Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları iyunun 27-də səhər saat 5 radələrində Yekaterinburq şəhərində azərbaycanlılara məxsus 9 mənzilə basqın edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, əməliyyatçılar həmin evlərdən müəyyən əşyaları götürüb, vətəndaşlara işgəncə verib.
Nəticədə iki azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib. İyunun 28-də səhər saatlarında daha bir soydaşımız - öldürülən Səfərov qardaşlarının əmisi oğlu Kamal Səfərov həbsxanada işgəncələrlə qətlə yetirilib.
Meyitlərin bazar ertəsi Bakıya göndəriləcəyi gözlənilir
Mənbənin məlumatına görə, Federal Təhlükəsizlik Xidməti orada yaşayan azərbaycanlılara “istintaq gedir, heç bir məlumat verməyin” deyib hədə-qorxu gəlir.
“Meyitlərin Azərbaycana göndərilməsi ilə bağlı işlər başlayıb. Ehtimal ki, sabah iyunun 29-da meyitlər ailələrinə təhvil veriləcək, birinci gün mərhumların cənazəsi Bakıya göndəriləcək. Qətlə yetirilmiş Səfərov qardaşlarının kiçiyi - Hüseyn Azərbaycan vətəndaşı, böyük qardaşı Ziyəddin isə Rusiya vətəndaşıdır. Ümumilikdə 9 mənzilə basqın olub. Basqın zamanı qadınlara da işgəncə verilib” - mənbə bildirib.
Şəxslərin hamısı Ağdamın Mərzili kəndindəndir
Hadisənin səbəbi 24 il əvvəl baş vermiş qətllə əlaqələndirilib.
Mənbənin bildirdiyinə görə, bu şəxslərin hamısı Ağdamın Mərzili kəndindəndir. Bunların kafesində o vaxt qətl hadisəsi olub. Üstündən 24 il keçəndən sonra, məhz indi bu şəxslərin evinə basqın edərək işgəncə verib onlardan qətli etiraf etmələrini tələb ediblər. Qardaşlar cinayəti üstlərinə götürmədikləri üçün işgəncəyə məruz qalıblar. Hazırda 9 nəfər polisdə saxlanılır.
Xəsarət alanlardan üç nəfər travmatologiya xəstəxanasındadır.
Əldə etdiyimiz digər xəbərə görə, 2001-ci ildə həmin kafedə öldürülən şəxs də Ağdam rayonundan olan azərbaycanlıymış.