AZ

AYB katibi Yekaterinburq hadisələri ilə bağlı Rusiyadakı həmkarlarına müraciət etdi

BAKI, 28 iyun. TELEQRAF

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Rusiyanın ədəbiyyat və mədəniyyət nümayəndələrinə müraciət edib.

Teleqraf xəbər verir ki, müraciət Rusiya Yazıçılar və Nəşriyyatçılar İttifaqları Assosiasiyasının sədri, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı Sergey Şargunova, Tatarıstanın Xalq şairi, Tatarıstan Yazıçılar İttifaqının sədri Rəqil Zəydullaya və digər ədəbi qurum rəhbərlərinə ünvanlanıb.

Mübarciətdə deyilir: "Dünən Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanları (bəzi mənbələrin məlumatına görə, SOBR, FSB, OMON, polis) tərəfindən bir əməliyyat keçirildi. Əslində bu, basqın və hücum idi. Nəticədə təxminən 50 azərbaycanlı saxlanılıb. Rəsmi və qeyri-rəsmi mənbələrin məlumatına görə, bu əməliyyat guya 20-25 il əvvəl baş vermiş bir azərbaycanlının qətli ilə bağlıdır.

Məsələ ondadır ki, bu basqın əsasən Səfərovlar ailəsinin üzvlərinin evlərinə edilib. Saxlanılanlar arasında Ziyəddin Səfərov və Hüseyn Səfərov sonradan öldürülüblər, Bəkir Səfərov və bir neçə digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Təsdiqlənməmiş məlumatlara görə, bəzilərinin vəziyyəti olduqca ağırdır.

Hazırda öldürülən Səfərovlar ailəsinin üzvlərinin meyitləri ailələrinə təhvil verilmir. Ailə üzvlərinin və vəkillərin ağır yaralı və təcrid olunmuş şəxslərlə (Bəkir Səfərov, Ayaz Səfərov, Akif Səfərov, Məzahir Səfərov, Kamal Səfərov, Məhəmməd Səfərov və b.) görüşlərinə və əlaqə saxlamalarına imkan verilmir, onların sağlamlıq vəziyyəti ilə bağlı rəsmi məlumat yoxdur".

AYB katibi diqqəti bir məsələyə yönəltmək istədiyini bildirib:

"Mən Səfərovlar ailəsinin bir çox üzvü ilə şəxsən tanışam. Öldürülən Hüseyn və Ziyəddinin qardaşı Seyfəddin Hüseynli (Səfərov) ilə artıq 20 ildən çoxdur bir yerdə çalışıram. Seyfəddin Hüseynli tanınmış ədəbiyyatşünas, tərcüməçi, jurnalist, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, Azərbaycanın ən oxunaqlı və gündəlik nəşri olan “525-ci qəzet”in baş redaktor müavinidir, həmçinin rus nəsrinin tərcüməçisidir. Öldürülən Ziyəddin Səfərov dindar və son dərəcə nümunəvi bir insan idi, onun hər hansı bir cinayətdə iştirakını təsəvvür etmək belə absurd görünür.

Tutaq ki, bu əməliyyat doğrudan da bir azərbaycanlının illər öncə törədilmiş qətli ilə bağlıdır – bu halda belə, bu qədər insanın xüsusi əməliyyat vasitəsilə kütləvi şəkildə saxlanılması, iki nəfərin ehtimal olunan amansızlıqla öldürülməsi və digərlərinə ağır xəsarət yetirilməsi hüquqi baxımdan qeyri-məntiqi və əsassızdır. Əgər kimsə 25 il əvvəl baş vermiş bir cinayətdə şübhəli bilinirsə, onun hüquqi prosedurlara uyğun şəkildə saxlanılması üçün belə reydlərə ehtiyac varmı?"

Səlim Babulllaoğlu qeyd edib ki, azərbaycanlı ailəsinin başına Rusiya hüquq-mühafizə orqanlarının iştirakı ilə ağır bir faciə gətitirilib: "Mən əminəm ki, bu hadisə yalnız guya köhnə bir cinayətlə bağlı deyil. Aydındır ki, bu, Rusiyada azərbaycanlılara qarşı təzyiqlərin, milli zəmində münaqişələrin növbəti qanlı təzahürüdür. Belə hallarda bu şəxslərin Rusiya vətəndaşı olub-olmaması da nəzərə alınmır – bu faciədə olduğu kimi. Şübhə yoxdur ki, bu məsələdə kimininsə biznes maraqları və ya milli-etnik düşmənçiliyi də mühüm rol oynayıb".

AYB katibi müraciətinin səbəblərini belə izah edib: "Azərbaycan və İslam adətinə görə, dünyasını dəyişmiş şəxslərin tezliklə dəfn olunması zəruridir. Ziyəddin Səfərov və Hüseyn Səfərovun meyitlərinin (əgər Rusiya hüquq-mühafizə orqanları üçün ölümdən sonrakı ekspertiza vacibdirsə, 2-3 saat kifayətdir) ailələrinə verilməsində yardımçı olun. Əks halda, yəni meyitlərin ailəyə verilməməsi hüquq-mühafizə orqanlarının qəddarlığının və zorakılığın göstəricisi kimi qəbul ediləcək.

Ağır yaralı Bəkir Səfərovun və digər saxlanılanların sağlamlıq vəziyyəti ilə bağlı rəsmi məlumatın dərc olunması və ailə üzvləri ilə görüşlərinin, evə buraxılmalarının təmin olunmasında yardım edin.

Səfərovlar ailəsinin digər üzvlərinin təhlükəsizliyinin təmin olunmasına dəstək verin.

Sizin hər biriniz – tanınmış, nüfuzlu yazıçı, ictimai xadim, Rusiya Federasiyasının ədəbiyyat və mədəniyyətinin görkəmli nümayəndələrisiniz. Sizdən xahiş edirəm ki, bu azərbaycanlı ailənin faciəsinin dərinləşməməsi üçün şəxsi nüfuzunuzdan və imkanlarınızdan əsirgəməyəsiniz”.

Seçilən
17
50
teleqraf.com

10Mənbələr