"Ötən gecə baş verən yanğın hadisəsində "Azərbaycanfilm" kinostudiyasının binası zərər görməyib, xəsarət alan yoxdur".
News24.az xəbər verir ki, bu barədə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası məlumat yayıb.
Qeyd olunub ki, iyunun 26-da Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddət istifadə olunmayan anbarda baş verən partlayışla bağlı hadisə yerində Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları işləyirlər, hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir.
"Mədəniyyət, Fövqəladə Hallar nazirlikləri və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunublar. Hadisə ilə bağlı araşdırmalardan sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.
Kinostudiya gündəlik fəaliyyətini davam etdirir. Pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır. Hazırda rejissor Vaqif Mustafayevin "Molla Nəsrəddin - çətin günlərimin dostu" filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur. Bu film ortaq türk mədəniyyətinə xidmət edir. Layihədə beş türkdilli ölkə (Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan) iştirak edir.
Çəkilişə hazırlıqları gedən növbəti layihə rejissor Elxan Cəfərovun ekranlaşdırdığı uşaq filmidir. Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir. Eyni zamanda, kinostudiyanın otaqlarında filmin kastinqi, kiçik pavilyonda isə dekorasiyaların qurulması həyata keçirilir. Filmin çəkilişlərinə isə avqust ayında start veriləcək.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası yerli və xarici istehsalçı şirkətlər üçün əməkdaşlığa açıqdır", - məlumatda vurğulanır.