“Los Anceles”in fransız mərkəz hücumçusu Olivye Jiru Amerika Birləşmiş Ştatları klubu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
MLS təmsilçisi 38 yaşlı oyunçu ilə müqaviləni ləğv edib. Tərəflərin qarşılıqlı razılıq əsasında yollarını ayırdığı bildirilir.
Xatırladaq ki, fransız futbolçunun MLS klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə idi.
Jirunun yaxında Fransanın “Lill” klubuna keçəcəyinə dair xəbərlər də yayılıb.
Olivye Jiru futbolçu karyerası ərzində “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi” və “Milan”da çıxış edib. Jirunun futbolçu karyerasının böyük hissəsi məhz “Arsenal”da keçib.
Jiru “Los Anceles”ə 2024-cü ilin iyul ayında “Milan”dan azad agent qismində tamhüquqlu əsasda qoşulub. Fransız forvard ABŞ klubunun heyətində 37 matça çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Jiru 2011-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heəytində 131 oyuna çıxıb, 57 qol vurub, 15 məhsuldar ötürmə verib. Jiru Fransa yığmasının ən sərrast futbolçusudur. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı veteran hücumçunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.