AZ

“Rusiya 5 soydaşımızın qətlə yetirilməsi ilə bağlı ciddi cavab verməlidir...- Bu, bir millətin ləyaqət məsələsidir...”

Akif Nağı: “Azərbaycan dövləti bu cinayətə sərt cavab verməli, Azərbaycandakı Rusiya icması isə susmamalıdır...”
 
Azad Vətən Partiyasının sədri Akif Nağı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən beş azərbaycanlının qətlə yetirilməsi ilə bağlı Moderator.az-a geniş açıqlama verib. O, bu hadisəni təkcə kriminal yox, etnik və siyasi motivli cinayət kimi dəyərləndirib və bildirib ki, bu məsələyə həm dövlət, həm ictimaiyyət, həm də Azərbaycandakı rus icması səviyyəsində möhkəm və prinsipial münasibət göstərilməlidir.
 
Rusiya Azərbaycana qarşı qərəzli siyasət yürüdür...
 
Akif Nağının fikrincə, bu cür hadisələr Rusiyanın Azərbaycana qarşı illərdir apardığı ikili siyasətin və qərəzli münasibətin birbaşa nəticəsidir:
 
“Rusiya hakimiyyəti Azərbaycana qarşı açıq və ardıcıl şəkildə qərəzli davranır. Bu, sadəcə diplomatik səviyyədə deyil, hüquq-mühafizə orqanları və media vasitəsilə də həyata keçirilir. Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan siyasəti onları daim narahat edib. Fürsət düşdükcə ölkəmizə qarşı təzyiq, gözdənsalma cəhdləri, bəzən isə birbaşa təxribat xarakterli addımlar atılır.”
 
Sədr vurğulayıb ki, bu tək hadisə deyil. Keçmişdə də azərbaycanlılara qarşı təhqiramiz münasibətlər nümayiş etdirilib. O, xüsusilə 2013-cü ildə Moskvanın Biryulyovo rayonunda hansısa cinayətə görə saxlanılmış azərbaycanlı Orxan Zeynalovun saxlanılması zamanı onun Rusiya Daxili İşlər Naziri Vladimir Kolokoltsevin öz kabinetində kameralar qarşısında təhqir etmısini, ayağını onun boynuna qoyması və s. kimi təhqiramiz davranışını da xatırladıb.
 
“Cinayətdə şübhəli bilinən bir azərbaycanlını kameralar qarşısında alçaldaraq ayağını üstünə qoymaqla cəmiyyət qarşısında biabır etdilər. Bu, fərdi məsələ yox, bütün bir xalqı təhqir etmək idi. Heç bir qanun, hüquq prinsipi bu davranışı doğrulda bilməz.”
 
Azərbaycanın rəsmi mövqeyi sərt və prinsipial olmalıdır...
 
Akif Nağı hesab edir ki, Rusiya “FSB”-sinin azərbaycanlılara qarşı həyata keçirdiyi bu qanunsuz və qəddar əməliyyat Azərbaycan tərəfindən dövlət səviyyəsində rəsmi etirazla qarşılanmalı, məsələ beynəlxalq müstəviyə çıxarılmalıdır:
 
“Azərbaycan Xarici İşlər Nazirliyi də bir yumşaq bəyanatla kifayətlənməməli, dərhal Rusiyanın Bakıdakı səfirini çağırmalı, izahat tələb etməli və bu hadisənin obyektiv araşdırılması üçün rəsmi tələblər irəli sürməlidir. Rusiya Prezidenti səviyyəsində məsələ gündəmə gətirilməli,  cinayətə görə məsul şəxslər cəzalandırılmalıdır.”
 
Azərbaycandakı Rusiya icması da məsuliyyət daşıyır...
 
Akif Nağı həmçinin bildirib ki, Azərbaycanda on minlərlə rus əsilli vətəndaş sülh və rifah içində yaşayır, lakin bu gün onların öz hökumətinin azərbaycanlılara qarşı törətdiyi cinayətə qarşı mövqe bildirməməsi ciddi narahatlıq doğurur:
 
“Buradakı Rusiya icması artıq susmamalıdır. Onlar bu ölkədə yaşayır, bu xalqın suyunu içir, çörəyini yeyir. Belə bir cinayət hadisəsində ən azından mənəvi mövqe göstərməlidirlər. Rusiya səfirliyinə müraciət etməli, ölkələrinin azərbaycanlılara qarşı törətdiyi bu cinayətə etiraz bildirməlidirlər. Bu, həm humanistlik, həm vətəndaşlıq, həm də mənəvi borcdur.”
 
Sədr vurğulayıb ki, Rus icması ictimai kampaniyalara qoşulmalı, ictimaiyyət qarşısında bəyanatlar verməli, Azərbaycan dövlətinin və cəmiyyətinin narahatlığını paylaşmalıdır:
 
“Bir bəyanatla kifayətlənmək olmaz. Onlar getməlidirlər Rusiya səfirliyinə, qapıları döyməlidirlər. Bildirməlidirlər ki, biz bu hərəkətlərlə razı deyilik. Əgər burada sülh içində yaşamaq istəyirlərsə, Azərbaycanın da hüquq və milli ləyaqətinin qorunmasına hörmətlə yanaşmalıdırlar.”
 
Cəmiyyət, partiyalar və QHT-lər də səssiz qalmamalıdır
 
Akif Nağı Azərbaycan daxilində də bu məsələyə müxtəlif səviyyələrdə – siyasi partiyalar, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri tərəfindən aydın və prinsipial münasibət bildirilməsinin vacib olduğunu vurğulayıb:
 
“Kiminsə haqqını müdafiə edirsinizsə, o zaman bu gün Azərbaycan xalqının hüququ və ləyaqəti tapdananda da səsinizi çıxarmalısınız. Təəssüf ki, bəziləri bu hadisəni kiçiltməyə çalışır, məsələni siyasiləşdirməyin deyir. Amma burada millət və dövlət olaraq birliyimizi göstərməliyik.”
 
Təhlükəsizlik və hava məkanı məsələsi yenidən gündəmdədir
 
AzVP sədri əlavə edib ki, baş verən bu hadisə Azərbaycanın hava məkanı, sərhəd təhlükəsizliyi və milli aviadaşıyıcıların qorunması ilə bağlı məsələlərin də yenidən müzakirəyə çıxarılmasını zəruri edir:
 
“Rusiya bu məsələləri soyuqlaşdırmağa, gündəmdən çıxarmağa çalışır. Amma biz bu cinayət fonunda məsələləri yenidən beynəlxalq səviyyəyə çıxarmalıyıq. Rusiya Azərbaycana qarşı ardıcıl və sistemli şəkildə cinayətlər törədir və bu cinayətlərin cavabı verilməlidir.”
 
Sonda: “Bu, bir millətin ləyaqət məsələsidir”
 
Akif Nağı açıqlamasını belə tamamlayıb:
 
“Bu hadisə təkcə cinayət yox, milli heysiyyətə, Azərbaycan xalqının ləyaqətinə qarşı yönəlmiş təxribatdır. Bu məsələ dövlətin, cəmiyyətin və hər bir fərdin vicdan məsələsidir. Biz bunu cavabsız qoysaq, sabah daha betəri baş verər. Rusiyanın qarşısında vahid cəbhə kimi dayanmalı, bu cinayətə layiqli cavab verməliyik.”
 
Sultan Laçın
 
Seçilən
10
50
moderator.az

10Mənbələr