AZ

"Qarabağ" bu mərhələni keçmək potensialına malikdir - AÇIQLAMA

“Qarabağ” avrokubokların 2-ci təsnifat mərhələsində “Şelburn” və ya “Linfild”lə qarşılaşa bilər. Təcrübəli təmsilçimiz üçün bu mərhələlər tanış olsa da, hər mövsüm yeni sınaqlar gətirir. Yeni transferlər, ilk oyunun harada keçiriləcəyi və beynəlxalq təcrübənin rolu bu qarşılaşmanın taleyinə təsir edə bilər. Rəqiblərin gücü və komandanın hazırkı durumu isə əsas müzakirə mövzusudur.

Mövzu barədə 90deqiqe.Az saytına idman jurnalisti Natiq Muxtarlı danışıb:

"Avropa futbolunda rəqabət güclənir. Hazırda Avropa futbolunda klub səviyyəsində "zəif rəqib" anlayışı demək olar ki, mövcud deyil. Əgər "top 5" liqalardan olan komandaları kənara qoysaq, qalan klubların demək olar ki, hamısı bir-biri ilə rəqabət apara biləcək gücdədir. Hətta Ermənistan, Lüksemburq, Şimali İrlandiya kimi ölkələrin komandaları da avrokubokların qrup mərhələsinə yüksəlirlər. Bu da onu göstərir ki, Avropa futbolunda inkişaf sürətlidir, halbuki Azərbaycan futbolu bu dinamikanın bir qədər gerisində qalır.

"Qarabağ"ın illərlə avrokuboklarda oynayıb qrup mərhələsində çıxış etməsi sayəsində indi rəqiblər bizə zəif görünə bilər. Amma bu, onların doğrudan da zəif olduğu anlamına gəlmir. Əksinə, həmin klublar bizim digər təmsilçilərimiz üçün çətin rəqib sayılır. Qurban Qurbanovun da dəfələrlə vurğuladığı kimi, Avropa futbolu ilə bizim futbol arasındakı uçurum böyüyür.

"Qarabağ" təcrübəsinə güvənə bilər, bu onlar üçün böyük üstünlükdür. Amma yeni transferlərdən dərhal liderlik gözləmək real deyil. Komandaya uyğunlaşmaq üçün vaxt tələb olunur və "Qarabağ"da bu proses adətən 3-6 ay çəkir. Həmçinin, səfərdə ilk oyunun keçirilməsi "Qarabağ"a rəqibi daha yaxından tanımaq baxımından üstünlük verə bilər.

"Qarabağ" bu mərhələni keçmək potensialına malikdir, lakin hər oyuna ciddi yanaşmaq, rəqibi kiçik görməmək vacibdir. Təcrübə və səfər üstünlüyü nəzərə alınsa, növbəti mərhələyə çıxmaq şansı yüksək görünür. Ancaq rəqiblərin də asan təslim olmayacağı aydındır və "Qarabağ" üçün bu mövsüm də sınaqlarla dolu olacaq.."

Fəxriyyə Adil

Seçilən
18
90deqiqe.az

1Mənbələr