London, 28 iyun, AZƏRTAC
Avropa İttifaqının (Aİ) rəsmi tədqiqat sənədində bildirilib ki, Böyük Britaniyada miqrasiya böhranının əsas səbəbi “Brexit”dir.
AZƏRTAC “Telegraph”a istinadla xəbər verir ki, Avropa Parlamentinin tədqiqat xidməti tərəfindən “Brexit” paradoksu: Aİ-dən çıxmaq miqrasiyanı necə artırdı?” adlı hesabat hazırlanıb.
Sənəddə qeyd olunub ki, Birləşmiş Krallıq Aİ-də qalsaydı, hökumətlər qanunsuz miqrasiyanı, xüsusilə də Avropadan kiçik qayıqlarla gələnləri daha effektiv şəkildə nəzarətdə saxlaya bilərdi. Həmçinin bildirilib ki, post-“Brexit” dövründə miqrasiya qanunlarının liberallaşdırılması səbəbindən Britaniyada miqrasiya göstəricisi 2023-cü ildə 906 min nəfərə yüksəlib.
“Miqrasiya ilə bağlı narahatlıqlar bir çox britaniyalını Aİ-dən çıxmağa səsverməyə vadar etdi. Bununla da ölkə Aİ-dən çıxdıqdan sonra daha çox miqrant cəlb edib”,- deyə sənədin müəllifləri vurğulayıb.
Bu sənəd Brüsselin miqrasiya məsələsində indiyədək ən sərt mövqelərindən biri kimi qiymətləndirilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London