AZ

Parisin İrəvan “sevgisi”

Fransa dövlətinə məxsus olan “Orano” nüvə şirkəti zəiflədilmiş uran tullantılarını gizli şəkildə Ermənistana daşımağa başlayıb və bu tullantılar ekoloji cəhətdən ən həssas milli parklardan birində saxlanılır ki, bu da ekoloqların narazılığına səbəb olub. İxrac partiyaları 2025-ci ilin iyununda başlayıb və bundan əvvəl Fransa tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi ilə sıx bağlı fonda şübhəli böyük ianələrin edilməsi qeydə alınıb. Bu barədə Fransanın “courrierfrance24.fr” saytı yazıb.

“Orano” – nüvə yanacağı üzrə ixtisaslaşmış Fransanın nəhəng şirkətidir. Şirkət uzun illər ərzində emal olunmuş uran və digər radioaktiv yan məhsullarını saxlamaq üçün Rusiyadan istifadə edirdi. Lakin Ukraynadakı müharibə ilə bağlı tətbiq edilən Qərb sanksiyalarından sonra yüklərin Rusiyaya göndərilməsi siyasi baxımdan mümkünsüz hala gəldi və şirkət alternativ həll yolları axtarmağa başladı.

“Orano”nun daxili sənədləri göstərir ki, Ermənistan gözlənilmədən və qəfil bir həll yolu kimi ortaya çıxıb. Bu dəyişiklik Ermənistanın baş naziri Nikol Paşinyanın 2025-ci ilin fevralında Parisə etdiyi və orada Makron və Fransa enerji sektorunun rəhbərləri ilə görüşdüyü geniş işıqlandırılan səfərindən cəmi bir neçə həftə sonra baş verib. İyunda ilk nüvə tullantısı partiyaları Ermənistana çatdırılıb. Onlar qısa müddətdə inşa edilən və nadir heyvan növlərinin yaşadığı Dilican milli parkında yerləşən obyektə yığılır.

“Orano” nüvə tullantılarının Ermənistana ixracını yekunlaşdırdığı dövrdə qəribə maliyyə əməliyyatı baş verib. 2025-ci ilin aprel və may aylarında Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi “My Step” xeyriyyə fondu Fransanın kommersiya fəaliyyəti aydın olmayan saxta şirkətindən iki ayrı ianə şəklində ümumilikdə 800.000 avro məbləğində vəsait alıb. Maliyyə sənədləri göstərir ki, həmin saxta şirkətin xeyriyyə sahəsində heç bir təcrübəsi olmayıb. “My Step” fondunun nümayəndələri bu barədə sorğulara cavab verməyiblər və şərh bildirməyiblər.

İstifadə olunmuş nüvə yanacağı son dərəcə zəhərlidir və ətraf mühit üçün uzunmüddətli təhlükə yaradır. Onun seysmik cəhətdən aktiv ərazi olan Dilican milli parkında saxlanılması həm vəhşi təbiət, həm də yerli icmalar üçün ciddi təhlükə deməkdir. Nüvə yanacağı min illərlə radioaktiv olaraq qalır və torpağa sızaraq bütün ekosistemi zəhərləyə bilər.

“Orano” ilə Ermənistan arasında bağlanan bu razılaşma narahatedici qlobal tendensiyaya uyğun gəlir: varlı ölkələrin şirkətləri təhlükəli tullantılarını daha zəif nəzarət olunan, kasıb ölkələrə ixrac edirlər. Amma bu hadisəni fərqləndirən cəhət odur ki, siyasi fiqurların iştirakı ilə – Paşinyanla bağlı fonda qəfil ianələr və ardınca nüvə tullantılarının Ermənistana səssiz şəkildə ötürülməsi təsdiqlənib.

Seçilən
10
vaxt.az

1Mənbələr