İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatının qalibi olan sərbəst güləş üzrə Azərbaycan milli komandası vətənə qayıdıb.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 2 qızıl, 4 gümüş və 1 bürünc medalla komanda hesabında çempion olan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

Tədbir zamanı baş məşqçi və Avropa çempionatında fəxri kürsüyə yüksələn idmançılar ürək sözlərini bildiriblər.

Namiq Quliyev, böyük məşqçi:

"İtaliyada bu günə qədər olan ən böyük nəticəni əldə etdik. 6 finalçımız oldu, 4 idmançımız bürünc medal üçün güləşdi. Komandanın çıxışından razıyam. Orda yaranan problemləri də federasiyamız dərhal aradan götürdü. Heç bir çətinlik çəkmədik və bunun da nəticəsi olaraq, belə qələbə qazandıq. Qələbənin əsas səbəbi federasiyanın diqqət və qayğısının yüksək səviyyədə olmasıdır. Xaçmazda və Mərdəkanda keçirilən təlim-məşq toplantıları yarışda uğur qazanmağımıza böyük təkan verdi. Bu yolda məşqçilərimiz - Elşad Allaverdiyev, Xəqan Süleymanov və Emin Əzizov çox böyük fədakarlıq etdilər. Bu qələbəmizi Silahlı Qüvvələrimizə həsr edirik".

Hüseyn Rzazadə, Avropa çempionu:

"Bu yarışa çox güclü hazırlaşmışdım. Yüksək səviyyədə keçirilən təlim-məşq toplantılarında iştirak etdik. İnşallah, Azərbaycana qızıl medallar gətirməyə davam edəcəyəm".

Elgün Kərimli, Avropa çempionu:

"Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. Bu uğurumu müəllimimə borcluyam. Bu, başlanğıcdır. Gələcəkdə daha yaxşı nəticələrlə qarşınızda olmağa çalışacağam. Qələbəmi şəhidlərimizə həsr edirəm. Finala böyük məşqçimiz Namiq Quliyevlə yaxşı hazırlaşmışdım. Rəqibim güclü olmasına baxmayaraq, müəllim məni həvəsləndirdi. Dedi ki, sən udacaqsan. Şükürlər olsun ki, elə də oldu. Başlanğıcda səhvlər olmasına baxmayaraq, özümü itirmədim. Motivasiyamı yüksək tutdum. Çalışdım və ikinci hissədə qalib gəldim".

Cavanşir Süleymanov, Avropa ikincisi:

"Bu medal qızıl da ola bilərdi. Amma bir az yaş və təcrübə azlığı sözünü dedi. İnşallah, gələn il qızıl medalla qayıdacağıma söz verirəm. Həm şəxsi məşqçim, həm də atam olan Xəqan Süleymanova, millinin bütün məşqçilərinə və Güləş Federasiyasına təşəkkürümü bildirirəm".

İbrahim Həsənov, Avropa ikincisi:

"Ötən il çempion olmuşdum. Bu dəfə ikinci yeri tutdum. Buna da şükür, medalsız qalmadım. Bəzi səhvlərə görə, tələsməyimə görə finalda məğlub oldum. İnşallah, söz verirəm ki, gələn il çempion olacağam. Ailəmə və şəxsi məşqçim Rauf Xəlilova təşəkkürümü bildirirəm".

Əkbər Əsgərov, Avropa ikincisi:

"Bu yarış mənim üçün çox önəmli idi. Çempion ola bilərdim. Müəyyən səhvlərə görə qızıl medalı əldə verdim. Gələcək yarışlara köklənəcəyik. Gələn il Bakıda U17 dünya çempionatı keçirilə bilər. İnşallah, Azərbaycan bayrağını vətənimizdə qaldırarıq. Şəxsi məşqçim Pərviz İbrahimova, yığmanın məşqçilərinə və ailəmə təşəkkür edirəm".

Məhəmməd Həsənli, Avropa ikincisi:

"Gümüşü qızılla əvəz edə bilərdim. Amma müəyyən texniki səhvlərə görə məğlub oldum. İnşallah, gələn il vətənə qızıl medalla qayıdacağam".

Xəyal Şükürlü, Avropa üçüncüsü:

"Şükürlər olsun ki, Avropa üçüncüsü oldum. Gələn il Avropa çempionu olmaq üçün daha çox çalışacağam. Üçüncü yer uğrunda görüşdə erməni rəqibimə qalib gəldim. İlk hissədə 0:4 geriyə düşsəm də, ikinci hissədə məşqçilərimizin verdiyi motivasiya sayəsində 7:4 hesabıyla qalib gəldim. Bu rəqibimi bu il ikinci dəfə məğlub etdim".