“Siyavuş Aslanın ölüm günü indiyə qədər gözümün önündədir. Onu unuda bilmirəm. Siyavuş haqda danışmaq mənim borcumdur. Onun kimi nəhəng aktyorları, sənətkarları zaman bir də yetirməyəcək. O tərəf müqabili kimi çox güclü, əvəzsiz, möhtəşəm idi. Biz öncə Akademik Musiqili Teatrında, sonra isə Akademik Milli Dram Teatrında çalışmışıq. Əksər rollarda həyat yoldaşını oynayırdım. Bizim ər-arvad tandemimiz yaxşı alınırdı. Didişmişik də, küsüşmüşük də, barışmışıq da. Amma Siyavuş çox yaxşı insan idi. Ən əsası kinsiz idi. AZDRAMA-ya getməyimin səbəblərindən biri də məhz Siyavuş olub”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib. O daha sonra birlikdə tərəf müqabili olduğu tamaşalardan danışıb:
“Bizim “Dəlilər və ağıllılar” adlı tamaşamız var idi. Biz bu tamaşanı 10 il birlikdə oynadıq. Sonra Siyavuş dedi ki, mən daha oynamıram. Ondan sonra bu rolu Elxan Ağahüseynoğlu ilə birlikdə oynadım. Siyavuş xalqın içində olan sənətkar idi. Bulvarda bir çayxana var idi. Hər kəs elə bilirdi ki, həmin çayxana onundur. Çünki bütün aktyor və rejissorlar ora yığışırdı. Biz indi o qədər az qalmışıq ki.. Sağa baxıram tərəf müqabilimi görmürəm, sola baxıram dostlarımı... Yaxşı ki, teatrda çalışmıram. Çünki bir zamanlar həmin sənətkarlarla çiyin-çiyinə çalışdığım səhnəyə onlarsız çıxmaq mənim üçün böyük dərd olardı” deyə aktrisa bildirib.
Sevimli aktrisa bildirib ki, Siyavuş Aslan həm də böyük improvizə aktyoru olub:
“Ah, Paris, Paris” tamaşası var idi. Rejissor Azər Paşa Nemətov idi. Mən rolumu aldım, 4-5 cümlə ancaq olardı. Fikirləşirdim ki, Siyavuş improvizə aktyorudur, 4-5 cümlə ilə kifayətlənən deyil. Biz səhnəyə çıxanda camaat gülməkdən qırılırdı. 6 ay teatra gələ bilmədim. Paralic keçirmişdim. Teatrdan rəhbərlikdən zəng edib halımı soruşurdular. Birdən Siyavuş telefonu əlinə götürüb dedi ki, gəl çıx da, mən sənsiz oynaya bilmirəm. Dedim ki, onda axşam gəlirəm. Axşam da “Ah, Paris, Paris” tamaşası var idi. Teatra getdim. Məni qucaqlayıb öpdü, gözləri yaşardı. İnanın səhnəyə çıxanda tamaşaçılar o qədər alqışladılar ki.. Elə səhnədə, tamaşanın içində Siyavuş dedi ki, bu alqışlar sənə görədir. İmprovizə bacarığı yüksək idi. Son illər Siyavuş tamaşaların sözlərini yaddan çıxarırdı. Sonuncu replikanı mənə verirdi. Təzədən qayıdırdıq əvvələ, ortaya. Heç hiss olunmurdu ki, tamaşanın hansı yeridir” deyə sənətkar bildirib.