“Lill”in 38 yaşlı fransız mərkəz hücumçusu Olivye Jiru Avropa futboluna qayıdışı ilə bağlı qərarını əsaslandırıb.
Arena.az “RMC Sport” dərgisinə istinadən, veteran hücumçunun müvafiq açıqlamasını təqdim edir:
“Yaşıma rəğmən, özümü yaxşı hiss edirəm və həmişə də demişəm ki, bədənim mənə “dayan” deyincəyə qədər oynamaq istəyirəm. Odur ki, mən özümü fiziki cəhətdən yaxşı hiss etdikcə və məni hərəkətə gətirən əsasım, şövqüm olduqca, hiss edirəm ki, öz töhfəmi verə bilərəm. Özümün oyun səviyyəm və fiziki imkanlarımla bağlı qayğım yoxdur. Mən, bələd olduğum liqaya və tanıdığım komandaya qayıtmağa qərar verdim ki, düşünürəm, bu, mənə uyğun olacaq. MLS və oradakı oyun tərzi mənə çox da uyğun deyildi, ona görə də mən oyundan zövq almaq xatirinə və mənə daha uyğun olan komandaya keçməklə Avropaya qayıtmağa qərar verdim”, deyə Jiru vurğulayıb.
Xatırladaq ki, Jiru “Lill” ilə 1 illik – 2025/2026-cı illər mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Olivye Jiru futbolçu karyerası ərzində “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi” və “Milan”da çıxış edib. Jirunun futbolçu karyerasının böyük hissəsi məhz “Arsenal”da keçib.
Cari mövsümdə Jiru “Los-Anceles”in heyətində 38 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.
Olivye Jiru 2011-ci ilin noyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 131 oyun keçirib, 57 qol vurub, 15 məhsuldar ötürmə verib. Jiru Fransa yığmasının ən sərrast futbolçusudur. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı veteran hücumçunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.