İngiltərə futbolunun əfsanəsi, keçmiş yarımmüdafiəçi Devid Bekhem 22 il öncə aldığı zədə səbəbilə cərrahi əməliyyat edilib.
Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, 50 yaşlı Bekhem biləyindən vintin çıxarılmasına görə cərrah bıçağı altına uzanmalı olub.
Bekhem müvafiq zədəni 2003-cü ilin may ayında, İngiltərə yığmasının Cənubi Afrika Respublikası yığması ilə beynəlxalq yoldaşlıq oyununda (2:1) alıb. O vaxt Devid biləyini sındırmışdı. Bekhem o vaxtdan bəri ağrılıar hiss edir və rahatsızlıq yaşayırdı.
Bir müddət əvvəl aparılmış müayinə göstərib ki, Devidin biləyində, əvvəlcədən əriyib sovrulması nəzərdə tutulmuş vint qalıb. Amam bu vint sovrulmayıb və vaxt ötdükdcə Bekhemin şiddətlənən ağrılar yaşamasına səbəb olub. Ağrılar dözülməz həddə çatdıqda isə Devid həkimlərə müraciət edərək, müainədən keçib və təcili cərrahi əməliyyat edilib.
Hazırda Bekhemin vəziyyətinin qənaətbəxş olduğu məlumdur.
Devid Bekhem “Mançester Yunayted”in məzunudur. Futbolçu karyerası ərzində Bekhem “qırmızı şeytanlar”ın heyətində parlayıb, eləcə də “Preston Nort End”, “Real”, “Los-Anceles Qelaksi”, “Milan” və PSJ-də oynayıb.
Devid Bekhem 1996-cı ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 115 oyuna 17 qol və 42 məhsuldar ötürmə ilə fərqlənib.
Futbolçu ikən Bekhem müxtəlif qənimətlər və fərdi uğurlara müvəffəq olub, eləcə də futbolun pop mədəniyyəti ilə bir araya gəlməsində əsas simaya çevrilib. Müvafiq cərəyan hazırda da davam edir və müasir futbolçuların da “Bekhem yolu”nu getməsinə səbəb olur. Söhbət dəbdəbə və cazibədar həyat tərzindən gedir.
Futbolçu karyerasını başa vurduqdan sonra Bekhem futbolda kommersiya fəaliyyətinə baş vurub, hazırda isə “İnter Mayami”nin həmsahibidir.