimaiyyətində atəşkəsin uzun sürəcəyinə inam azdır. Son iki həftədə casusluq ittihamı ilə azı 6 nəfər edam olunub, təxminən 700 nəfər həbsə atılıb. BBC-yə danışan bir qadın deyir ki, müharibənin ölüm və dağıntılarından çox, rejimin öz xalqına yönələcək hiddətindən qorxur. Əgər hökumət xalqın ən sadə ehtiyaclarını belə qarşılaya bilməzsə, narazılıq daha da alovlanacaq. Ənsarinin sözlərinə görə, bu proses tədricən gedəcək, amma xalqın səbr kasası daha dolmayacaq.

Hələ məhv edilməmiş təhlükələr

İsrailin hava zərbələri bir çox strateji obyektləri sıradan çıxarsa da, İranın dağlar altında yerləşən ballistik raket bazalarının əksəriyyəti salamat qalıb. İsrail rəsmiləri bildirir ki, İranın hələ də 1500 raketi əlindədir və bu potensial gələcək toqquşmalar üçün ciddi təhdiddir.

Bundan başqa, İran yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını gizli ərazilərə köçürdüyünü bəyan edib. Bu ehtiyatlar, mütəxəssislərin fikrincə, 9 nüvə bombası düzəltmək üçün kifayətdir. Parlament artıq MAQATE ilə əməkdaşlığı məhdudlaşdırmağa səs verib və bu addım ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxış yolunda olduğunu göstərə bilər.

Sonun astanasında idarəetmə planı

Xamenei fiziki cəhətdən zəifləsə də, rejimin yaşaması üçün hakimiyyətin ardıcıl ötürülməsi ilə bağlı planlar qurur. "The New York Times" yazır ki, o, öz yerinə potensial 3 ruhanini seçib, hərbi rəhbərlikdə də ehtiyat kadrlar müəyyən edib. Lakin proses nə qədər planlı olsa da, əgər xalqın dəstəyi olmadan davam etsə, rejim gələcəkdə sadəcə kölgə idarəçiliyinə çevrilə bilər. Ayətullahın bunkerdən çıxışı sadəcə fiziki deyil, tarixi dönüş nöqtəsi ola bilər. Onun qarşısında isə artıq əvvəlki İran yoxdur.

Seçilən
21
50
moderator.az

10Mənbələr