Hazırda dünyada 183 regional münaqişə mövcuddur. Münaqişə ocaqlarının sayı çox olsa da, poliqon olan regionlar müəyyən saydadır. İndi də, tarix boyu da Yaxın Şərq poliqon olub, hazırda davam edən Rusiya Ukrayna müharibəsində Ukrayna ərazisi poliqondur. İkinci Dünya Müharibəsinə qatılmasa da, İran ərazisi də poliqon idi. Tarixə baxdıqda hazırkı Cənubi Qafqazın da poliqon olduğunu deyə bilərik. Dolayısı ilə bu regionlarda müharibə təhlükəsi hər zaman var, olacaq.
Dünyadakı münasibətlər sisteminə baxdıqda güc amili önə çıxır. Ona görə də, dövlətlər hərbi gücünü artırmaq məcburiyyətindədir və bunun şahidi oluruq. Hazırda ən böyük təhdid altında olanlar kiçik dövlətlərdir. Böyük dövlətlər bir formada varlıqlarını qoruya bilirlər. Ancaq kiçik dövlətlərin yem olmaq ehtimalı hər zaman yüksəkdir. Azərbaycan dünyanın ən mürəkkəb regionlarından birində yerləşir. Qonşulardan İran İsrail və ABŞ ilə döyüşür, Rusiya isə Ukraynada sahədə Ukrayna, arxa fonda isə NATO ilə vuruşur. İranla Rusiya strateji müttəfiq olsa da, bir çox yerlərdə rəqibdirlər. Misal üçün İranla Rusiyanın Cənubi Qafqazda rəqib olduğunu düşünürəm. Üstəlik bu regionda maraqları olan çoxlu sayda böyük dövlətlər də var. Yəni, Ermənistan olmasa belə, bu regionda təhdid olacaq.
Dünyada bir müharibə kampaniyası var. Heç kim qarantiya verə bilməz ki, bu region müharibədən sığortalanıb. Ona görə də, Azərbaycan dövlətinin ordunun gücləndirilməsi yönündə atdığı addımlar başa düşüləndir. Azərbaycan 44 günlük müharibə və antiterror əməliyyatları ilə suverenliyini bərpa etdi. Bir çoxları elə düşünürdü ki, artıq bununla hər şey bitir. Əslində isə hər şeyi yeni başlayırdı. Azərbaycan müharibədəki səhvlərini və düzlərini təhlil etdi, zəif tərəflərini aradan qaldırmaq üçün müəyyən addımlar atdı. Güclü tərəflərini isə daha da gücləndirdi. Azərbaycan ordusunun zəif tərəflərindən biri də əsas gücün motoatıcılarda olması idi. Azərbaycan bunu məsələni həll etmək üçün müharibədən dərhal sonra komando briqadaları yaratmağa başladı. Güclü tərəfi kimi önə çıxan Xüsusi Təyinatlıların sayını iki dəfə artırdı. Bundan əlavə güclü tərəf kimi önə çıxan dron sahəsini də inkişaf etdirir. Hətta köhnə olsa da, müharibədən üzüağ çıxan aviasiyasını yeniləməyə start verib. Pakistandan 40 ədəd JF-17 sifariş edilib. Bir çoxları elə düşünür ki, 40 ədəd Azərbaycan üçün çoxdur. Ancaq döyüşlərdə hava üstünlüyünün önəmi danılmazdır. Ona görə də, düşünürəm ki, 40 ədədlə də qalınmayacaq, Çindən əlavə J-10-lar da alına bilər.
Düşünürəm ki, Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də kadrların qorunması olmalıdır. Bu yöndə ciddi proqramlara ehtiyac olduğu fikrindəyəm.
Müttəfiqlik, tərəfdaşlıq önəmlidir. Ancaq ən önəmli məsələ dövlətin özünün güclü olması, öz gücünə arxayın olmasıdır. Bunu dünyada baş verən proseslər də göstərir. Öncə öz əsgərinə, öz orduna güvənməlisən. Hazırkı dünyada dövlətlərin varlığı orduların gücünə, döyüş qabiliyyətinə bağlıdır. Ola bilsin kimsə deyəcək ki, bu həmişə belədir. Razı deyiləm. Uzaq yox, Rusiya Ukrayna müharibəsinə qədər avropalıların ən sonuncu düşündüyü məsələ ordu idi. Onların indiki məqamda necə əl-ayağa düşdüyünü, tələsik addımlar atdığının şahidiyik.
Azərbaycan ordusu kifayət qədər güclüdür. Ancaq İran-İsrail toqquşması və dünyada gedən proseslər onu deməyə əsas verir ki, daha da güclü olmaq məcburiyyətindədir. Üçüncü Dünya Müharibəsi ifadəsi dünya liderlərinin dilindən düşmür. Proseslər də göstərir ki, dünya böyük müharibəyə doğru gedir. Bu müharibə çox az sayda dövlət bitərəf qala biləcək. Yerləşdiyimiz coğrafiya bitərəfliyi bu region üçün keçərli edəcək-etməyəcək bunu yaşayıb görəcəyik. Ancaq ən pis variantı belə düşünməliyik.
Ordu dünən də, bu gün də üstündə əsiləsi sahədir. Azərbaycan ordusunun bütün mənsublarını, orduda xidmət etmiş bütün nəfərlərini təbrik edirəm. Şəhidlərə rəhmət, veteranlara can sağlığı diləyərim! Gününüz mübarək!