AZ

Ad gününüz mübarək, cənab NAZİR!

…Ötən əsrin 90-93-cü illərində Azərbaycanda dərəbəylik hökm sürürdü. Həmin dövrdə cinayətkar ünsürlər fəallaşaraq, qorxunc bir qüvvəyə çevrilmişdilər.

İstədikləri adamı öldürür, iş adamlarını, imkanlıları talan edir, adam oğurluğuyla məşğul olurdular. Əhali qorxu altında yaşayırdı. Ölkədə reket dəstələri at oynadır, ölkə qanunlarını tanımaq istəmirdilər. Acı olsa da, bir həqiqəti də söyləmək istəyirəm- vəziyyət o həddə gəlib çatmışdı ki, bəzi rekertlər hətta gözəl xanımları “oğurlayıb” namusuna sataşırdılar. Yaxşı yadımdadır, o vaxt reketlər Sumqayıtda müəssisə rəhbərlərinin başına silah dirəyir, tələblərini həyata keçirtdirirdilər. Avtomobil dayanacaqlarına girib, təzə avtomobilləri götürüb aparırdılar. Güc strukturlarından çəkinməyən bu adamlar açıq-aşkar özləri ilə silah gəzdirir, şəhərdə tez-tez atəş açırdılar. Dərəbəylik o səviyyəyə çatmışdı ki, bir çox iş adamları “cangüdən” adı altında silahlı dəstə saxlayırdı. Necə deyərlər, ölkə başdan ayağa “Xorasan bazarına” çevrilmişdi. Məgər birdir, ikidir belə faktlar? Sadalasam, gərək söhbətimi ancaq bu mövzuya həsr edəm. Amma nə yaxşı ki, sonda hakimiyyətə Heydər Əlirza oğlu Əliyev gəldi və bununla da cinayətkar ünsürlər qısa zamanda zərərsizləşdirilib sıradan çıxarıldılar…

Nə isə, keçək mətləbə. Axı, məqsədim başqadır. Bu gün sizə iyunun 28-də 57 yaşını qeyd edəcək, ölkəmizin Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovdan danışmaq istəyirəm. İstəyirəm ki, bu söhbətim onun ad gününə sıravi bir vətəndaşdan hədiyyə olsun…

XXX

“Onu uşaqlıq illərindən tanıyıram. Bir kənddə böyümüşük. Yaxından tanıyanlar bilirlər ki, o, mərd və öz mövqeyi olan bir şəxsdir. İnsanlara münasibətdə həmişə xeyirxah olmağa çalışıb. Bu gün onu sərt bir insan kimi xarakterizə edənlər unudurlar ki, güc strukturunda çalışmaq, ona rəhbərlik etmək insandan ciddi olmağı, cəsarət və sərtlik tələb edir. Bu işdə sərt olmasan ciddi nizam-intizam yaratmaq olmaz.”- bu sözləri özündən üç yaş böyük həmkəndlisi–Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev söyləyir…

Vilayət Eyvazov 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində dünyaya gəlib. Əbrəqunus Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Arxeoloqların Əbrəqunusda aşkar etdiyi maddi-mədəniyyət nümunələri kəndin tarixinin qədim dövrlərə aid olduğunu sübut edir.Tədiqatlar zamanı Əbrəqunus ərazisindən qədim dövrə, o cümlədən orta əsrlərə aid edilən xeyli sayda abidələr aşkar edilib ki, bu abidələr də, əsasən, qoç heykəlləri və qəbirüstü abidələrdir. Qeyd edilən abidələrin vaxtilə Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası və Qaraqoyunlu dövlətlərinə aid olduqları qeyd edilir. Qədim və orta əsrlərdə Əlincə qalası və ətraf ərazilərə gedən yol Əbrəqunusdan keçirdi. Bir sözlə, Əbrəqunus XIV əsrin 80-90-cı illərində Azərbaycan xalqının Əmir Teymura qarşı apardığı mübarizənin və digər tarixi hadisələrin şahidi olub...

 XXX

Vilayət Eyvazov 1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlasa da, sonradan polis akademiyasını fərqlənmə diplomu ilə bitirərək müxtəlif vəzifələrdə çalışıb. 20 iyun 2019-cu ildən Azərbaycan Respublikasının daxili işlər naziridir…

 Qüdrət Həsənquliyev sözlərini davam etdirərək, fikrini belə tamamlayır:- “Vilayət Eyvazov nazir təyin olunanda demişdim ki, qanunu pozanlar, yaxud belə niyyətdə olanlar ciddi düşənməli olacaqlar. Bəli, onun sərtliyi cinayətkarlar arasında qorxu yaradır və yaratmalıdır da. Bu gün ölkədə ədalət mühakiməsini öz üzərinə götürən, vətəndaşları, iş adamlarını qorxudub lərzəyə salan, onlardan pul tələb edən, adam oğurlayan, vəzifəli şəxsləri təhdid etməklə bu və ya digər qanunsuzluqlara vadar edən cinayətkar qruplar yoxdursa, bu onun öz vəzifəsinin öhdəsindən gəldiyinin göstəricisidir…”

 Doğrudur, daxili işlər orqanlarında da yarıtmaz adamlar var, amma bu o demək deyil ki, bu qurumun işi ümumilikdə yarıtmazdır. Polis kimdir?- o da bizim böyük ailənin bir üzvü, kiminsə qardaşı, atası, əmisi, dayısı. Onun da ana-atası, qardaş-bacısı var. Əgər hər hansı bir polis nəfəri ANAya əl qaldırırsa, demək onun tərbiyəsi qüsurludur və bu polisin yox, cəmiyyətin günahıdır. ANAnı müqəddəs bilən xalq, heç bir halda ona əl qaldırmaz. İstərsə alim olsun, istərsə cinayətkar, istərsə də polis. Bir polis nəfərinin tərbiyəsizliyinə görə, bütöv bir strukturun fəaliyyətini şübhə altına almaq olmaz...

XXX

…ABŞ-da yaşayanda fərdi avtomobilimin iki dəfə şüşəsini sındıraraq oğurluq etmişdilər. Polisə müraciət etsəm də heç bir ölçü götürülmədi, şikayətim cavabsız qaldı. Və inanın ki, dünyanın bir nömrəli ölkəsində də buna bənzər hadisələr çox olur. Amma bizdə polis öz çevikliyini qoruyub saxlamaqdadır. Məhz polisin böyük zəhməti hesabına sakit, əminaman bir ölkədə yaşayırıq…

Uzun müddət daxili işlər orqanlarında çalışan, hazırda hüquq müdafiəçisi kimi fəaliyyət göstərən bir sabiq polis polkovniki Vilayət Eyvazov haqqında söyləyir:- “Tale elə gətirib ki, onu xidmətə başladığı ilk illərdən tanımışam. Daxili İşlər Nazirliyində işlədiyim müddətdə ümumi tanışlığımız olsa da, hüquq müdafiəçisi kimi fəaliyyətə başlayandan sonra, onunla daha sıx münasibətdə olmuşam. Xüsusilə o, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator təyin olunandan sonra, onunla insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT rəhbəri kimi mütəmadi təmasda olmuşam. İnsan alveri və məcburi əmək kimi cinayət faktları haqqında göndərdiyim bütün məlumatlara dərhal reaksiyasını hiss etmişəm. Onun dəstəyi ilə yüzlərlə potensial insan alveri qurbanı hesab edilən sənədsiz kompensasiyaların alınmasına, onlar üçün sığınacaqların yaradılmasına nail olunub. DİN-nin bu sahədə fəaliyyət göstərən hər bir QHT-nin üzünə acıq olması da təbii ki, milli koordinator kimi onun fəaliyyəti ilə bağlı olub. Bundan başqa bu sahədə fəaliyyət göstərən QHT-lər arasında məhz onun təşəbbüsü ilə həvəsləndirmə tədbirləri keçirilib. Bir vaxtlar onun dəstəyi ilə Azərbaycanda insan alverinə qarşı mübarizə aylığı, həftəliyi və ya günü kimi xüsusi tədbirlər keçirilib. Siyasi baxışlarından asılı olmayaraq, QHT-lərin tədbirlərində iştirak edib. Xaricdə çətin vəziyyətdə olan, vətənə qayıtmaq imkanı olmayan neçə-neçə soydaşımızın Azərbaycana qayıtmasına, əcnəbilərin isə öz vətənlərinə qaytarılmasına təşəbbüs göstərən QHT-lərin fəaliyyətinə dəstək verib. O, nazir olandan sonra da davamlı olaraq öz üzərində işləyən, mütaliə edən və bir neçə xarici dil öyrənən məmurlardan biridir. Bu bir həqiqətdir ki, son illərdə büdcənin talan olunmasında və diğər korrupsiya olaylarında onun adına rast gəlinməyib. Onun iş üslubuna, təşkilatçılıq qabliyyətinə bələd olan birisi kimi deyirəm– Vilayət Eyvazov Avropa təcrübəsini öyrənməklə daxili işlər orqanlarında islahatlar apararaq Azərbaycan polisinin nüfuzunun yüksəlməsinə nail olacaq. Bunun üçün isə hər kəs bir vətəndaş kimi əlindən gələn köməyi əsirgəməməlidir.”

 Bəli, general polkovnik Vilayət Eyvazov yerində olan nazirlərdəndir. Daxili işlər orqanlarının püxtələşməsində böyük işlər görür. İnanıram ki, onun rəhbərliyi altında Azərbaycan polisinin xidməti fəaliyyəti daha da yüksələcək və “Azərbaycan polisi” deyiləndə, göz önündə dünyanın ən qüsursuz POLİSİ canlanacaq…

Elədir, iyunun 28-də Vilayət Eyvazovun 57 yaşı tamam olur. Ona möhkəm can sağlığı, uzun ömür, yeni-yeni nailiyyətlər arzulayıram…

 Elman Eldaroğlu

Seçilən
24
50
adalet.az

10Mənbələr